Türkiyə Gənclər Fondu Bərdə və Gəncə terrorunun nəticələri ilə yerində tanış olub - - FOTO

Türkiyə Gənclər Fondu Bərdə və Gəncə terrorunun nəticələri ilə yerində tanış olub - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndə heyəti səfərin ikinci günü Bərdə və Gəncə şəhərlərini ziyarət edib.


Otuz ilə yaxındır ki, Azərbaycanda yüz minlərlə dinc sakin Ermənistanın davamlı təcavüzündən əziyyət çəkir. Düşmən döyüş meydanındakı məğlubiyyətinin  acısını mülki əhalimizə terror törətməklə çıxmağa davam edir.


Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğuları və qadağan olunmuş raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin ölümünə və yaşayış məntəqələrinin yararsız vəziyyətə düşməsinə səbəb olmuş terrorun nəticələrinə şahidlik etmək üçün Bərdə və Gəncə şəhərlərinə səfər edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti gördüklərindən dərin təsirləndiklərini bildirib, törədilmiş müharibə cinayətləri qarşısında kədər hisslərini gizlədə bilməyiblər.
 

Bərdə şəhərinə səfər zamanı cəbhəyanı bölgələrdən sığınacaqlara yerləşdirilmiş ailələri də ziyarət edən nümayəndə heyəti oradakı azərbaycanlı ailələrlə söhbət edərək, ehtiyaclarını öyrənib, bu hadisələrdən zərər görmüş ailələrə öz dəstək bağlamalarını təqdim ediblər.


Türkiyə Cümhuriyyəti Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu bildirib ki, Ermənistanın yüz illər boyu türk dünyasına, ələlxüsus Türkiyə və Azərbaycana qarşı apardığı düşmənçilik siyasətini qınayır. Bundan sonra da iki qurumun qeyd edilən məsələlərə qarşı beynəlxalq arenada birgə mübarizə aparacaqlarını bəyan edən Enes Eminoğlu, gələcəkdə baş tutacaq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə iki qurum arasında işçi qrupunun yaradıldığını qeyd edib. Bu qrupun əsas məqsədi  Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !