"Böyük Dəbilqə"nin üçüncüsü Elşən Əsədov reytinq cədvəlində 241 pillə irəliləyib
14-16 fevral günlərində Bakıda kişi və qadınlar arasında cüdo üzrə keçirilən reytinq xarakterli "Böyük Dəbilqə" turnirindən sonra İJF (Beynəlxalq Cüdo Federasiyası) tatami ustalarının yeni reytinq cədvəlini açıqlayıb. Sözügedən turnirin nəticəsindən asılı olaraq cədvəldə irəliləyən, geriləyən və yerində sayanlar da olub.
Qeyd edək ki, turnirə qatılmasa da öz əvvəlki mövqeyində qalanlar sırasında Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kosayev (100 kq) də var. Aktivində 7360 xalı olan Heydərov ən yaxın izləyicisi Tatsuki İsharani (Yaponiya, 4800 xal) 2560 xal geridə qoyub. 6112 xalla birinci pillədə qərarlaşan Kotsoyev isə ən yaxın təqibçisi olan kanadalı Şady Elmansi 868 xal qabaqlayır.
"BD"-dən sonra ən yüksək irəliləyən Elşən Əsədov (66 kq) olub. Turnirdə üçüncü yeri tutaraq həm bürünc medal, həm də 500 reytinq xalı toplayan Əsədov 241 pillə irəliləməklə Top-100-də 76-cı olub. Bu çəkidə tatamiyə çıxan digər cüdoçularımıza gəlincə, Ruslan Paşayev 1 pillə irəliləməklə 18-ci, Yaşar Nəcəfov 8 pillə geriləməklə 34-cü, Rəşad Yelkiyevsə bir pillə aşağı düşərək 35-ci olub.
60 kq-da Turan Bayramov iki pillə aşağı düşərək 17-ci olduğu, Balabəy Ağayev isə yerində saydığı (20-ci) halda, Bakı turnirində bürünc medal qazanan Əhməd Yusifov isə 8 pillə qalxaraq 24-cü yeri tutub.
Hidayət Heydərovun lideri olduğu 73 kq-da güləşən və Bakı turnirinin finalçısı olan Rəşid Məmmədəliyev daha üç pillə irəliləməklə 7-ci olub.
81 kq çəkidə mübarizə aparan cüdoçumuz Zelim Tckayev isə Bakı Dəbilqəsinin qalibi olaraq Top-10-dan 7-ci yerə yüksəlib. Həmin çəkidə tatamiyə çıxan və Bakı turnirində çıxışını bürünc medalın bir addımlığında başa vuran Ömər Rəcəbli isə 23-dən 22-yə qalxıb.
90 kq-da güləşən təmsilçilərimizdən Elcan Hacıyev 9-cu yerdə qalıb. Bu çəkidə Vüqar Talıbov 2 pillə irəliləməklə 15-ci, Murad Fətiyevsə 7 pillə aşağı düşərək 20-ci olub.
100 kq çəkidə tatamiyə çıxan digər təmsilçilərimizdən Əjdər Bağırov 12 pillə yüksələrək 41-ci yerə çıxıb.
+100 kq-da isə turniri medalsız bitirən Usandı Kokuari yerində saymaqla yenə də 11-ci olub. 4 pillə geriləyən Camal Qəmzatxanov 33-cü yerə düşüb. 13 pillə irəliləyən Kənan Nəsibovsa 47-ci olub.
Təəssüflər olsun ki, zərif cinsdən olan cüdoçularımızda vəziyyət heç də yaxşı deyil. 63, 70, 78 və +78 kq çəkidə isə heç Top-100- də yer alanımız yoxdur.
Qeyd: Bakı Dəbilqəsində hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı qazanıb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)