Şəhid Toğrulun qız yadigarı, Yağmur. - AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=6)

Şəhid Toğrulun qız yadigarı, Yağmur. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=6)

 Şəhid Toğrulun qız yadigarı, Yağmur.

 

Deyirlər, övlada sahib olmaq hər bir insan üçün ən böyük xoşbəxtlikdir. Bəlkə də, buna görədir ki,yeni qurulan ailələrə, “Tezliklə evinizdən körpə səsi gəlsin”- deyə arzu edirlər. Yəqin ki, bu səbəbdən valideyinlər ilk övladlarının gəlişini səbirsizliklə gözləyirlər, xoşbəxt olmaq, murada çatmaq üçün.
Balaca Yağmur da, öz ailəsinin səbirsizliklə gözlədiyi xoşbəxtlikdir, amma onu digər körpələrdən fərqləndirən bir cəhət var. Dünyaya gəldiyində ona “Atalı-analı böyüsün”-deyə azru edə bilmədik.O, ata qucağının istisinə sığına, ata səsinə gülümsəyə bilmədi. Bu balaca mələk atasının üzünü görməsədə, onun səsini duymasa da, Azərbaycan xalqının daima fəxr edəcəyi bir ataya sahib oldu. Şəhid Abbasov Toğrul Bayram oğlu
44 günlük Vətən müharibəsi zamanı Vətən uğrunda düşünmədən canından keçən igid oğullardan biri. Omrünün 30-cu ilini ən uca zirvədə qeyd edən Şəhidimiz.
Rahat uyu, şəhid!
"O günü həvəslə, səbirsizliklə gözləyirdi. Döyüş bitəcək, o, qalib olaraq ailəsinə dönəcək, qələbə sevincinin üstünə daha bir sevinc gələcəkdi. Tezliklə ata olacaqdı - ata!
Çox az zaman qalmışdı buna. Bapbalaca yavrusunu qucağına alacaq, hənirini dinləyəcəkdi doyunca. Oyuncağa bənzəyən körpənin nəfəs almağını, üzündə qeyri-ixtiyari yaranan təbəssümünü, ağlamağını, onun barmağından yapışan bapbalaca əllərini heyrətlə izləyəcəkdi. Vaxtsız itirdiyi anasının bir nişanəsini gəzəcəkdi uşağın üzündə, gözündə, nəfəsində...

Sonra qızcığaz bir az böyüyəcək, iməkləyəcək, danışacaq, nağıl istəyəcəkdi atasından. Döyüş yolunu, Ordumuzun gücünü, igidlərimizin hünərini, birliyini, düşməni necə məhv etdiklərini nağıl edəcəkdi övladına. Həmin nağıl çox maraqlı gələcəkdi qızcığaza.Təkrar-təkrar dinləmək istəyəcəkdi. Bəs necə? Axı bu nağılda şəri məhv edən cəngavərlərdən biri onun atası olacaqdı. O, fəxr edəcəkdi atası ilə. Bapbalaca qollarını qəhrəmanının boynuna dolayıb düymə dodaqları ilə onun yanağından öpəcəkdi. "Mənim atam dünyanın ən güclü atasıdır" deyəcəkdi...
Döyüş bitdi. Ordumuz qalib oldu. Torpaqlarımız işğaldan azad edildi. Amma Toğrul gəlmədi. Gələ bilmədi. Lakin Vətən boyda sevgi göndərdi evinə, elinə obasına... Şərəf dolu xatirələrini hədiyyə etdi sevdiklərinə. Özü isə Vətən torpağına qarışdı, Vətən oldu... O vətən torpağından yeni bir nəfəs qalxdı, yeni bir ümid göyərdi, yeni bir həyat başladı. Bir qız göz açdı dünyaya: Yağmur Toğrul qızı Abbasova...
Xoş gəldin, körpə Yağmur!
Ay üzlü ulduzumuz, üçrəngli bayrağımızın hilalı, Şəhidimin balası Yağmurum. Sən atanı görmədin, hiss etmədin duymadın..Kimin bir parçası olduğunu, kimin qanını damarlarında daşıdığını bilmədin, amma biz bilirik. Bir gün böyüdüyündə sən də biləcəksən. Biləcəksənki, sənin atan bu ölkənin bütövlüyü, bu xalqın azadlığı, həmrəyliyi uğrunda canından keçdi. O xalq ki, onun bir parçası da sənsən.Biləcəksən ki, sənin atan sənin azad bir Vətəndə xoşbəxt böyüməyin üçün canından keçdi. Bu gün atan cismən bizimlə deyil, amma sən hər nəfəs aldığında, sənin ruhunda biz onu yanımızda hiss edəcəyik.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Abbasov Toğrul Bayram oğlu 31 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 1996-cı ildə Hacıbədəlli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2007-ci ildə bu məktəbi uğurla bitirib. 2008-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Daxili Qoşun Komandanlığında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra müxtəlif sahələrdə çalışıb. İkinci Qarabağ müharibəsindən bir ay əvvəl ordu sıralarında gizir kimi işləməyə başlayıb. Toğrul Bayram oğlu Abbasov elə müharibənin ilk günü, 27 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən qızğın döyüşlərdə düşmən gülləsinə tuş gəldi. Yeni ailə qurmuş Toğrul Vətənin azadlığı uğrunda gedən savaşda canını fəda etdi, şəhid oldu.
Toğrul indi Vətən torpağının qoynunda,ona Vətən torpağını dərin məhəbbətlə sevməyi öyrətmiş anasının məzarı ilə yanaşı əbədiyyətə qovuşaraq uyuyur. Qəbrin nurla dolsun, şəhid qardaş.Artıq rahat uyuya bilərsən.Yağmurun bizə əmanətdir. Allah sənə rəhmət eləsin!
Mais Amin AZpress.AZ Ağcabədi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !