Pakistanda "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda video-konfrans keçirilib - -FOTO=8

Pakistanda "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda video-konfrans keçirilib -FOTO=8

Pakistanda “Müstəqilliyimizin möhkəmləndirilməsində və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan həmvətənlərimizin rolu” mövzusunda video-konfrans keçirilib.


Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin həmkarlığı ilə birgə Pakistanda yaşayan Azərbaycan vətəndaşlarının fəaliyyəti, ölkəmizin mənafeyinin qorunması yönündə yaşadıqları bölgələrdə apardıqları işlərlə bağlı son məlumatları almaq, həmçinin onların qarşılaşdıqları çətinlikləri və təkliflərini dinləmək, qarşıya çıxan məsələlərin birgə həllini tapmaq, o cümlədən Ermənistanın ölkəmizə qarşı başlatdığı növbəti hərbi təcavüzü və təxribatı ilə bağlı onları məlumatlandırmaq məqsədilə Azərbaycanın müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Müstəqilliyimizin möhkəmləndirilməsində və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan həmvətənlərimizin rolu” adlı video-konfrans təşkil edib.
Video-konfrans vətəni qoruyarkən canlarını fəda vermiş şəhidlərimizin əziz xatirəsinin yad olunması və rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qələbələrini davam etdirməsi arzuları və çağırışları ilə başlayıb.
Video-konfransda çıxış edən səfir Əli Əlizadə Ermənistanın ölkəmizə qarşı başlatdığı növbəti hərbi təxribat və hücümları haqqında son məlumatları Pakistanda yaşayan həmvətənlərimizin diqqətinə çatdırıb. Səfir Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük” çağırışına Pakistanda yaşayan Azərbaycan vətəndaşlarının tam qoşulduğunu, hətta Pakistan vətəndaşlarının da daim dəsətək verdiyini bildirərək həmvətənlərimizin ölkəmizin bu vacib məqamında daha da sıx birləşməsinin və həmrəyliyin məmnunluqla qarşılandığını bildirib. Əli Əlizadə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın və sosial şəbəkələrin önəmini vurğulayaraq, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, Azərbaycan həqiqətlərinin olduğu kimi Pakistan ictimaiyyətinə çatdırılması, Azərbaycan-Pakistan dostluğununun daha da möhkəmləndirilməsi istiqamətində müxtəlif layihələrin, tədbirlərin keçirilməsinin, televiziya kanallarında verilişlərin yayımlanmasının, müsahibələrin verilməsinin Pakistanda yaşayan vətəndaşlarımızın da birgə səyləri ilə davam etdiriləcəyini bildirib, yaşadığı şəhərlərdə, o cümlədən, sosial şəbəkələrdə daha da aktivlik nümayiş etdirərək müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Səfir ulu öndər Heydər Əliyevin “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamının daim qəlblərdə yaşayaraq bir nümunə olduğunu, ölkə hüdudlarından kənarda yaşamağa baxmayaraq hər bir azərbaycanlının qəlbinin Azərbaycan ilə, ölkəmizin Silahlı Qüvvələri ilə birlikdə döyündüyünü bildirib, Müstəqilliyimizin bərpası Günü ilə bağlı Pakistanda yaşayan həmvətənlərimizi təbrik edib.
Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəsininin birinci müavini Valeh Hacıyev də video-konfransda çıxış edərək Ermənistanın Azərbaycana qarşı başlatdığı növbəti hərbi təxribat və hücümlarından, Ermənistan ordusunun Gəncə və digər şəhərlərimizdə günahsız insanlara qarşı törətdiyi vəhşiliklərdən, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun apardığı uğurlu əməliyyatlardan, dünya ölkələrindəki Azərbaycan diasporaları üzvlərinin erməni təxribatlarına qarşı apardıqları fəaliyyətdən söhbət açıb. Azərbaycan-Pakistan əlaqələrinin səmimi dostluq və qardaşlığa əsaslandığını, Pakistanda yaşayan həmvətənlərimizin az olmasına baxmayaraq diaspora nümayəndələrinin aktivliyinin müşahidə edildiyini bildirən Valeh Hacıyev, komitənin vətəndaşlarımıza istənilən dəstəyi göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb, video-konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinə təşəkkür edərək həmvətənlərimizə fəaliyyətlərində uğurlar arzulayıb.
Video-konfransda çıxış edən həmyerlilərimiz də ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün aparılan əks hücüm əməliyyatlarının hər kəsdə qürür hissi və ruh yüksəkliyi yaratdığını, dünya və Pakistan ictimaiyyətinə Azərbaycanla bağlı həqiqətlərin çatdırılması istiqamətində fəaliyyəti daha da səylə aparmağa stimul verdiyini qeyd edərək, səmərəli video-konfransa və təbriklərə görə təşəkkür ediblər.
Sonda həmyerlilərimizi maraqlandıran bir sıra suallar cavablandırılıb və təklif etdikləri məsələlərə baxılaraq ümumi müzakirələr aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !