AMEA Yüksək Texnologiyalar Parkı cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib -

AMEA Yüksək Texnologiyalar Parkı cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib

Məlumdur ki, Azərbaycan ordusu cəbhə bölgəsində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda əzmkarlıqla mübarizə apararkən arxa cəbhədə bütün Azərbaycan xalqı vahid şəkildə birləşərək vətən üçün əlindən gələni edir, qəhrəman ordumuza həm maddi, həm də mənəvi dəstəyini nümayiş etdirir.

Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) da ölkənin ən böyük elm qurumu kimi bu prosesdə yaxından iştirak edir. AMEA rəhbərinin tapşırığına əsasən, akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları yerli və xarici küt­ləvi informasiya vasitələrində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, Gəncədə və öl­kə­nin digər şəhər və rayonlarında dinc əhaliyə qarşı törətdikləri terror aktları, həmçinin 30 ilə yaxın düşmən tapdağında olan ata-ba­ba torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında azad edilməsi barədə çıxışlar edir, mü­­sa­­hibələr verirlər. Həmçinin Akademiya əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir, müəyyən imkanlar çərçivəsində yardımlar göndərir, əsgər ailələrinə dəstək göstərirlər.

Müharibənin başladığı ilk günlərdən etibarən qəhrəman ordumuza müxtəlif formalarda dəstəyini nümayiş etdirən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) bu dəfə hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşən, ərazi bütövlüyümüz bərpası üçün mübarizə aparan əməkdaşlarının ailələrinə yardım edib.

Belə ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda əks-hücum əməliyyatlarında könüllü iştirak edən YT Parkın 1 və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun 1 əməkdaşının ailəsinə müəssisənin rəhbərliyinin göstərişi ilə bir aylıq əməkhaqqı miqdarında maddi yardım olunub.

Qeyd edək ki, bundan öncə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu Milli Ordumuza dəstək təşəbbüsünə qoşulmuş, N saylı hərbi hissəyə çoxlu sayda tibbi ləvazimatlardan ibarət yardım etmişdir.

Növbəti dəfə isə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlərdə iştirak edən, bizə qələbə sevincləri yaşadan əsgərlərimizə, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələri və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərilmişdir.

YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumilikdə 40 000 manat məbləğində yardım göstərilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !