Sumqayıt Dövlət Dram Teatrı da Qələbə sevincini yaşayır... -

Sumqayıt Dövlət Dram Teatrı da Qələbə sevincini yaşayır...


Qarabağ  Azərbaycandır-Nida!!!

Şuşa qələbəsinin, ən əziz bayramlarımızdan sayılan Bayraq gününün mənəvi həzzindən sonra ötən gecə xalqımız daha bir möhtəşəm xəbərin şahidi oldu.
Müzəffər Ordumuz erməni yaraqlılarına məğlubiyyətin acısını daddırdı. Ermənistanın baş naziri Azərbaycanın şərtləri diktəsində Sülh müqaviləsini imzaladı.
Vətən müharibəsi Azərbaycan vətəndaşlarının döyüş ruhunu qaldırdı, xalqın monolit birliyini göstərdi. Ali Baş Komandan özününqətiyyətli addımları, diplomatik məntiqi, çevik reaksiyaları, analitik təfəkkürü, sərkərdəlik qüdrəti, taktiki-manevr qabiliyyəti ilə 44 gün ərzində beynəlxalq təşkilatların qarşısında aciz qaldığı və ya bilərəkdən laqeyd yanaşdığı problemi çözə bildi. Ermənipərəst qüvvələrin təsirindən qopa bilməyən xaricı televiziyaların müxbirlərinin qərəzli suallarına Prezidentin verdiyi cavab, əslində, onlara  dövlət başçımız tərəfindən keçirilən master-klass idi.
 Dağlıq-meşəlik ərazilərdə, çətin relyefdə, 30 il ərzində bərkidilmiş istehkamlarla üzbəüz müharibə aparmaq taktikası dövrümüzdə, gözümüzün qarşısında yazılan gerçək tarixdir.
 Təsadüfi deyil ki, Amerika kimi supergüc dövlət bu taktikanın təcrübəsini öyrənməyi təqdirəlayiq hal sayır.
 Bəli, müdrik rəhbərimiz İlham Əliyev Vətənimiz üçün tarix yazır. Yeni tarix! Qarabağda dalğalanan Bayrağın tarixini!
 Göz bəbəyimiz, Qafqazın konservatoriyası Şuşa Tarixini! Tarixi-mədəni irsimiz girovlardan qurtuldu. Pənahəli xanın, Xan qızı Natəvanın, Üzeyirin, Bülbülün, Rəşidin, Xan Şuşinskinin ruhu toxtaqlıq tapdı.
 Gövhərağa məscidi təhqirdən qurtardı, indən sonra onun minarələrində Azan səslənəcək. Cıdır düzündə Qarabağ atları tamaşaçıları heyrətləndirəcək.
 Bura təşrif buyuran qonaqlar Meydan bulağından qoşa ovucdolusu su içib sərinləyəcək, “yaşa, qüdrətlı Ali Baş Komandan” deyəcəklər.
 Şuşa televiziyası erməni vandalizmindən reportajları ilə dünya tamaşaçılarına həqiqəti hayqıracaq.
 Biz də teatr kollektivi olaraq Şuşa beynəlxalq Teatr Festivalına  bir ayrı şövqlə hazırlaşacağıq. Bu gün  vəsfinə sözün qüdrəti çatmayan ümummilli bayramdır. Doğmaları üçün qəribsəmiş Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı, Laçın, Əsgəran, Xankəndi torpaqlarının azadlıq günüdür.
 2021-ci ildə Dağlıq Qarabağda Bahar Günəşi bir başqa şəfəq saçacaq. Bahar çiçəklərinin boynu bükük qalmayacaq. Xarı bülbül şəstlə Günəşə doğru açılacaq.
Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocalının, Əsgəranın bərəkətli torpaqlarında dədə-babaların oxuduğu əkinçi nəğmələri oxunacaq.
Yeni Nəğmələrimiz mübarək! Ali Baş Komandan, Müzəffər Ordumuz, qələbəmiz mübarək!
Və əlbəttə, bütün bu möhtəşəm uğurların memarı olan cənab Prezident, Qələbəniz mübarək!!!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !