Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha... -

Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...

Sellofan torbalardan və birdəfəlik plastik qablardan imtinanın zəruriliyi barədə ETSN-nin  mətbuat xidmətinin rəhbəri İradə İbrahimova öz fikirlərini bildirib.


“Məişət həyatımıza daha sağlam yanaşma, sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir. Bu fikrin gündəmə gətirilməsi artıq bir çağırış, bir təşviqdən daha çox reallıqdan irəli gəlir, yəqin ki, bu gün hamımız bunu qəbul edirik və etməliyik də.
Sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir.


Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq.


Odur ki, əvvəl özümüzü, evdəkiləri düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan  sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq.


Biz qadınlar bunu başlatsaq davamı gələcək. Cəmiyyəti  bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha...
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !