Niderlandlı millət vəkili: "Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir" -

Niderlandlı millət vəkili: "Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir"

Niderland parlamentində türk əsilli millət vəkili Tunahan Kuzu Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələb edib.

Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə parlamentdə Ermənistanın Azərbaycanın mülki əhalisini raket atəşinə tutması məsələsini qaldıran Tunahan Kuzu bildirib ki, bölgədən əlinə keçən görüntülər həqiqətən dəhşətlidir: "Evlərə bombalar yağdırılır və təəssüf ki, mülki insanlar arasında itkiyə səbəb olur".

Parlamentdə DENK Partiyasını təmsil edən millət vəkili bildirib ki, iki ölkə arasında gərginliyi azaltmaq və danışıqlar masası arxasına keçmək üçün müxtəlif çağırışlar səsləndirilir: "Hərçənd bu çağırışları 27 ildir eşidirik. 27 ildir sözdə danışıqlar masası arxasında görüşlər kerçəkləşdirilir, amma, nədənsə, günahsız insanların qanı axmaqda davam edir".

Niderlandlı siyasətçi nəzərə çatdırıb ki, iki ölkə arasında gərginliyin azalması barədə çağırışların əməldə gerçəkləşdirilməsi Ermənistanın işğalçı siyasəti üzündən baş tutmur: "Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdən vaz keçmir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Ermənistanın baş naziri Nikol Paşinyan hər açıqlamasında böyük Ermənistan xəyalından özünü qurtara bilmədiyi üçün çözüm məsələsi baş tutmur".

O, əlavə edib ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir: "Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın dərhal geri çəkilməsi tələbi beynəlxalq hüquq baxımından tamamilə haqlı tələbdir. Bu üzdən təkrar edirəm: Hörmətli sədr! Ermənistan Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. BMT-nin Azərbaycanın sərhədlərini tanıyan 4 qətnaməsi var. Hətta 2009-cu ildə Avropa Parlamentinin qəbul etdiyi qərarda Ermənistanın işğal etdiyi torpaqlardan dərhal geri çəkilməsi, məcburi köçkünlərin hüquqlarının bərpa olunması tələb edilib".

Qeyd edək ki, Tunahan Kuzu 1981-ci ildə İstanbulda doğulub. Kiçik yaşında ailəsi ilə Niderlanda köçüb və təhsilini orada alıb. 2008-ci ildə Niderlandın İşçi Partiyasından Rotterdam bələdiyyəsinin məclisinə seçilib. 2012-ci ildə həmin partiyanın millət vəkili olaraq Niderland Parlamentinin üzvü seçilib. 2015-ci il fevralın 9-da deputat həmkarı Səlcuk Öztürklə birlikdə Niderlandda yaşayan milli azlıqların hüquqlarını qoruyan DENK Partiyasını yaradıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !