Gülağa Tənha: - AZƏRBAYCAN PREZİDENTİ ŞANLI ZƏFƏR TARİXİ YAZIR

Gülağa Tənha: AZƏRBAYCAN PREZİDENTİ ŞANLI ZƏFƏR TARİXİ YAZIR

 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər özlərinə saxta tarix yaratmaqla kifayətlənməmiş, tarixi Azərbaycan torpaqlarını “Böyük Ermənistan” ərazisi kimi qələmə vermiş və bu saxta fikirləri ilə beynəlxaq ictimaiyyəti çaşdırmağa çalışmışlar. XX əsr boyu torpaqlarımızı hissə-hissə mənimsəyən ermənilər böyük güclərin köməyi ilə öz dövlətlərini yaratmağa nail oldular. Sovetləşmədən sonra Dağlıq Qarabağa yiyələnmək arzusuna çata bilməyən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Həmin vaxt Azərbaycan iri dövlətlər tərəfindən dəstəklənən Ermənistanın işğalçılıq siyasətinin qarşısını ala bilmədi. Bununla kifayətlənməyən ermənilər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir. Həyata keçirilən məqsədyönlü və düzgün siyasət sayəsində Azərbaycan yüksək səviyyədə inkişaf etmiş, güclü bir dövlətə çevrilmişdir. Müasir tələblərə cavab verən Azərbaycan Ordusu yaradılmışdır. Ən əsası Azərbaycan xalqının İlham Əliyev kimi güclü lideri, bacarıqlı, qətiyyətli və cəsarətli prezidenti vardır. Azərbaycan xalqı öz rəhbərini sevir və onun ətrafında sıx birləşmişdir. Bu birlik 27 sentyabr 2020-ci ildə erməni təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun əks hücuma keçdiyi gündən özünü bir daha göstərdi. Əks hücumların başlandığı günlərdən Ali Baş Komandan, cənab İlham Əliyevin tutduğu düzgün mövqe və istiqamət Azərbaycan Ordusunu anbaan irəliyə-Böyük qələbəyə aparır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müxtəlif televiziya kanallarına verdiyi müsahibələri, məntiqli çıxışları, Azərbaycan həqiqətlərini tutarlı dəlillərlə, təkzibolunmaz faktlarla beynəlxalq ictimaiyyətə çatdırması onun nə qədər yüksək səviyyədə hazırlıqlı, qətiyyətli bir lider, sərkərdə olduğunu göstərir. Bu müsahibələr Prezidentimizi beynəlxalq ictimaiyyətin gözündə yüksəyə qaldırır, onun nüfuzunu artırır. Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi müsahibələr isə onun çox səviyyəsiz, siyasətdə və idarəçilikdə təsadüfi bir adam olduğunu sübut edir.

Qəhrəman Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir-birinin ardınca yaşayış məskənləri, strateji mövqelər azad olunur. Erməni ordusu böyük itkilər verərək geri çəkilir, döyüş texnikasını, hətta döyüş bayraqlarını, məxfi sənədləri ataraq qaçır, orduda fərarilik getdikcə artır. Ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan N.Paşinyan dünya dövlətlərinin başçılarına yalvarır, imdad diləyir. Çıxış yolunu Ermənistan ərazisindən, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki əhalini toplar və raketlər vasitəsi ilə atəşə tutmaqda, dinc əhalinin həyatına qəsd etməkdə görür.

27 sentyabr 2020-ci ildə başlanan əks hücum əməliyyatları Azərbaycanda xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu təsdiq etdi. Keçən günlər bir daha sübut etdi ki, Azərbaycan xalqı Prezidentinin, Ordusunun yanındadır. Gənclərimiz hər an cəbhəyə getməyə, düşmənə ağır zərbələr endirməyə hazırdır. N.Paşinyan 4 dəfə ölkə üzrə səfərbərlik elan etsə də, əhalinin çoxu bu çağırışa qoşulmamış, erməni ordusunda boşluqlar, çatışmazlıqlar yaranmışdır. Ancaq Azərbaycan Prezidentinin qismən səfərbərlik elan etməsinə baxmayaraq əli silah tuta bilən bütün Azərbaycan əhalisi cəbhəyə göndərilmək üçün xahişlər edir, hörmətli Prezidentimiz, Ali Baş Komandan, cənab İlham Əliyevin yazdığı şanlı zəfər tarixində iştirak etmək istəyir. Azərbaycan Ordusu öz müzəffər yürüşünü davam etdirir, (Ali Baş Komandanın) dövlət rəhbərimizin dediyi kimi düşmənə dərs verir və öz uğurlu əməliyyatları ilə Azərbaycan xalqını sevindirir, sözlə ifadəsi mümkün olmayan hisslər yaşadır. Azərbaycan xalqı öz Prezidentinə, onun komandanlığı ilə qələbələr qazanan rəşadətli Ordumuza inanır və yaxın günlərdə üçrəngli bayrağımızın Xankəndi, Şuşa və digər yaşayış məskənləri üzərində dalğalanacağına əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ordumuzu alqışlayır, düşməni tezliklə diz çökdürməsini, qələbə çalmasını arzulayırıq.

Qələbə bizimlədir!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !