Amerikanın azərbaycanlı gəncləri dünya birliyini erməni təcavüzünün dayandırılmasına səsləyir -

Amerikanın azərbaycanlı gəncləri dünya birliyini erməni təcavüzünün dayandırılmasına səsləyir

Şimali Amerika Azərbaycanlı Gənclər Assosiasiyası Ermənistanın ölkəmizə qarşı apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb. Bəyanatda sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı təxribatı, iriçaplı pulemyotlar və snayperlərdən istifadə etməklə ordumuzun cəbhəboyu mövqelərini, eləcə də dinc sakinləri atəşə tutması, nəticədə xeyli sayda mülki şəxsin həlak olması, yaralanması, yaşayış evlərinə ciddi ziyan dəyməsi barədə məlumat verilir. Eyni zamanda, iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhəddini pozaraq Tovuz rayonuna təcavüzü, ordumuzun əsgər, zabit və yüksəkçinli hərbçilərinin qətlə yetirilməsi xatırladılır.



Bəyanatda həmçinin, BMT Təhlükəsizlik Şurasının “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” müvafiq qətnamələrinin qəbulundan təxminən 30 il ötməsinə baxmayaraq, hələ də icra olunmadığı təəssüflə yada salınır.



Amerikanın azərbaycanlı gəncləri dünya birliyini, beynəlxalq təşkilatları Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxması, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !