Rüstəm Fəxrəddinoğlu: Şəksiz Q Ə L Ə B Ə

Rüstəm Fəxrəddinoğlu: Şəksiz Q Ə L Ə B Ə

 Ş ə k s i z       Q Ə L Ə B Ə

 

“Ey inananlar! Şeytana uymayın. Kim şeytanın ardınca gedərsə, bilsin ki,o həyasızlığı və fənalığı əmr edər.Allahın sizlərə lütf və mərhəməti olmasaydı heç biriniz əbədiyyən təmizə çıxmazdız. Fəqət Allah dilədiyini təmizə çıxarır. Allah eşidir və bilir”(Qurani-Kərim “Nur”surəsi 21 ayə)


Qarabağ böranı artıq 32 ildir ki davam edir. Hər iki tərəfdən saysız-hesabsız qanlar tökülüb, şəhər və kəndlərimiz viran qalıb, Sovet İttifaqı boyda dünyaya meydan oxuyan dövlət dağılıb və s... Müstəqil Azərbaycan dövləti olaraq biz son 30 ilə yaxın bir müdətdə 1 milyondan artıq qaçqın “ordusu”nun didərginliyi,ərazilərimizin 20% itirilməsi ucbatından müstəqilliyimizin bəhrəsini tam görə bilməmişik. Zənnimcə Qarabağ münaqişəsini 4 hissəyə bölmək olar. SSRİ-nin tərkibindəki dövr(1988-1991). Müstəqillik əldə ediləndən sonra 1-ci Qarabağ Müharibəsi(1992-1994). 7 rayonumuzun işqalı nəticələnən məcburi atəşkəs(2016-cı ildə 4 günlük aprel döyüşləri istisna olmaqla) dövrü (1994-2020)Bir də 2020-ci ilin 44 günlük 2-ci Qarabağ Savaşı.
Sovet dövrünə nəzər salanda bu münaqişəni erməniləri maşa kimi istifadə edən Qərb dairələrinin SSRİ-ni dağıtmaq üçün alovlandırdığı qənaətinə gəlmək olar. Bundan əlavə Respublika rəhbərliyinin (xüsusən Ə.Vəzirovun) dişsiz siyasəti Qarabağın dağlıq hissəsinin Sovet Azərbaycanının nəzarətindən çıxmasına səbəb oldu. Hadisələrin ölkəmizə sərv etməyən məcrada cəryan etməsi (H.Əliyevin Moskvada vəzifədən uzaqlaşdırılması,Qarabağda bədnam Volskinin rəhbərliyi altında “Xüsusi Komitə”nin yaradılması, muzdlu qatillərin DQMV-nin ərazisinə sızması, Mərkəzi hakimiyyətin Sumqayıt və Bakı təxribatları) 20 Yanvar faciəsi ilə nəticələndi. 20 Yanvardan sonra Qarabağda Təşkilat Komitəsi yaradıldı və Respublika rəhbərliyinə Ayaz Mütəllibov təyin edildi. Qeyd etmək lazımdır ki, o vaxt Təşkilat Komitəsinin dəstəyi ilə Respublika rəhbərliyi Qarabağda erməni yaraqlılarına qarşı bir sıra uğurlu əməliyyatlar keçirdi. 1990-cı ildə Daxili İşlər Naziri Məhəmməd Əsədovun əmri ilə yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsi də(OMON) bu əməliyyatlarda aktiv iştirak edərək Çaykəndi, keçmiş Şaumyankənd (Göranboy) rayonunu düşmənin quldur dəstələrindən təmizlədi. Diğər tərəfdən hələ 1989-cu ildə fəaliyyət göstərən “Qarabağa Xalq Yardımı Komitəsi” Dağlıq Qarabağın şəhər və kəndlərində yaşayan yurddaşlarımıza hərtərəfli dəstək edirdi. Amma 1991-ci ilin avqustunda Moskvada baş verən çevriliş cəhdi (QKÇP) Sovet İttofaqının sügutu ilə nəticələndi. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini elan edən Respublikamız təpədən dırnağa qədər silahlanmış yağı ilə üzbəüz qaldı. Sovet hələ tam dağılmamış Qarabağ münaqişəsinin həllinə bəzi cəhdlər olunurdu. Azərbaycan, Rusiya və Qazaxstan liderlərinin Xankəndinə səfərindən sonra Azərbaycanla Ermənistan arasında regionda uzunmüddətli barışığa yönəldilmiş Jeleznovodsk sazişi imzalandı. Amma bunun ardından 20 noyabrda Qarakənd səmasında hərbi vertolyot vuruldu. Nəticədə Mütəllibov komandasının özəyini təşkil edən görkəmli dövlət xadimləri baş prokuror İsmət Qayıbov,dövlət müşaviri Məhəmməd Əsədov, dövlət katıbi Tofiq İsmaylov, telejurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və başqaları faciəvi şəkildə qətlə yetirildilər. Bunun ardınca Respublikanın Ali Sovetinin qərarı ilə noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi... və münaqişə müharibə fazasına qədəm qoydu. Çokməkdə olan Sovetin Daxili Qoşunları Qarabağın dağlıq hissəsindən çəkildi. Milli ordumuz o zaman hələ də “kağız” üzərində olduğuna görə müdafiəsiz qalan kənd və şəhərlərimiz hayların işqal və talanına məruz qaldı. Onlar Sovetin dağılmasından dolayı yaranan hərc-mərclikdən istifədə edərək öz mənfur niyyətlərini gerçəkləşdirməyə başladılar. Bu prosses 1992-ci ilin əvvəlində daha da”vüsət”aldı. Milli Ordumuz təşkil olunma mərhələsində idi. Azsaylı özünümüdafiə batalyonlarının isə silah və texniki təchizatı aşağı səviyyədə idi. Yeknəsək olmayan müxalif qruplaşmalarının hakimiyyət davaları, vahid komandanlığın olmaması ölkəmizi məğlubiyyətə sürükləyirdi. Dağ kəndlərimiz  (Malıbəyli, Daşaltı, Qaradağlı, Əmirallar, Kərkicahan, Kosalar və s.r.) işqal ediləndən sonra strateji əhəmiyyətə malik Şuşa , Xocalı, Laçın şəhərlərinə biz nəzarət edirdik. Noyabr ayında Xocalı mühasirəyə düşdükdən sonra (Ağdam-Əsgəran-Xocalı yolu bağlandı) oradan mülki əhali çıxarılmalı idi. Təəssüflər olsun ki, Mütəllibov hakimiyyəti bunu etmədi...və 1992-ci ilin 26 fevralında Xocalı şəhəri strateji hava limanı ilə bir yerdə işqal olundu. Təpədən dırnağa qədər ağır texnikayla silahlanmış keçmiş SSRİ-nın cinayətkar 366-cı motoatıcı alayına qarşı qəhrəmancasına döyüşən Əlif Hacıyevin kiçik dəstəsi cəmi 2 saat duruş gətirə bildi. Daha sonra Xocalının sakinləri hayların misli görünməyən qətliamına uğradı.  Qəribədir ki, Xocalıya hücum zamanı Şuşadan Xankəndinə və Ağdamdan Əsgərana bir dənə də mərmi atılmadı. Halbuki adı qalmış Stepanakerti və oradan Xocalıya hücum edən 336-cı alayı Şuşadan “Qrad”atəşinə tutmaq mümkün idi. O zaman Şuşanın kommendantı olan, sabiq müdafiə naziri Rəhim Qaziyevdən bu qətiyyətsizliyin səbəbləri haqqda söruşanda o “Həmin gecə hava buludlu idi” (?!) cavabı ilə kifayyətləndi. Sanki bulud “Qrad”mərmisinin qarşısını ala bilən bir nəsnədir.

Əslində “Qrad”(rus dilindən tərcümədə dolu anlamına gəlir)qurğusunun sülh şəraitində ilkin funksiyası dolu dağıtmaqdır. Nə isə... Qarabağ müharibəsinin üstü açılmayan sirləri yetərincədir. 1991-rin noyabrında Qarakənd səmasında görkəmli dövlət xadimlərini daşıyan hərbi-nəqliyyat heliktoperinin vurulması, Xocalının mühasirəyə düşməsi, uğursuz Daşaltı əməliyyatı, Şuşanın işqalı ərəfəsində Xankəndi-Şuşa yolunun ATƏT nümayəndələrinin gəlməsi bahanəsi ilə minalardan təmizlənməsi və s... Prezident Mütəllibovun məcburi istefasından başlayaraq Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə qədər ölkə ərazisində davam edən hərci-mərclik Qarabağın 3 strateji yaşayış məntəqəsinin (Xocalı,Şuşa,Laçın) itirilməsi ilə nəticələndi. Qeyd etmək lazımdır ki,1992-ci ilin martında Azərbaycan Respublikasının ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışdır. Ayaz Mütəllibov və Yaqub Məmmədov hakimiyyətlərini devirən Xalq Cəbhəsi iqtidarı ilkin çağlarda bir sıra uğurlu hərbi əməliyyatlara imza ataraq Dağlıq Qarabağın Ağdərə rayonunu (Mardakert) işqalçılardan azad etdi. Amma yeni yaradılan Milli Orduda vahid komandanlığın olmaması gələcək məğlubiyyətlərimizin “təməlini”qoydu. Qarabağda döyüşən Silahlı Qüvvəıərimiz faktiki 3 hissəyə bölünmüşdü. Surət Hüseynovun tabeçiliyində olan korpus, Daxili İşlər Nazirinin müavini Rövşən Cavadovun kurasiyasında olan Xüsusi Təyinatlı Polis Dəstəsi və əsası 1990-1991-ci illərdə yaradılan Xalq Cəbhəsinin özünümüdafiə batalyonları. Bu parakəndəlik üstəgəl xarici düşmənlərin təxribatı əvvəlcə 1993-cü ilin aprelində Ermənistanla sərhəd strateji Kəlbəcər rayonunun işqalına səbəb oldu. Daha sonra mənfur 4 iyun qiyamı baş verdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, 4 iyun qiyamı ərəfəsində BMT-nın 822 saylı qətnaməsinə uyqun Ermənistana müəyyən beynəlxalq təzyiq göstərilərək erməni silahlı birləşmələrinin Kəlbəcərdən çıxarılması ilə bağlı dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan) razılıq əldə edilmişdi. Amma müstəqilliyimizi qəbul etməyən dövlətlərin təxribatçı dairələrin dəstəyi və yerli milli satqınların himayədarlığı nəticəsində Surət Hüseynovun başıpozuq dəstələri hərbi qiyama qalxaraq ölkədə sabitliyi pozdu. Digər tərəfdən Elçibəy iqtidarı ciddi siyasi səhvə yol verərək Qarabağ münaqişəsinin tənzimlənməsinə ATƏT adlandırılan bir dişsiz qurumun müdaxiləsinə imkan yaratdı. Qarabağ dağlıq hissəsi ilə bir yerdə Azərbaycan Respublikasının BMT səviyyəsində tanınan ayrılmaz bir parçasıdır. Elə bu səbəbdən beynəlxalq hüquq normalarına əsasən münaqişənin tənzimlənməsi sırf ölkəmizin daxili işi olmalı idi. Nə Minsk qrupu,nə həmsədrlər?! Ərazimizdə qanunsuz silahlı birləşmələr at oynadır. Ermənistan faktiki olaraq Xocalı hava alanı və Laçın dəhlizi vasitəsi ilə bu silahlı birləşmələrə və oradakı marionet quruma hərtərəfli yardım edir.  Amma formal olaraq biz Hayastanla müharibə vəziyyətində deyilik və bu mənfur qonşumuzu münaqişə tərəfi saymamalıydıq. O zaman ATƏT-nın Minsk qrupu həmsədləri ilə bir yerdə 28 il müddətində dövlətimizi “barmağına dolayaraq”xalqımızın heysiyyatı ilə oynamazdı. Və ümumiyyətlə zənnimcə Azərbaycan-Ermənistan – Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.  Elə adlandırıldığı halda Dağlıq Qarabağ məvhumu beynəlxalq münasibətlərin subyekti kimi anlaşılır. Bu münaqişə Azərbaycan Respublikasının ərazisində xaricdən alovlandırılan separatçı hərəkatdan başqa bir şey deyil. Vəssalam!Əvsuslar olsun ki, gənc dövlətimiz o vaxtlar bu münaqişənin həllini ATƏT-ə həvalə etdi. Yenə də o qənaətdə qəlirəm ki, Ermənistan de-yure bu münaqişənin subyekti deyil. Sovet dönəmində alovlanan bu konflikt Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən bir qrup separatçının “məhsulu”idi. 1991-ci ilin 26 noyabrında Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə bu üzdəniraq Muxtar Vilayət ləğv edildi.İşdə bu qədər!
Qayıdaq Qarabağ münaqişəsinin 1992-1994-cü illərdə davam edən müharibə fazasına.Ard-arda baş verən hakimiyyət dəyişiklikləri dönəmində Qarabağımızın 3 strateji məntəqəsi (Xocalı, Şuşa, Laçın) itirildi. Başqa cür desək Hayastan Dağlıq Qarabağla coğrafi cəhətdən“birləşdirildi”. 1992-ci ilin mayında hakimiyyətə yiyələnən Xalq Cəbhəsi iqtidarı sovetdən qalma silah-sursatla Milli Ordunu təchiz edərək separatçılara qarşı əks-hücuma keçdi. Bu hücumun İlk mərhələsində ordumuz müəyyən uğurlara nail ola bildi. Ağdərə rayonu başda olmaqla Qarabağın dağlıq hissəsinin 54% erməni yaraqlılarından təmizləndi. Amma cəbhə hakimiyyətindəki ikitirəlik, vahid komandanlığın olmaması cəbhədəki uğurlarımızı heçə endirdi. Surət Hüseynovun korpusu, Rövşən Cavadovun Xüsusi Təyinatlı Polis Dəstəsi siyasi oyunlara cəlb edildi. Nəticədə Kəlbəcər boyda Ermənistanla strateji sərhəd rayonu işqala məruz qaldı. Daha sonra 4 iyun qiyamı baş verdi. Bakıya hücum edən (?!) Surət Hüseynovu durdurmaq üçün iqtidar Heydər Əliyevlə hakimiyyəti bölüşmək məcburiyyətində qaldı. Bu hadisələrin fonunda Heydər Əliyev sələfi Əbülfəz Əliyev Kələkiyə sığınandan sonra hakimiyyətə gələrək çətin və əzablı dövlət quruculuğu işlərinə başladı.Vahid komandanlığın yaradılması, dövlət tabeçiliyindən kənarda qalan silahlı dəstələrin tərkisilah edilməsi, neft müqavilələlərinin yenidən işlənilməsi, süni surətdə qızışdırılan talış separatizminin neytrallaşdırılması və s.r. Mənfur qonşular bu qarmaqarışıqlıqdan “yararlanaraq” Qarabağımızın aran bölgələrini də öz nəzarətləri altına götürdülər. 1993-cü ilin oktyabrında Zəngilan işqal edildikdən sonra Prezident Heydər Əliyev xalqa müraciət edərək separatçılara qarşı əks-hücum əməliyyatına start verdi. Milli Ordumuz irəlıləyərək Füzuli rayonunun 22 kəndini və Horadiz qəsəbəsini işqaldan azad etdi. Təəssüflər olsun ki, Kəlbəcər istiqamətində qışda həyata keçirilən hazırlıqsız hücum Ordumuzun zəfər yürüşünü dayandırdı. Səbəb isə dahi siyasətçi, dövlətimizin mahir rəhbəri olan Heydər Əliyevi səriştəsiz hərbi rəhbərlik tərəfindən qış mövsümündə Murov dağı üzərindən( ?!) Kəlbəcərə hücumun zəruliliyinə inandırılması oldu. Bundan sonra Azərbaycan 1994-cü ilinmayındabizi qane etməyən Bişkək atəşkəsinə imza atmalı oldu. Atəşkəsdən sonra ümid edilirdi ki, ATƏT-nın himayəsi altında BMT-nın 4 qətnaməsinə əsasən (822,834,851,874) separatçılar Dağlıq Qarabağın ətrafında olan 7 rayonu xoşluqla boşaldacaqlar və onlara Qarabağın dağlıq hissəsində ən yüksək muxtariyyət statusu veriləcək. Gerçəkdən də 1994 və 1998-ci illərdə Azərbaycan Qarabağ problemi ilə bağlı Böyük Sülh Sazişinə yaxın idi. Bəzi nadan siyasət  “xadimləri” israr edirlər ki, o zaman Heydər Əliyev Dağlıq Qarabağa muxtar status verilməsi əvəzinə 7 rayonun boşaldılması ilə razılaşmalı idi. Amma nəyin bahasına? Bəli 7 rayon azad olunacaq idi... amma Qarabağın tacı Şuşamız əbədi olaraq düşmən tapdağı altında qala bilərdi. Bu xəyanəti isə Azərbaycan xalqı heç kimə bağışlamazdı!Məhz buna görə ölkənin gələcəyini gözönünə alan Heydər Əliyev dühası Şuşasız heç bir razılaşmaya imza atmadı... və düz də etdi.
1994-2020-ci illər ərzində Qarabağ tənzimlənməsiylə bağlı uzun-uzadı danışıqlar heç bir nəticə vermədi. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bu danışıqlarda sələfinin siyasi xəttindən bir santimetr də geri çəkilməyərək ölkə iqtisadiyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna xüsusi önəm verdi. Bunun nəticəsi olaraq 2016-cı ilin aprel döyüşlərində haylara ilk ciddi xəbərdarlıq edildi. Aprel fiaskosuna məhəl qoymayan düşmən 2020-ci ilin iyul, avqust,sentyabr aylarında yenə təxribata əl atdı və Qarabağ münaqişəsinin həlledici 2-ci  müharibə mərhələsinə start verildi. 27 sentyabrdan noyabrın 10-na kimi gedən hərbi əməliyyatlar zamanı separatçılara ölümcül zərbələr endirildi. Şanlı Ordumuz Cəbraili, Füzulini, Zəngilanı, Qubatlını, Dağlıq Qarabağın strateji hissələrini (Suqovuşan, Hadrut, Hocavənd rayonunun bir çox kəndlərini) işqaldan azad etdi. Noyabrın 8-də isə Şuşa üzərində üçrəngli bayrağımız qaldırıldı. Bu parlaq Qələbədən sonra Qarabağdan

Ermənistana misli görünməyən köç başladı. Xankəndinin alınması,qondarma rejimin tam iflasa uğraması bir neçə saatın məsələsi idi. Elə bu anda Rusiya açıq şəkildə müdaxilə edərək 10 noyabr bəyannaməsinin imzalanmasına nail oldu. Rusiya müdaxilə etməsəydi Hayastan kimi Cənubi Qafqazda hərbi-strateji satell(itini)itirə bilərdi. Azərbaycan dövləti böyük məharətlə gerçəkləşdirilən Prezident Ilham Əliyevin hərbi-siyasi strategiyasının nəticəsində Qarabağda ən əlverişli mövqelərə yiyələndi:


1. İşqal altında qalan Ağdam, Kəlbəcər, Laçın erməni hərbi birləşmələrindən boşaldılaraq Azərbaycana qaytarıldı.
2. BMT-nın baş komissarının nəzarəti altında Qarabağın dağlıq hissəsinə qaçqınlar (o cümlədən rus sülhməramlıların nəzarəti altında olan yerlərə)qayıdılması təsbit olundu. 
3. Laçın dəhlizinə qarşılıq olaraq Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirilən Mehri dəhlizinin açılması razılaşdırıldı.
4. Bəyannaməyə əsasən Qarabağda hayların məskunlaşdığı ərazilərdə (Xankəndi, Ağdərə, Xocavəndin bir hissəsi)onlara heç bir statusun verilməsi nəzərdə tutulmaması.
5. Qardaş Türkiyə hərbçilərinin Ağdamda yaradılan müştərək monitorinq mərkəzində fəaliyyətə başlaması.


İndi isə gəlin ölkəmizin 27 sentyabra qədərki durumunu 10 noyabrdan sonrakı durumu ilə tutuşduraq. Hamımız dünya miqyasında ATƏT Minsk qrupunun “umidinə” qalan, ərazilərimizin 20% işqal altında olan bir dövlətin başıaşağı xalqı idik. Prezident İlham Əliyevin siyasi iradəsi, hayların başını əzən yenilməz ordumuzun dəmir yumruğu, xalqın sarsılmaz birliyi, Türkiyə, Pakistan, İsrail kimi dostlarımızın hərtərəfli dəstəyi bizi bir millət kimi başımızı uca etdi. Var olsun Ali Baş Komandan! Şuşa Qarabağın tacıdırsa Qarabağ da Azərbaycanın ürəyidir! Ürəyin əbədi döyünsün Ana Yurdum!!!


P.S. Tarixi Zəfərimizdən sonra bəzi müxalif ağzıgöyçəklər Rusiya qüvvələrinin Qarabağda 5 illik müddətinə yerləşməsi amilini hakimiyyətə irad tuturlar. Cənablar məğər 30 ərzində işqal olunan torpaqlarımızda rus qeyri-rəsmi olsa da yox idi?!? Bəlkə Xocalını işqal edən bədnam 366-cı alay Yaponiyaya məxsus idi?! Atom silahına malik supergüclərin dünyanın hər yerində öz maraqları mövcuddur. Supergüclərlə hesablaşmamaq mümkünsüzdür. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq hal-hazırda mənəvi, iqtisadi, hərbi-siyasi dəstəyi ilə yanımızda Rusiyanın təsirini balanslaşdıran Türkiyə Cumhuriyyəti var. Qafqazda Türkiyə amilini heç kim unutmasın!


P.S. 1571-ci ildə Krım xanı Dövlət-Gəray Moskvaya qoşunuyla hücum edərək rusların baş kəndini viran etdi. Krım xanlığı o zaman Osmanlı Səltənətinin vassalı idi. Deməli dolayısı olsa da Osmanlı dövləti krımlıların vasitəsi ilə ruslara “qulaqburması” verdi. Eyniylə də son 200 ildə Rusiya Qafqazda şərəfsiz hayların vasitəsi ilə öz imperiya siyasətini yeridib. Ermənistan və ermənilər indinin özündə belə müxtəlif güclərin əlində yalnız “maşa” kimi istifadə olunurlar, olunublar...və olunacaqlar.

Rüstəm Fəxrəddinoğlu

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]