Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib - - FOTO

Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib - FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Baxrom Aşrafxanov ilə görüşüb.
 


Görüşdə Azərbaycanla Özbəkistan arasında humanitar sahədə və UNESCO çərçivəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivləri, həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.
 


Türkdilli ölkələrlə münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Anar Kərimov mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında kitabxana sistemi, kinematoqrafiya, muzey işi və mədəni irsin qorunması sahələrində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
 


Səmimi qəbula görə təşəkkür edən səfir Baxrom Aşrafxanov Özbəkistanla Azərbaycan arasında ortaq mədəni dəyərlərin, ədəbi əlaqələrin, incəsənət və miniatür sənəti sahələrində oxşar cəhətlərin yaratdığı potensialdan səmərəli istifadə edilməsinin mövcud əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.  
 


Diplomat 2021-ci ildə böyük özbək şairi Əlişir Nəvainin 580 və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileylərinin keçirilməsi ilə bağlı iki ölkənin birgə layihələri, habelə qarşılıqlı mədəniyyət günlərinin təşkil edilməsi barədə fikirlərini bölüşüb.  
 


Görüşdə ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti qeyd edilib, bununla yanaşı Azərbaycanda Özbəkistan Mədəniyyət Evinin yaradılması ilə bağlı fikirlər səsləndirilib.
 


Sonda Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlar, yaşayış məntəqələrini, mülki əhalini, obyektləri, o cümlədən tarixi tikililəri ağır artilleriya və raket atəşinə tutması, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar barədə məlumatlar diqqətə çatdırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !