Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Qızılhacılı kəndindən -

Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Qızılhacılı kəndindən

 Ermənistan silahlı birləşmələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, düşmənin Goranboy rayonunun Qızılhacılı kəndini artilleriya atəşinə tutması nəticəsində bir neçə evə ciddi ziyan dəyib.

Çəkiliş qrupumuz ziyan dəymiş evlərdə olub, dağıntıları lentə alıb, sakinlərlə, zərərçəkmişlərlə söhbət edib.

Düşmənin atdığı raket zərbəsi nəticəsində evinə ciddi ziyan dəyən Gülnarə Hüseynova bildirib ki, hadisə baş verən vaxt evdə olmayıblar. Xoşbəxtlikdən xəsarət alan da olmayıb. “Ermənilərin atəşi nəticəsində evim dağılıb, yanğın baş verib. Qonşular, kənd sakinləri sağ olsunlar. Yanğının qarşısını dərhal alıblar. Düşmən xislətinə uyğun olaraq dinc sakinləri hədəf alır. Amma bu, bizi qorxutmur. Biz əsgərlərimizə, Prezidentimizə güvənirik. Allah onları qorusun. İnşallah, tezliklə Azərbaycan Ordusunun qələbə xəbərini eşidək".

Qarabağ veteranı, kənd sakini Xəlil Allahverdiyev deyib ki, ermənilər kəndlərimizi artilleriya atəşinə tutması ilə məqsədlərinə nail ola bilməyəcəklər: “Biz heç hara gedən deyilik. Bu torpaqlar bizimdir. Ordumuzun qabağında dura bilmirlər, qaçırlar. Ona görə də kəndlərimizi hədəf alırlar. Düşmən bilsin ki, Azərbaycan Ordusu torpaqlarımızı düşməndən təmizləyənə kimi onları məhv edəcək. Onlar Qarabağdan çıxmalıdırlar”.

Erməni əsgərlərinin döyüş zamanı texnikalarını, silah-sursatlarını, sənədlərini qoyub qaçdıqlarını söyləyən kənd sakini bildirib ki, düşmənin Azərbaycan əsgərinin qabağında dayanmaq hünəri yoxdur. “Biz ordumuza, Ali Baş Komandanımıza güvənirik. Bilirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə alınacaq. Kəndlərin, strateji yüksəkliklərin alınması ilə bağlı gələn xoş xəbərlər hər kəsdə olduğu kimi, bizdə də böyük ruh yüksəkliyi yaradıb. Heç kimi heç yana getməyib. Hamı öz evindədir. Onu bilirik ki, tezliklə torpaqlarımız erməni işğalından azad olunacaq", - deyə X.Allahverdiyev qeyd edib.

Qızılhacılı kənd sakini Aslan Əliyevin qızının evi də düşmənin ağır artilleriya atəşinin hədəfi olub. “Qızımın qonaqları var idi evdə. Uşaqlar da çöldə oynayırdılar. Birdən güclü partlayış səsi eşitdik. Tez uşaqları evə gətirdik. Amma körpə uşaq maşında qaldı. Həmin uşaq kürəyindən xəsarət alıb, evə ziyan dəyib. Budur erməni faşizmi. Biz onları Xocalıda törətdikləri soyqırımından tanıyırıq. Buna baxmayaraq, biz düşməndən qorxmuruq. Onların mənfur niyyəti həyata keçməyəcək. Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq. Rəşadətli ordumuz düşmənin cavabını layiqincə verir".

Yetmiş iki yaşlı Cəmil Eminov isə qeyd edib ki, dünən kəndə düşən raketlər sakinlərin əmlaklarına zərər vursa da, insanlar ordumuza güvənərək öz gündəlik işləri ilə məşğuldurlar: “Ordumuz bizi qoruyur. Bizim yanımızda güclü Prezidentimiz, Ali Baş Komandanımız, ordumuz var. Erməni bu müharibədə artıq məğlub duruma düşüb. Bunu onlar da dərk edirlər. Düşmən Azərbaycan əsgəri ilə bacarmadığı üçün, sakinləri hədəf alır. Amma bu da işə yaramıyacaq, çünki Qələbə bizimdir”.

Qeyd edək ki, Ermənistan ordusunun bölmələrinin atdığı bir neçə raket isə boş sahələrə düşüb və partlamayıb.

Xatırladaq ki, oktyabrın 5-də düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda, top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !