Akif Əli: Bir mübahisə haqqında bir-neçə kəlmə...
“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevlə müğənni Tacir Şahmalıoğlunun söz duelinə qarışmaq istəmirəm. Çünki bu mənim mövzum deyil. Sadəcə bəzi məqamları hörmətli oxucularla bölüşmək istədim.
Tacir Şahmalıoğlunun uşaqkən həqiqətən qeyri-adi dərəcədə gözəl səslə, əsil virtuozcasına ifa etdiyi “Bayatı-Şiraz” fraqmenti artıq klassik ifa nümunəsinə çevrilib. Bu mübahisəsizdir.
Ancaq Tacir Şahmalıoğlu Murad Rzayevə cavab verərkən “Bayatı-Şiraz” haqqında belə deyir: “Mən bu improvizəni Betxovenin əsərindən ilhamlanıb etmişəm...” Burada anlaşılmır, "Bayatı-Şiraz"ın Bethovenlə nə əlaqəsi?! Axı, Bethovenin simfonik əsərləri tam başqa üslubda və başqa motivlərdə bəstələnmiş sənət inciləridir.
Düşünürəm, bəlkə adam Bax demək istəyirmiş? Nəyisə qarışdırır. Çünki Bethoven yox, məhz dahi alman bəstəkarı İohann Sebastian Bax 300 il əvvəl, XVIII əsrdə orqan üçün bəstələdiyi D-Minor Tokkatası eynilə bizim "Bayatı-Şiraz" ladında yazılmış əzəmətli musiqidir. Əsər çalınanda elə ilk notlardan dərhal “Bayatı-Şiraz” muğamı yada düşür. İ.S.Bax bizim muğamı harda eşidib, necə olub ki, ondan istifadə edib, yoxsa bu bir təsadüfdürmü, bu müəmmalar musiqişünasların araşdırma mövzusudur. Bu gün həmin əsər sənətsevərlərə yaxşı tanışdır. Hətta bu mövzuda telefilm də çəkilib.
Yeri gəlmişkən onu da deyim ki, mən AzTV-də “Gənclik” redaksiyasının Baş redaktoru olan vaxtlarda, “Aygün” Qızlar Klubunun növbəti verilişini biz 1985-ci ilin iyulunda Ağdamda çəkdik. Çəkilişlər üçün obyekt olaraq unikal “Ağdam Çörək Muzeyi”ni seçmişdik. Rayonun ziyalı qızlarını, tələbə-gənclərini və musiqi kollektivlərini verilişə dəvət etmişdik.
Ssenaridə məşhur “Qarabağ bülbülləri”nin ifasında mahnı da nəzərdə tutulmuşdu. Ansamblın bədii rəhbəri Murad Rzayevlə tanış olduq, məqsədimizi bildirdik və o çox böyük həvəslə ansamblın uşaqlarını çəkilişə gətirdi, onlarla məşq etdi, tapşırıqlar verdi, tam hazırladı. Nəticədə onun bacarıqla idarə etdiyi balaca “bülbüllər” füsunkar ifaları ilə verilişimizə rəng qatdılar.
O dövrdə “Qarabağ bülbülləri” məhz Murad Rzayevin adı ilə bağlı idi və onun zəhməti sayəsində ansambl inkişaf edib məşhurlaşmışdı. Məncə adamın zəhmətini itirmək olmaz. Böyük Azərbaycan şairi Şəhriyarın müdrik misraları yada düşür:
“Heydərbaba, igid əmək itirməz...”
Hər iki sənətkara uğurlar arzusu ilə
Akif ƏLİ