Azər HƏSRƏT: - 11 yanvar 2021 Moskva görüşünə sözardı

Azər HƏSRƏT: 11 yanvar 2021 Moskva görüşünə sözardı

 11 yanvar 2021 Moskva görüşünə sözardı

 

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakıyla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bizim də maraqla gözlədiyimiz və izlədiyimiz görüş Azərbaycanın üstün durumda – qalib olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Lakin baxırıq ki, bəzi qüvvələr bu görüşün bizim üçün zərərli olması, hətta İlham Əliyevin az qala uduzan tərəf kimi görünməsi barədə rəy yaratmağa çalışırlar. Təbii ki, elə deyil. Əksinədir. Bununla belə yanlış rəy yaratmaq istəyənlərin o yanlışlarına aydınlıq gətirmək lazımdır ki, insanlarımız çaşqınlığa uğramasınlar.

Hər şeydən öncə iddia edilir ki, niyə masa arxasında Türkiyə yoxdur? Biz də istərdik olsun. Lakin Türkiyə elə Azərbaycan demək deyilmi? Deməkdir. Ona görə də Ermənistan bir tərəf olaraq masa arxasında iki Azərbaycanla oturmağa, əlbəttə ki, hazır və razı ola bilməzdi. O baxımdan tərəf kimi qəbul etdiyimiz Ermənistanın da bu məsələdə mövqeyini nəzərə almağımız doğru yanaşmadır və bizi aşağılayan heç bir hal yoxdur.

Yeri gəlmişkən, bəzi təhlilçilər bizim Türkiyəni də o formata qatmağımız durumunda Ermənistanın Fransanı masa arxasına ala biləcəyini vurğulayır. Mən də bu fikirlərə qatılıram. Düşünürəm ki, 11 yanvar görüşü üçün ən uyğun çözüm elə dünənki 3-lü idi. Bu, bizim üstün durumda olduğumuz görüşmə oldu. Çünki Prezident İlham Əliyevin özü tək başına istənilən səviyyədə Azərbaycanın maraqlarını qoruma gücündədir.

İlham Əliyevin barışmaz “rəqiblərinin” diqqət yetirdiyi bir məqam da masa arxasında oturma şəklidir. Bu məsələyə keçməzdən öncə qeyd edim ki, hələ görüş başlamamış Facebook səhifəmdə ötən ilin sentyabrında paylaşdığım bir videonu təkrar paylaşmışdım. 1996-cı ilin mayında Çeçenistan Prezidenti Zəlimxan Yandarbiyevin Rusiya Prezidenti Boris Yeltsinlə qarşı-qarşıya oturma tələbi var videoda. Təbii ki, Vladimir Putinin də eyni qaydada davranacağını düşünmürdüm. Lakin hər ehtimal üçün Rusiya dövlət başçılarının davranışlarında bəzən qaydaların ayaqlar altına atıla biləcəyi ehtimalını nəzərə alıb videonu paylaşdım ki, sonra bir şey olacağı təqdirdə hərəkət nöqtəmiz olsun…

Sözümüz ondadır ki, üçlü görüşdə qeyri-adi heç nə baş vermədi. Vladimir Putin İlham Əliyevlə çox səmimi görüşdü. Nikol Paşinyanla da daha az olsa da səmimi görüşdüyünü deyə bilərik. Masa arxasında oturmağa gəlincə, vasitəçi olaraq Rusiya Prezidenti masanın qarşı tərəfində, münaqişə tərəfləri olaraq Azərbaycanla Ermənistan rəhbərləri digər tərəfində oturdular. Oval şəkilli – uzunsov masa olduğu üçün hər üç tərəf bərabər mövqelərdə oturmuş oldu. Yəni V.Putin masanın baş tərəfində oturub qonaqlarını sağına və soluna əyləşdirmədi. Bununla da bu durumda tərəflərə sayğı nümayiş etdirilmiş oldu. Lakin bəzi kəsimlər cəfəng iddialarla ictimai rəyi çaşdırmaq istəyir. O masanın arxasında başqa necə oturmaq olardı ki, tərəflər daha “bərabər” görünsün?

Sonrakı mərhələdə – yəni görüşün bizim görə biləcəyimiz hissəsində Azərbaycan Prezidentinin qalib, Ermənistan Baş nazirinin məğlub tərəf olduğu bütün elementlərilə sezilməkdəydi. Burda da qeyri-adi heç nə yoxdur. Biz savaş meydanında qanımız və canımızla əldə etdiyimiz qələbəyə uyğun olaraq masa arxasında da qalibik.

Yeri gəlmişkən, V.Putinin İlham Əliyevi, ardından da Nikol Paşinyanı qarşılama şəkilləri erməni mediasında geniş yayımlanır. Özü də belə bir şərhlə: şəkillər kimin qalib, kimin məğlub olduğunu göstərir. Yəni ermənilərin özləri belə məğlub durumda olduqlarını etiraf edir. Bizim bəzi yarımqafalılar isə hələ də Azərbaycanın qələbəsinə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar.

 


Şəkillər də kimin qalib, kimin məğlub olduğunu göstərir
Görüşün bağlı qapılar arxasında keçən hissəsində nə baş verdiyini bilmirik. Lakin sonda qısa bir bəyanatla ordan çıxdıqları bəllidir. 4 saatlıq görüşdən sonra tərəflər media qarşısına çıxdılar. Burada da liderlərin duruşundan tutmuş mimikalarına qədər hər şey Azərbaycanın öz qalib kürsüsündə olduğunu göstərirdi. Ermənistan isə məğlubiyyətin gətirdiyi əzginliyi burada da gizlədə bilmirdi.

Rusiya Prezidentinin çıxışından sonra çıxış edən Azərbaycan Prezidenti kifayət qədər arxayın və təmkinli təsir bağışladı. Özünə inam yüksək səviyyədə, bağlı qapılar arxasında da öz sözünü demiş kimi. N.Paşinyan isə növbəti dəfə zərbə yemiş təsiri bağışlayırdı. (Yeri gəlmişkən, Rusiya və Ermənistan mediası da bu məsələdə bizim kimi yazır. – A.H.) Yəni bizim dövlət başçımız savaş meydanında olduğu kimi masa arxasında da Azərbaycanı layiqincə təmsil edib media qarşısına çıxmışdı.

Azərbaycan Prezidentinin özünə inamı, qalib təsiri bağışlaması birmənalı qəbul edilir. Ermənistan Baş nazirinin isə məğlub tərəf kimi görünməsi, sadəcə ona çoxlu sualları olan erməni ictimai rəyinə hesablanmış çıxış etməsi qeyd olunur. Əsasən də artıq çoxdan qapanmış Dağlıq Qarabağın statusu məsələsinə toxunması bu cür dəyərləndirilir. Eyni zamanda hərbi əsirlər məsələsinə öz düşündüyü kimi yanaşma sərgiləməsi də eyni qəbildəndir. Yeri gəlmişkən, N.Paşinyan bu məsələləri dilə gətirəndə nə İlham Əliyevin, nə də Vladimir Putinin tükü belə tərpənmədi. Bu isə onu deməyə əsas verir ki, məsələlər qapı arxasında N.Paşinyana yetərincə izah edilib, o da izahla razılaşıb. Lakin vəziyyətdən çıxmaq – öz xalqı qarşısında heç olmasa yüngülvari xal qazanmaq üçün qeyd olunanlar haqqında danışmasına səbrli yanaşılacağı da deyilib yəqin…

Bir sual açıq qalır ki, ona da aydınlıq gətirmək lazımdır. Azərbaycan tərəfdə bəzi kəsimlər təkidlə tələb edir ki, Ermənistanla qarşılıqlı ərazi bütövlüyünü tanımadan danışıqlar masası arxasında oturmaq düzgün deyil. Bizsə belə düşünmürük. Əlbəttə, Azərbaycan qalibdir, Ermənistan da bunu 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatla, əslində qəbul edib. Lakin diplomatik münasibətlərin tam olaraq qurulması, bütün açıq sualların qapadılması əlavə vaxt tələb edir. Eyni zamanda əlavə müzakirələr. Ona görə də Azərbaycan bu məsələlərin mərhələli həllindən qaçmamaqda düzgün davranır. Biz heç yerə tələsmirik. Ermənistan tələsməlidir ki, böhrandan çıxa bilsin. Həm də biz Ermənistandan ilk anda maksimumu tələb etsək N.Paşinyanı da pis vəziyyətdə qoyacağıq. Bu isə onun vəziyyətini daha da ağırlaşdıracaq, devrilməsinə səbəb olacaq. Sonra kim gələcək hakimiyyət başına? Gələn adamla biz əlverişli danışıqlar apara biləcəyikmi? Ümumiyyətlə, riskə gərək varmı? Bizcə, yoxdur. Ona görə də bundan sonrakı mərhələ illərlə uzansa belə bizim itirəcək bir şeyimiz yoxdur. Tələsmirik. N.Paşinyanın hakimiyyətdə qalması isə bizə sərfəlidir…

Sonda vurğulamaq istərdik ki, Rusiya Prezidentinin Azərbaycan Prezidentinə münasibətindən tutmuş imzalanmış ortaq sənədə qədər hər şey bizim üstün və qalib durumda olduğumuzu bir daha nəzərə çarpdırdı. Ona görə də gərəksiz müzakirələr açıb özümüz özümüzə zərər vurmayaq. Biz qalibik, üstünük və diktə edən tərəfik. Daha nə lazım idi ki?..

Dədəli, Xaçmaz

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !