QƏHRƏMAN ŞƏHİDİMİZ İSMAYIL YÜZBAŞIYEV -

QƏHRƏMAN ŞƏHİDİMİZ İSMAYIL YÜZBAŞIYEV

 İlham Məmmədov
Kəngərli rayon Böyükdüz kəndi

 

QƏHRƏMAN ŞƏHİDİMİZ İSMAYIL YÜZBAŞIYEV

 

1997-ci il aprel ayının 1-də Kəngərli rayon Böyükdüz kəndində anadan olan İsmayıl Fərzayıl oğlu Yüzbaşıyev ikinci Qarabağ müharibəsinin fəal iştirakçılarından biri olub. Ürəyi sonsuz Vətən sevgisi ilə dolu olan, işğal altında qalan torpaqlarımızın bir an öncə azad olunmasının həsrəti ilə yaşayan İsmayıl 2003-2014-cü illərdə Böyükdüz kənd tam orta məktəbini yaxşı qiymətlərlə oxumuşdur. Orta məktəbdə müəllimlərinin və şagird yoldaşlarının məhəbbətini qazanan İsmayıl 2015-ci ildə həqiqi hərbi ximətə yola salınmışdır. Vətən qarşısındakı borcunu böyük qürur hissi ilə yerinə yetirməklə, Onun keşiyində mərd və mübariz dayanmışdır. Həqiqi hərbi xidmətdə də nizam-intizamı, komandir və rəislərinin tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi böyük razılıqla qarşılanmış və bütün bunlar Onun nümunəvi əsgər olaraq xidmətinə aid olmuşdur.
İsmayılın Vətən sevgisi təkcə xidmət dövrü üçün yetmirdi. Buna görə də O, xidməti bitirdikdən sonra da bu müqəddəs yolda addımlamağı qərara alır və müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi yenidən xidmətə qayıdır. Beləliklə, 28 dekabr 2019-cu ildə yenidən bir doğma övlad olaraq ana Vətənin keşiyində durmaq və ərazi bütövlüyümüzün təmin olunması üçün xidmətə başladı. Xidmətinə Kəngərli rayonunda davam edən İsmayıl artıq bu dəfə Vətən torpağının hər qarışı üçün səbirsizlənirdi. Qarabağ həsrəti, Şuşa sevgisi, Laçın məhəbbəti, Kəlbəcər sevdası, bütövlükdə, ürəyinin Azərbaycan çırpıntısı daha da alovlanırdı. Hərbi ximətdə müvafiq biliklərə, təcrübəyə və taktikalara yiyələnən İsmayıl xidmət yoldaşları ilə əl-ələ verib, çiyin-çiyinə durub, ürək-ürəyə bağlanıb hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirdi.
27 sentyabr tarixində erməni daşnaqlarının təxribatlarına qətiyyətli cavab verən milli ordumuz əks həmlə ilə düşmənə sarsıdıcı zərbə vurdu. Düşmən elə döyüşün ilk saatlarından etibarən böyük itki verərək geri oturduldu. Torpaqlarımız işğaldan azad olunduqca İsmayılın keçirdiyi qürur və iftixar hissi daha da artırdı. Döyüş bölgəsində olmaq, Milli Ordumuzun ordakı qəhrəman nümayəndələrinə kömək etmək Onun üçün artıq həyat amalına çevrilmişdi. Buna görə də ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmək üçün 17 okytabr 2020-ci il tarixdə də döyüşə qatılır. Ürəyində böyük həsrətlə daşıdığı Vətən torpaqlarının düşməndən azad olunmasında iştirak edir. Artıq İsmayıl arzularına çatmışdı. Bir övladın anasına qovuşması kimi torpqlarımıza qovuşmuşdu. Tezliklə, bütün torpaqların azad olunması müjdəsini verən qəhrəmanlardan biri idi İsmayıl.
Füzuli rayonunun azad olunmasında, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin düşmən tapdağından qurtarılmasında, Lacın dəhlizindəki döyüşlərdə, Daşaltı əməliyyatında və bir çox ərazilərdə düşmənin məhv olunmasında qəhrəmanlıq və şücaətlik göstərmişdir. İsmayıl Yüzbaşıyev Şuşanın azad olunması zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 13 noyabr 2020-ci il tarixdə Naxçvana gətirilərək dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. 44 günlük Vətən müharibəsinin Azərbaycanın Böyük Qələbəsi ilə nəticələnməsi İsmayılın ruhunu şad edir. Artıq azad olunan hər kənddə, hər qəsəbədə, hər rayonda və hər şəhərdə İsmayıl kimi mərd və mübariz Azərbaycan oğullarının silinməz izi, itməz və bitməz qüruru yaşamaqdadır. İsmayıl təkcə doğulub, böyüyüb, boya başa çatdığı Naxçıvan Muxtar Respublikasının deyil, həm də bütövlükdə Azərbaycan Respublikasının fəxridir. Onun daşıdığı iftixar hissi qüdrətli Azərbaycan dövlətinin müasir tarixinin səhifələrində təmin olunan ərazi bütövlüyümüzdən ibarət olmaqla qızıl hərflərlə yazıldı. O, artıq təkcə doğulduğu ailəsinin deyil, havasını udduğu kəndinin deyil, həm də bütövlükdə, Azərbaycan xalqının sevimlisinə çevrildi.
İsmayıl çox sevinirdi ki, qüdrətli Azərbaycan Ordusunun sıralarında xidmət edir. Tanıyan və şücaətindən xəbərdar olan hər bir kəs İsmayıl Yüzbaşıyev haqqında iftixarla danışır, nümunə kimi görür. Mübariz İbrahimovun, Qabil Orucəliyevin, Rasim Məmmədovun, Polad Həşimovun, Şükür Həmidovun və bir çox Vətən qəhrəmanlarının keçdiyi şərəfli və iftixarlı yoldan O da keçdi. Onların hər biri torpaqlarımızın işğalçılardan qorunması və azad olunmasında canlarından keçdilər. Bu gün uşaqdan böyüyə hər kəs şəhidlərimizin müqəddəs xatirəsinə böyük hörmət, ehtiram və səmimiyyət hissi ilə yanaşır.
Beləliklə, hər birimiz müasir müstəqillik tariximizin igid, qəhrəman, cəsur, şücaətli və mərd oğullarını bir an belə unutmayacağıq və daim onların içərisində İsmayıl Fərzayıl oğlu Yüzbaşıyevin də yeri böyük olacaqdır. Hər zaman Füzulinin, Laçının, Şuşanın, Xocavəndin, Hadrutun, Tuğun gözəl adları çəkiləndə, ərazi bütövlüyümüzdə bəhs olunanda bütün şəhidlərimizlə yanaşı, bütün qəhrəmanlarımızın sırasında İsmayıl Yüzbaşıyevin də nura boyanan üzü gözlərimiz qarşısında canlanacaq.


ALLAH rəhmət eləsin.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !