Nurəddin Ədiloğlu: ÖLÜM HAQQ OLSA DA...

Nurəddin Ədiloğlu: ÖLÜM HAQQ OLSA DA...

 ÖLÜM HAQQ OLSA DA...

Tələbə yoldaşım Mayis Səfərlinin əziz xatirəsinə

Dekabrın 7-də“Media və mülki cəmiyyət” İctimai Birliyinin sədri, “ilkxeber.org” saytının rəhbəri Xanoğlan Əhmədovun “Facebook” səhifəsində paylaşdığı xəbərməni çox sarsıtdı. “Bu səhəri çox acı xəbərlə açdıq. Gözəl dost, əziz insan, Yurddaş Partiyasının sədri Mayis Səfərli bu gün dünyaya gözlərini əbədi yumdu. Bacısı Gülayə xanım bu xəbəri telefonda deyəndə gözlərimdə yaş selə döndü. Çox heyif, Azərbaycanın bir dəyərli, ləyaqətli oğlunu korona əlimizdən aldı...”
İç dünyamızı göynədən, dilimizdə ağıya, gözlərimizdə yaşa çevrilən vaxtsız ölüm daha bir tələbə yoldaşımızın yoxluğu ilə bizi pərişan elədi.
Bir anlıq 42 il əvvələ qayıtdım,tələbəlik illəri kinolenti kimi gözlərimin önündən keçdi.Kimi yaxşı saz çaldığına, kimi yumor hissinə, kimi mənsur şeirlər yazdığına görəxatirimdə qalıb. Mayis isə ilk gündən partiya tarixi fənnində falllığına və natiqlik məharəti ilə hamımızdan seçilirdi. Çox zövqlə geyinirdi. Özü də Nərimanov rayon partiya komitəsinin təşkilat şöbəsində çalışırdı. Belə bir müdrik kəlam var: “İnsanın xarakteri onun taleyini müəyyənləşdirir.” Jurnalistika fakültəsində təhsil aldığımız vaxtlar Mayisin xarakteri haqqında ilk təəssüratım təqribən belə idi: “Ağayana görünüşü olsa da, sifətində dövrün partiya işçilərinə xas olan sərt ifadə var.Bir azda qaraqabaqdı, adətən, yazıçılar belə adamların bədii portretiniyaradanda “adamayovuşmaz” ifadəsini işlədirlər...”
Amma düz deyirmişlər, ilk təəssürat çox vaxt aldadıcı olurmuş. Mənim də, tələbə yoldaşım haqqında ilk təəssüratım çox çəkmədi ki, heçə-puça çıxdı.Ali məktəb auditoriyasından daha yüksək kürsülərə qalxan Mayis 1988-ci ilin payızında başlanan Azərbaycan milli-azadlıq hərəkatının öncülləri sırasında yer aldı. İctimai-siyasi fəaliyyətə başladı, 1993-cü ildə Yurddaş Partiyasını yaratdı. İlk dəfə Azərbaycanda ingilis dilində nəşr olunan “Baku Times” adlı qəzetin baş redaktoru oldu. 42 yaşında İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildi. Ölkəmizin siyasi səhnəsində daha da tanındı.Zəhmətsevərliyi, hadisələrə obyektiv münasibəti, istiqanlılığı, səmimiliyi onu KİV-də çalışan jurnalist həmkarlarına sevdirdi.
...Bir dəfə İçərişəhər metrosunun qarşısındakı küçədənötüb -keçəndəməni görcək maşınını saxlatdırdı. Pəhlivan cüssəli bir nəfərlə mənə yaxınlaşanda Mayis ona: “tələbə yoldaşımdır, qayıt maşında otur!” dedi. Fəhmlə başa düşdüm ki, bu adam onun şəxsi mühafizəçisidir. O gün Mayis mehribancasına keçmiştələbə yoldaşlarımizdan kimlərlə yaxın əlaqə saxladığımı soruşdu. Ordan-burdan söhbət edib xudafizləşdik. Sonra dəfələrlə görüşdük.Həmişə görüşəndə çöhrəsindən təbəssüm əskik olmayan Mayis tələbə yoldaşlarımzla görüş təşkil etməyi təklif etdi.
...Bir neçəil əvvəl Bilgəh Kardioloji santoriyasında BDU-nunBeynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədliylə görüşdük. Tələbə yoldaşlarımızdan Əli Nəcəfxanlını, Həzi Həsənlini, Səadət Qarabğlını, Bəhlul Eminlini, Sərraf Talıbı, Elşən Məmmədovu çox yaxşı xatırladığını söylədi. Mayisdən söz düşəndə dedi ki, o, Vətənin, xalqın sevincinə, acısına şərik olan,fəaliyyətini dövlət və dövlətçiliyimizin qorunmasına həsr edən yetkin siyasətçidir.
Deyir, həyat beşiklə məzar arasındakı sınaq müddətidir.Bizim 80 – ci illərin nəsli son 30 ildə çox sınaqlara məruz qaldı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, dövlət çevrilişi, Gəncə qiyamı, müharibə, pandemiya... Son vaxtlar Mayis Səfərli bəşəriyyəti cənginə alan koronavirusla bağlı KİV-də çoxlu müsahibələr verirdi.Koronovirusun dəfələrlə təhlükə olduğunu bildirərək deyirdi: “Görünən daga bələdçi lazım deyil. Gəlin, özümüzün, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin, xalqımızın sağlamlığını, genefondumuzu qoruyaq!..Qayda və tövsiyələrə əməl etmək təkcə borcumuz deyil, həm də bizi xilas edən yoldur...”
...Həyat nə qəribədir. Düz İki ay əvvəlin sözüdür, Mayisinbizim “İki sahil” qəzetinin redaksiyasında fəaliyyət göstərən internet televiziyasına müsahibəverməyə gələcəyini eşidəndə çox sevindim. Ona hədiyyə vermək üçün ötən il nəşr olunmuş “Taxt və tabut” kitabımı özümlə götürdüm... Amma koronavirusa yoluxmuş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbə yoldaşımın çox çəkmədi ki, ölüm sorağını eşitdim. Beşiyi Qubadlı rayonunda yırğalanan Mayisin ən böyük arzularından biri içğaldan azad olunmuş doğma ata-baba yurdunu görmək idi... Bacısı Gülay deyir ki, Mayisin tezliklə sağalıbQubadlıya getməyi üçün nəziri vardı. Əfsus ki, arzular, xeyir-dualar, nəzir-niyazlar alnımıza yazılan taleyi dəyişdirməyə qadir deyil...
Mayisin ruhu Qələbəmüjdəli bu payız günügöy üzündə köç edən durna qatarının karvanına qoşuldu...Hıçqırtısı icini göyüm-göyüm göynədən Gülay xanımın dilində “Axı Qubadlıya getməyin vaxtıydı, qardaş, vaxtsız ölümün ağuşuna yox!..” sözləri ağıya döndü... Bakını ələk-vələk eləyən küləklərin “dilində” isə sanki bu misralar səsləndi:

Bu dünya bazarında
Ölümdən ucuz nə var?!
Nəfəs-can arasında
Bircə an məsafə var...

Bəli, bu dünyada hərəmiz qismətimizə yazılan bir ömür payı yaşayırıq. Kimi qısa, kimi uzun ömür sürür. Amma insanın ömür yolu uzunluğu ilə yox, əhəmiyyəti ilə ölçülür, deyiblər.Ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır! Bir də deyirlər ki, ömür yarımçıq qalmır!..Əminik ki,bu gün Mayisin ocağındamüqəddəs odu qoruyanlar onun yarımçıq qalmış ömrünün davamı olacaqlar və öz əməlləri ilə Azərbaycanda sayılıb –seçilən mərhum tələbə yoldaşımın ruhunu hər zaman şad edəcəklər.
Tələbə yoldaşları adındanMayisin ruhuna ehtiramla

Nurəddin Ədiloğlu,
yazıçı-publisist.

P.S:Tələbə yoldaşım Mayis Səfərlinin dünyasını dəyişdiyini ilk xəbər verənjurnalist həmkarımız Xanoğlan Əmədovu da hazırda ölüm mələyi qılığına girmiş “taclı virus” hədəfə alıb. Allahdan Maiyis Səfərliyə rəhmət, XanoğlanƏhmədova acil şəfalar diləyirik.
15.12.2020.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]