Gülağa Tənha: - " Can, Vətən ! "

Gülağa Tənha: " Can, Vətən ! "

 Xeyriyyəçi - şair Gülağa Tənhanın vətənpərvər şeirlərini təqdim etməyə davam edirik.

 

Gülağa Tənha " Can, Vətən ! "

 

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, Vətən…
Can, Vətən…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !