DÖYÜŞÇÜ-JURNALİST MAHİR SÜLEYMANOVUN CƏBHƏ ALBOMUNDAN - - 28 YAŞLI ÇƏKMƏLƏRİN İZİ İLƏ

DÖYÜŞÇÜ-JURNALİST MAHİR SÜLEYMANOVUN CƏBHƏ ALBOMUNDAN - 28 YAŞLI ÇƏKMƏLƏRİN İZİ İLƏ

 1992-ci ildə biz təlim adı ilə orduya səfərbər olunanda hamımız bilirdik ki, bir neçə gündən sonra cəbhəyə göndəriləcək, erməni-rus işğalçılara qarşı mübarizə aparan döyüşçülərimizin cərgəsinə qoşulacağıq. Elə də oldu. Mülki geyimimizi hərbi forma ilə əvəz etdik. Leytenant rütbəli zabit olsam da, o dövrün imkanlarına uyğun mənə də əsgər paltarı verdilər. Tank üzərində hücum desantı adlanan motoatıcı taborumuzun 1-ci bölüyündə tərbiyəvi işlər üzrə komandir müavini kimi xidmətə başladım. Bu vəzifə keçmiş SSRİ ordusunda “zampolit”, yəni komandirin siyasi məsələlər üzrə müavini adlanırdı. Havalar çox isti keçdiyindən əksəriyyətimiz çəkmələrimizin uzun boğazını yarıya qədər kəsdirib daha rahat vəziyyətə gətirirdik. Mən də belə etmişdim. Bu, hərbi nizamnamənin tələblərinə zidd olsa da, o vaxtlar belə xırda qayda pozuntularına görə heç kəsin xətrinə dəymirdilər.Mən hərbi xidmətdə öz davranışımla, səliqə-sahmanımla, nizam-intizamımla, təşəbbüskarlığımla həmişə nümunə olmağa çalışmışam. Səhra geyimim, yaxalığımın ağı, mavi zolaqlı desant maykam tər-təmiz olardı. Zil qara və yarımboğaz çəkmələrimin parıltısı isə göz qamaşdırardı...
Xidmətimin sonrakı illərində zabitə aid bütün hərbi geyim dəstlərilə, təyinatı üzrə müxtəlif ayaqqabılarla təchiz olunmağıma baxmayaraq, 1992-ci ildə məni Qarabağa aparan əsgər çəkmələrini ən əziz xatirə kimi bu gün də qoruyub saxlayıram. Çünki o vaxt müdafiəsində iştirak etdiyimiz Füzuli rayonunun neçə-neçə kəndində, sıx meşələrlə əhatə olunmuş Tərtər-Ağdərə-Kəlbəcər aşırımlarında, Sərsəng su anbarının ətrafındakı bir sıra yaşayış məntəqəsində bu çəkmələrin izi qalıb.
Bu gün qorxmaz, igid, xilaskar və müzəffər Ordumuz uğurlu əks-hücumlarını davam etdirir və uzun illər işğal altında qalan torpaqlarımızı terrorçu, quldur ermənilərdən qarış-qarış, addım-addım, kənd-kənd, rayon-rayon təmizləyərək onu əsl sahibinə - Azərbaycan xalqına qaytarır. 28 yaşlı bu çəkmələrin izi qalmış neçə-neçə yaşayış məntəqəmiz, o cümlədən Füzuli şəhəri də işğalçı Ermənistan silahlı qüvvələrinin tapdağından azad olunan ərazilərimizdəndir. Məndə belə bir hiss var ki, Vətənə sonsuz məhəbbət, inam və sarsılmaz ruh yüksəkliyi ilə silahlanmış Azərbaycan Ordusunun vaxtilə müdafiəsində durduğum Yuxarı Yağlıvənd, Qacar və Divanalılar kəndlərini də mənfur düşməndən təmizləyəcəyi gün uzaqda deyil. Veteran cəbhə yoldaşlarım olan Adil, Valeh, Əsgər, Cəfər, Baba, Nəvahi, Əli, Nazim, Ənvər, Məharət, Sergey, Oruc, Elman, Ələsgər, Rauf, Vaqif, Mehman, İbrahim, Kamil, Saşa, Kərəm, Bəylər, Zabit, Eldar və digər döyüşçü dostlarımla o günü səbirsizliklə gözləyirik. Həmin gün mən yenə 28 yaşlı çəkmələrimi geyinib, başıma yığdığım cəbhə yoldaşlarımla Füzuliyə gedəcək, igid əsgərlərimizin tarixi qərəmanlıqlarını alqışlaya-alqışlaya, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuya-oxuya Qacar və Divanalılar ətrafındakı köhnə postlarımıza qalxacaq, Şuşanın, Xocavəndin qapısı olan bu kəndlərin yüksəkliklərindən cənnətməkan torpaqlarımızın, başı qarlı dağlarımızın gözəlliklərini seyr edə-edə bir ağızdan uca səslə deyəcəyik:  

 

QARABAĞ AZƏRBAYCANDIR!!!

 


Mahir Süleymanov,
döyüşçü-jurnalist,
Qarabağ müharibəsi veteranı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !