Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun anım mərasimi keçirildi AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+ViDEO+FOTO=30)

Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun anım mərasimi keçirildi AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+ViDEO+FOTO=30)

 Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun anım mərasimi keçirildi

 

4 yanvar 2020-ci tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Etibar Bəylər oğlu İsmayılovun anım mərasimi keçirildi. Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirin aparıcısı şair İxtiyar Dönməz Milli Qəhrəmanın şərəfli döyüş yolundan söz açaraq bildirdi ki, Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. E.İsmayılov bir neçə özünümüdafiə taborunda fəaliyyət göstərdikdən sonra Ağdam özünümüdafiə batalyonuna daxil olur.
O, Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində xüsusilə fərqlənib. Ağcabədi özünümüdafiə taboru yaradılanda bu tabora qoşulur. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Etibar tez-tez kəşfiyyata gedir, mühüm məlumatlarla geri qayıdırdı. Strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərirdi. 4 yanvar 1994-cü il tarixdə kəşfiyyat qrupu Xocavənd rayonunun Qarakənd istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etməklə bağlı xüsusi tapşırıq alır. Əməliyyata başlayan kəşfiyyat dəstəsi mühasirəyə düşür. Qəhrəman Etibar vəziyyətin çıxılmaz olduğunu hiss edib, yoldaşlarını xilas etmək üçün axırıncı qumbaranı əlində bərk sıxaraq, özünü düşmən tankının altına atır... Tankı və onun ekipajını məhv edən igid döyüşçü öz canını qurban edərək yoldaşlarının mühasirədən çıxmasına imkan yaradır.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Milli qəhrəman haqqında ətraflı məlumat verildikdən sonra, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev,Hindarx qəsəbəsi üzrə İcra nümayəndəsi Elgün İsmayılov, şəhidin qardaşı Vəfadar İsmayılov, şəhid ailələrinin nümayəndələri çıxış etdilər, Milli Qəhrəmanla bağlı xatirələrini və təəssüratlarını bölüşdülər.
Sonra məktəblilərin ifasında Milli Qəhrəman Etibar İsmayılovun xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edildi.
Sonda vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman oğulların məzarları ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]