AQTA könüllüləri koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir - - FOTO

AQTA könüllüləri koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlıq subyektləri, işçi heyət və istehlakçılar xəstəliyin profilaktikası, virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.


Agentlik tərəfindən sahibkarların və istehlakçıların maarifləndirilməsinə yönəlmiş genişmiqyaslı tədbirlərdə AQTA-nın könüllü qida nəzarətçiləri də yaxından iştirak edirlər. Belə ki, könüllü qida nəzarətçiləri ərzaq mağazaları və ictima iaşə müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, ərzaq satışı və ictimai iaşə müəssisələrində kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırırlar.


Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı istehlakçıları tanış edir, onlara müvafiq çap materialları paylayır, həmçinin könüllü qida nəzarətçiləri tibbi maskasız ərzaq mağazaları və ictimai iaşə müəssisələrinə daxil olan şəxslərə maska və əlcəklər təqdim edir, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırırlar.


Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlərin həyata keçirilməsi, vətəndaşların, istehlakçı və sahibkarların maarifləndirilməsi tədbirləri bundan sonra da davam etdiriləcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !