Gömrük Akademiyası Azərbaycanda pandemiya şəraitində məsafədən təhsil prosesi ilə bağlı tədqiqat layihəni təqdim etdi - - FOTO

Gömrük Akademiyası Azərbaycanda pandemiya şəraitində məsafədən təhsil prosesi ilə bağlı tədqiqat layihəni təqdim etdi - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.


Konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədi ilə həyata keçirilmiş, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.


Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı, Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının (YÖKAK) müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu, Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və şura üzvləri, Təhsil Nazirliyinin Ali Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dillər Universiteti (ADU), həmçinin Mingəçevir Dövlət Universiteti (MDU), Naxçıvan Dövlət Universiteti (NDU), Sumqayıt Dövlət Universiteti (SDU) və digər bir sıra respublika və region ali təhsil müəssisələri də olmaqla, ümumilikdə, 25 ali təhsil müəssisəsinin prorektorları, o cümlədən tədris hissələrinin müdirləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.


Öncə tədbr içtirakçıları 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Tədbiri giriş sözü ilə açan Akademiya rəisi Qulu Novruzov konfrans iştrakçılarını salamlayaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətindən  güc, inam alan şanlı Azərbaycan Ordusunun qələbəsindən söz açıb.


Qulu Novruzov layihə barədə danışaraq, sözügedən tədqiqatın Azərbaycanda təhsilin onlayn tədrisə keçidi ilə bağlı aparıldığını, pandemiya şəraitində Azərbaycan ali məktəblərində məsafədən təhsilin problemləri ilə bağlı olduğunu bildirib. O, layihənin nəticələrinin Azərbaycanda təhsil alan 4 minə yaxın tələbənin sorğusu əsasında aparılmış tədqiqat, təhlil əsasında hazırlanmış hesabat olduğunu deyib.


Akademiya rəisi bildirib ki, Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən verilən müvafiq qərarlar əsasında 3 mart 2020-ci ildən Azərbaycanda təhsilin onlayn formatda təşkili ilə bağlı addımlar atılmağa başlanıb. “Azərbaycanda təhsil ictimaiyyəti, dünyanın bir çox yerlərində olduğu kimi, hazır deyildi. Çoxsaylı suallar, yanaşmalar ortaya çıxdı və bir çox hallarda prosesin gedişatı boyunca təhsilin keyfiyyətinin artırılması üçün mümkün olan nələr varsa, ali məktəblər öz imkanları çərçivəsində müəyyən etdi. Bu sahədə, təbii ki, Təhsil Nazirliyi tərəfindən də aparılan müvafiq işlər, koordinasiya prosesini qeyd etmək yerinə düşərdi” – deyə Akademiya rəisi vurğulayıb.


Layihənin həyata keçirilməsi zaman Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ-da bu sahədə aparılan tədqiqatlarla, akademik işlərlə tanış olunduğunu diqqətə çatdıran Qulu Novruzov dünyanın bir çox ölkələrində oxşar göstəricilərə rast gəlindiyini, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə onlayn təhsilin təmin edilməsində internetin keyfiyyəti ilə bağlı problemlər yaşandığını deyib.


Qulu Novruzov konfransda maraqlı fikir mübadiləsi və müzakirələrin olacağına əmin olduğunu bildirib.


Layihə müəllifləri - Gömrük Akademiyasının Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova və təhsil eksperti Könül Abaslı layihə barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Tədqiqatda məqsədə çatmaq üçün qoyulan suallar, əldə edilən nəticələr haqqında danışıblar. Qeyd edilib ki, tədqiqatın nəticələri elmi məqalə formatında beynəlxalq jurnalda nəşr olunacaq.


Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının (YÖKAK) müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu Türkiyədə, həmçinin dünyada pandemiya dövründə ali məktəblərdə onlayn tədrisin təşkilindən danışıb. Buket Akkoyunlu distant təhsilin, onlayn tədrisin yaratdığı çətinliklər və texniki problemlərin yaratdığı sıxıntılardan söz açıb. O, pandemiyanın dünyada 2 milyard tələbəni və 195 ölkəni əhatə etdiyini vurğulayıb. Pandemiya dövründə onlayn təhsilin yaratdığı problemlərdən danışan Buket Akkoyunlu bu sahədə yaranan çətinliklərdən söz açıb. Mart ayından başlayaraq Türkiyədə pandemiya dönəmində təhsilin təşkili, bu prosesin həyata keçirilməsi üçün görülən işlərə toxunub. Bu dövrdə istifadə olunan proqramlardan söz açan professor Zoom, Microsoft Teams və digər oxşar proqramların istifadə olunduğunu bildirib. O, pandemiya dövründə Türkiyə universitetlərində uzaqdan tədrisin təşkilinin araşdırılması mərkəzlərinin də yaradıldığını bildirib. Buket Akkoyunlu öz çıxışında pandemiya sonrası tədrisin təşkili ilə bağlı gözlənilən dəyişiklərdən də söz açıb, yeni təhsil siyasətinin, tədris proqramlarının zəruri olduğunu qeyd edib.


Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı konfransın əhəmiyyətindən söz açaraq, layihə müəlliflərinə təşəkkür edib. O, pandemiya şəraitində yaranan çətinliklərə toxunaraq, Azərbaycan təhsil sisteminin bu vəziyyətdən çıxa bildiyini deyib. Böhranların həm də yeni imkanlar və çıxış yolları axtarılıb tapılmasına gətirib çıxardığını deyən Musa Qasımlı bu dövrdə həmçinin yeni texnologiya və internetin imkanlarının inkişafına diqqət yönəldiyini deyib.


Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov layihənin və konfransın mövzusunun çox vacib və aktual olduğunu bildirib. Pandemiya dövründə təhsillə bağlı keçirilən videokonfranslardan danışan Şahlar Əsgərov bu dövrdə tədrisin təşkilindən söz açıb. Pandemiyanın elmi, akademik, sosial və digər istiqamətlərdə yaratdığı çətinliklərə toxunan şura sədri distant təhsillə bağlı qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb.


Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov konfrans və onlayn tədrislə bağlı fikirlərini bölüşüb. Pandemiyanın yaratdığı çətinliklərdən və bu dövrdə tədrisin təsirindən söz açıb.


Təhsil eksperti Kamran Əsədov layihə və konfransla bağlı danışaraq, sözügedən layihənin Azərbaycan ali təhsil müəssisələri içərisində ilk araşdırma olduğunu qeyd edib. O, Gömrük Akademiyasının pandemiya dövründə fəaliyyətini izlədiyini və yüksək qiymətləndirdiyini deyib.


DGK Katibliyinin rəisi Anar Süleymanov Komitə adından konfrans iştirakçılarını salamlayaraq, layihə müəlliflərinə təbriklərini çatdırıb. Layihənin əhəmiyyətini vurğulayan Anar Süleymanov təhsilin rəqəmsal transformasiya kontekstində müzakirələrinin aktuallığını bildirib. Anar Süleymanov Gömrük Akademiyasının gömrük xidməti  kadrlarının hazırlanmasında önəmini qeyd edib.


Təhsil eksperti Qoşqar Məhərrəmov, BMU-nun Tədris işləri üzrə prorektoru Həmzağa Orucov və digər iştirakçılar konfransda çıxış edərək layihənin müasir dövrdə aktuallığını qeyd ediblər.


Konfransda geniş fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.


Sonda Akademiya rəisi Qulu Novruzov bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !