BEŞ GÜNLÜK DÜNYA
Qəflətdən uzaq olaq,
Ömür qısa,sal yada,
Gəlin gözəl yaşayaq,
Bu beş günlük dünyada.
Qəlb qırmayaq,şüşə tək,
Ev yıxmayaq,ev tikək,
Hər bir kəsə diləyək,
Heç olmasın dərd,qada,
Bu beş günlük dünyada.
Məhəbbətdən güc alaq,
Səadətlə qocalaq,
Qocaldıqca,ucalaq,
Fürsət vermədən bada,
Bu beş günlük dünyada.
Müşkülə çarə tapaq,
Doğru işə əl ataq,
İstərsək rahat yataq,
Kəfən adlı torbada,
Bu beş günlük dünyada.
* * *
Müəllifin digər şeirləri:
BİR OVUC SƏADƏT GƏZİRƏM.
Nəfsə qul olma gəl,tapılmır çözüm,
Bu qədər qəzəbə,kinə nə lüzum,
Saxta gülüşlərə qalmayıb dözüm,
Qəm-kədər başımın tükünün sanı,
Bir ovuc səadət gəzirəm,hanı?
Nə böyük bilinir,nə kiçik düzü,
Heç kimin heç kimə keçməyir sözü,
Qardaşı götürmür qardaşın gözü,
Həyat qanımızı edib it qanı,
Bir ovuc səadət gəzirəm, hanı?
Zəmanə dolanır dal-dala,geri,
Varmı dünyamızın salamat yeri?
Nə kefi-kef deyil,nə də ki şəri,
Necə sıxılmasın insanın canı?
Bir ovuc səadət gəzirəm,hanı?
Bu dünya əzəldən yumru bükülmüş,
Ayaqlar altında daim əzilmiş,
Hərlənib,fırlanıb oxu əyilmiş,
Bu gündən-sabaha yoxdur gümanı,
Bir ovuc səadət gəzirəm,hanı?
Şamil Aziz.
* * *
BU DÜNYADAN ÇOX MƏRHƏMƏT UMMA SƏN
Cilalayar zaman səni,il səni,
Kökdən salar,gah kökləyər zil səni,
Ha sevsən də,yeyəcəkdir bil səni,
Bu dünyadan çox mərhəmət umma sən.
Sadə yaşa, düşünmə gəl şan,ünü,
Bu günə bax,yada salma sən dünü,
Şükür eylə yaşadıqca hər günü,
Bu dünyadan çox mərhəmət umma sən.
Adəm oğlu bu dünyayla yarışma,
Ağlın varsa,pis işinə qarışma,
Demirəm ki,küs,onunla barışma,
Deyirəm ki,çox mərhəmət umma sən.
Şamil Aziz.