"Rusiya bayrağını niyə sevə bilmərik…" - -Azər Həsrət yazır

"Rusiya bayrağını niyə sevə bilmərik…" -Azər Həsrət yazır

Bu qanlı-qadalı, şərəfli tarixi günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin yorulmaz fəaliyyətini hamı, hətta ona qarşı ən radikal mövqedə olanlar belə etiraf etməkdədir. O, yalnız Azərbaycan daxilində deyil, xaricdə də diqqət mərkəzindədir, əlçatandır, özəlliklə də xarici media üçün arzuolunan müsahibdir. Ona görə də dünyanın ən aparıcı TV kanalları Prezident İlham Əliyevlə müsahibəyə can atır.

Belə müsahibələrdən biri oktyabrın 11-də Rusiyanın RBK TV-sində efirə getdi. Ümumilikdə maraqlı məqamlarla zəngin olan geniş müsahibədə bizim diqqətimizi çəkən bir məqam da vardı ki, onun üzərində dayanmaq istərdik. Əvvəlcə müsahibənin həmin hissəsindən bir kəsimə diqqət edək.

“Sual: Rusiyanın rolu barədə. Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görmədim. Bu, o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?

Cavab: Düşünmürəm ki, münasibət dəyişib. Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz.

Rusiyaya münasibət məsələsinə gəldikdə isə… [çıxarılıb] insanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir. Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək.”

Göründüyü kimi, Rusiyalı jurnalisti Azərbaycanda onun ölkəsinin bayraqlarının gözə dəyməməsi narahat edir. Səbəbini bizdə axtarmağa çalışır. Lakin Prezident İlham Əliyev ona və dolayısı ilə Rusiyanın başında duranlara izah edir ki, problem bizdə deyil, sizdədir.

 

Yəni Rusiya əgər doğrudan da öz bayrağının Azərbaycanda sevilməsini istəyirsə, buyursun, bu tarixi mərhələdə ədalətli mövqe tutsun, Ermənistanın təcavüzünün aradan qaldırılması üçün beynəlxalq hüququn tələblərini yerinə yetirsin, biz də ona uyğun davranaq. Yoxsa sən götür işğalçı Ermənistana hər cür yardım elə, onu silah-sursatla təmin edib üzərimizə göndər, hələ bu azmış kimi bütün aparıcı TV kanallarını onlar üçün açıq, Azərbaycan üçün qapalı tut, sonra da narahat ol ki, niyə bizim bayrağımız Azərbaycanda sevilmir. Bunun adı hədsiz həyasızlıqdır!

 

Bizim, Prezident İlham Əliyevin də dediyi kimi, heç bir dövlətlə, hələ Rusiya ilə hər hansı problem yaşamağa marağımız yoxdur. Bu qlobal güc – yaxın qonşunu layiqincə qiymətləndiririk, gücünə, nüfuzuna uyğun münasibət bəsləyirik. Yəni Rusiyanın böyük bir dövlət – güc olduğunu qəbul edirik. Amma gərək Rusiya da böyük kimi davransın da. Davranmır axı.

Rusiya Ermənistan-Azərbaycan münaqişəsində ağsaqqal rolu oynaya bilərdi. İllərdir bu rolu oynaya bilmir, yaxud da oynamaq istəmir. Olsun. Heç olmasa indi belə davransın. Amma görürük ki, indi də davranmır – davranmaq istəmir.

 

Xatırladırıq: 12 iyulda Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana hərbi təcavüzü uzaq tarix deyil. Hər kəs xatırlayır ki, həmin günlərdə Rusiyadan işğalçı-təcavüzçü ölkəyə yüz tonlarla hərbi yük – silah-sursat daşınırdı. Biz bunu görmədikmi? Biz bunu fərq etmədikmi? Məgər işğalçıya dəstək verən bir dövlətin bayrağını işğala-təcavüzə məruz qalan ölkənin xalqı sevə bilərmi? Əlbəttə ki, sevə bilməz. Bununla belə, Prezident İlham Əliyev öz müsahibəsində Rusiyaya sevilə bilməsi üçün yol da göstərmiş olur. İzah edir ki, sadəcə ədalətli – balanslı mövqe tutun, yetər. Zatən Azərbaycan keçmiş Sovet məkanında rus millətinə, onların dilinə və mədəniyyətinə ən çox sayğı göstərən – tolerant yanaşan ölkədir. Bunun belə davam edib-etməyəcəyi isə Rusiyanın özündən asılıdır. Azərbaycan Ermənistandan fərqli olaraq öz siyasətini özü müəyyən edir, tərəfdaş dövlətlərlə münasibətlərdə ortaq maraqlara sadiqdir, göstərilən xoş münasibətin qarşılığını da mütləq verir. Ona görə də Azərbaycanda Rusiya bayraqlarının dalğalandığını görmək istəyənlər bu məqamları nəzərə almalıdır.

 

Lakin almırlar. Heç alan da deyillər. Çünki müsahibədən keçən 3 gün ərzində də görürük ki, Rusiyadan Ermənistana humanitar yardım adı altında yenə də silah-sursat daşınır. Bu isə o deməkdir ki, Azərbaycan Rusiya ilə bağlı strategiyasına yenidən baxmalı olacaq. Biz bizi sevənləri sevər, sevməyənlərə təmkinli yanaşar, bizə qarşı olanlara da uyğun münasibət göstərərik. Rusiya da bu məsələlərdə istisna deyil. Buyursun, Rusiya dövlətinin böyükləri ağsaqqal kimi davransın, qarşılığını da dərhal görsün. Əks təqdirdə Rusiya bayraqları Azərbaycanda nəinki dalğalanmayacaq, hələ digər məsələlərə yanaşma da bu ölkənin könlünü açmayacaq istiqamətə yönələcək.

Sözardı: Bütün bu deyilənlərin layiqli Azərbaycan vətəndaşı olan rus əsilli azərbaycanlılara əsla dəxli yoxdur. Onlar da hamı kimi bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və bu tarixi mərhələdə düşmən qarşısında sərgilədikləri duruşla əsl azərbaycanlı olduqlarını sübut edirlər. Hətta canları və qanları hesabına belə. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !