Gülağa Tənha - Getdiyimiz yol çətin olsa da məqsədimiz sadədir

Gülağa Tənha Getdiyimiz yol çətin olsa da məqsədimiz sadədir

Xeyriyyəçi - şair Gülağa Tənhanın vətənpərvər şeirlərini təqdim etməyə davam edirik.


SİZİN TƏNƏNİZ DƏ ƏZİZDİR MƏNƏ

 


İstədim sevgimin yaşıdı olan
Gülləri yenidən dərəm bu yaşda.
Ayların, illərin qəsdinə durub,
Sən gələn yollara sərəm bu yaşda.
Döndüm ilk eşqimin qan yaddaşına;
Gəldim o yerlərə kövrək, utancaq.
İllər ötüşübdü…
Bulaq başında
Məni kim görəcək, kim tanıyacaq?
Səsini içinə çəkdi bulaqlar,
Gözünü gizlətdi saralan çəmən.
Gözünün yaşını tökdü bulaqlar,
Daşlar tərpənmədi durduğu yerdən.
Duydum təbiətin soyuqluğunu,
Üzüdönüklüyün bəlası kimi.
Dağlar bir tərəfə atdı izimi,
Bağrına basmadı balası kimi.
Sahibsiz bir evə dönən könlümü
Dil deyib ağladı həsrəti burda.
İçdim su əvəzi gözümdən axan,
Gözümü küsdürən heyrəti burda.
Mənim ilk eşqimin lal şahidləri,
Bilmirlər nə tapıb, nə itirmişəm.
Hardan biləydilər, elə eşqimə
Başdaşı əvəzi söz gətirmişəm…
Gözüm gözəllikdən doymur…
Çeşmələr,
A dağlar, ümmandır, dənizdir mənə.
Məni qınaqlara bələyən güllər,
Sizin tənəniz də əzizdir mənə!..
Masallı, 1 may, 2006

 


ELİMİZDİ

 

 

İkimizin uğuruna can atan
Gülümüzdü, gülümüzdü, gülümüz.
Hər söhbətə, hər kəlməyə bal qatan
Dilimizdi, dilimizdi, dilimiz.
Həsrətini ilim-ilim itirən,
Aralıqda nərgiz, reyhan bitirən,
Dərdi dərin dəryalara yetirən
Selimizdi, selimizdi, selimiz.
Yollarına uzanıbdı qoşa əl,
Ömür ötür, insaf elə, ay gözəl.
Xeyir-dua verənimiz ən əzəl
elimizdi, elimizdi, elimiz.

 

TANIMASA

 


Yaşdan, ömürdən küsək
İl bizi tanımasa.
Əzək, varsa daş-kəsək,
Yol bizi tanımasa.
Baxmayın hay-haraya,
Necə keçək o taya?
Körpü salaq araya
Sel bizi tanımasa.
Unutma din-imanı,
Yaxın qoyma gümanı.
Qəm-kədər alar canı,
El bizi tanımasa.
Mart, 1983

 

 

 

07.10.2020 Günün şərhi: Vətən müharibəsinin 11 ci günüdür. Hamı bir nəfər kimi sosial şəbəkə vasitəsilə cənab Prezident İlham Əliyevin növbəti şad xəbərlərini gözləyir. Beşinci nəsil müharibəsi adlanan bu qarşıdurmada düşmən hardan necə vurulduğunu tam təxmin edəbilmir. Ermənistanın hərbi texnikaları sıradan çıxarılır, səngərlərində sılah-sursatların qoyub, qaçıb gedirlər. Buna baxmayaraq digər tərəfdən şiddətli müharibə davam edir. Çarəsiz qalan düşmən Füzuli və Tərtər ərazisində yaşayan sıvil əhalimizi atəşə tutur. Azərbaycan ordusunun məqsədi bu erməni xislətinə məxsus hucumların qarşısını alıb müqəddəs torpaqlarımızı geri qaytarmaqdır. Getdiyimiz yol bir qədər çətin olsa da məqsədimiz bu qədər sadədir!

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !