Bu günün (27 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (27 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

     =======================================

MƏLUMAT  3 - (13:18)

Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur

- TƏCİLİ -

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutur.

     =======================================

MƏLUMAT  3 - (13:18)

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə BƏYANATI

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

     =======================================

MƏLUMAT  2 - (11:59)

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.

     =======================================

MƏLUMAT  1 - (08:00)

 Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilmişdir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

   =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !