BDU Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil edəcək yeni layihəyə start verdi -

BDU Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil edəcək yeni layihəyə start verdi

Bakı Dövlət Universiteti (BDU) yeni bir layihəyə start verib. Layihə çərçivəsində Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil ediləcək, müvafiq analitik tədqiqatlar aparılacaq. Layihəyə rəhbərliyi onun ideya müəllifi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcəkdir. Layihə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media və informasiya müharibəsi ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub.
 

Layihənin işçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 4 bölmə fəaliyyət göstərəcək.
 

İşçi qrup Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrini, bu müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzolunmaz rol, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, BDU əməkdaşlarının Vətən müharibəsi dövründə ölkə mediasında çıxışlarının təhlili və s. istiqamətdə təhlillər aparacaq və müvafiq analitik hesabat hazırlayacaq.
 

Analitik hesabat hazırlanarkən jurnalistikanın elmi prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın prinsip və normalarına, həmçinin beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcəkdir. İşçi Qrupun fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat veriləcək, layihənin nəticələri Azərbaycan dilində və xarici dillərdə kitab və məqalələr şəklində nəşr olunacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !