Tələbə Nəzarət Qrupunun üzvləri: - İmtahanlar şəffaf və obyektiv keçirilir

Tələbə Nəzarət Qrupunun üzvləri: İmtahanlar şəffaf və obyektiv keçirilir

Bakı Dövlət Universitetində (BDU) imtahan sessiyalarında tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə yaradılan Tələbə Nəzarət Qrupunun üzvləri - BDU-nun tələbə təşkilatlarının  könüllüləri 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında da müşahidəçi kimi izləyirlər. Universitetdə imtahan sessiyasının başlaması ilə əlaqədar Tələbə Nəzarət Qrupunun üzvlərinin imtahanlara qoşulmaları üçün lazımi şərait yaradılmışdır.

Budəfəki  söhbətimizdə də Tələbə Nəzarət Qrupunun üzvləri tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların  iştirakının təmin edilməsini yüksək qiymətləndiriblər, bunun Universitet tərəfindən tələbələrə göstərilən etimad olduğunu vurğulayıblar.

Fizika fakültəsinin IV kurs tələbəsi Aynurə Salmanlı: “Qış sessiyasında imtahan verən bütün  tələbələrə uğurlar arzulayıram.  Universitet tərəfindən qəbul edilən qərarlar, problemə verilən çevik reaksiyalar tələbələrin narahatlığını aradan qaldırır. Sessiya imtahanlarını artıq bir neçə gündür ki, müşahidə etməyə başlamışıq. Rəhbərliyin və professor-müəllim heyətinin daim tələbələrə dəstəyi tələbələrdə ruh yüksəkliyi yaradır və imtahanları uğurla yekunlaşmasına səbəb olur. Qiymətləndirmə obyektiv aparılır. Pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması, imtahanlarla bağlı edilən müvafiq güzəştlər tələbələrin imtahanları müvəffəqiyyətlə verməsi üçün zəmin yaradır.”

 

 

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: “Müəllimlərin və Universitet rəhbərliyinin dəstəyi sayəsində tələbələr imtahan zamanı həyəcan keçirmir, əksinə daha da ruhlanırlar. İmtahanlar tam şəffaf keçirilir, qiymətləndirmə obyektiv aparılır. İmtahan zamanı hər hansı problem yaranarsa, onun tez bir zamanda həll edilməsi üçün əlimizdən gələni edirik. Bu çətin dövrdə tələbələri düşünən və imtahanlarla bağlı müəyyən güzəştlər qəbul edən BDU rəhbərliyinə və müəllimlərə təşəkkürümü bildirirəm. Bütün tələbələrə gələcək imtahanlarda müvəffəqiyyətlər arzu edirəm.

 

 

Kimya fakültəsinin IV kurs tələbəsi üzvü Emin Qulusoy: “Artıq ikinci sessiyadır ki, distant formada imtahan veririk. İlk başda bu çətin və həyəcanlı olsa da, düşünürəm ki, artıq buna öyrəşmişik. Artıq imtahan prosesində ilk başlarda yaranan kiçik problemlər də öz həllini tapıb. Mən imtahan prosesini həm bir tələbə gözü ilə, həm də Tələbə Nəzarət Qrupunun üzvü olaraq şərh etsəm, universitetimizin bu qədər çətin, məsuliyyətli və yorucu işin öhdəsindən gəldiyini rahatlıqla deyə bilərəm. İlk başlarda olduğu kimi, biz yenə də imtahan günləri mütəmadi olaraq qruplara əlavə olunur, imtahan prosesini izləyirik. Artıq daha da təkmilləşən onlayn imtahanlarımız yüksək ruh və humanizm prinsipi ilə aparılır. Müşahidələrimiz də bunu göstərir ki, tələbələrimiz Microsoft Teams platformasından yüksək səviyyədə istifadə etməyi bacarır, imtahan həyəcanlarını cilovlayaraq yaxşı hazırlaşıblar. Biz həm də bizə verilən bu vəzifənin məsuliyyətini ciddi şəkildə anlayır, hər hansı problem yarandığı halda aidiyyəti şöbə və strukturlara məlumat veririk. Biz bununla imtahan prosesinə həm bir müşahidəçi, həm də bir tələbə nəzərindən baxa bilirik.”

 

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: “Hər birimiz üçün onlayn imtahanların gedişatı hər zaman müəyyən qədər suallara səbəb olur, belə sualları da əsasən I kurs tələbələri yönləndirir. Artıq payız imtahan sesiyasının bir neçə gündür ki, başlamasına baxmayaraq, tələbələrin fakültə rəhbərliyi tərəfindən əvvəlcədən maarifləndirilməsi imtahan prosesinin daha da anlaşılan keçməsi üçün zəmin yaradıb. Ümumi imtahan prosedurunun sadəliyi və şəffaflığı bütün kurs tələbələrimiz tərəfindən müsbət qarşılanıb. Tələbələrin istər texniki problemləri, istərsə də anlaşılmazlıq yaranan mövzularda birbaşa məlumat vermələri, həmçinin bizim imtahan prosesində iştirakımız bu işi çox asanlaşdırır. Bu hadislərə səbəb universitetimizin sessiya zamanı tələbələrə göstərdiyi qayğı və diqqətin təzahürüdür. Hər zaman tələblərin yanında olan rəhbərliyimizə qərara aldıqları humanist qərarlara görə təşəkkürümü bildirirəm. Bütün tələbələrə növbəti imtahanlarda uğurlar diləyirik.”

 

 

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Cəfər Gözəlov: “Artıq bir neçə gündür ki, imtahanlarda iştirak edirəm. İmtahanlar tam şəffaf keçirilir, qiymətləndirmə obyektiv aparılır. İmtahan zamanı heç bir çətinliyin olmaması üçün tələbələrin xeyrinə Universitetimiz tərəfindən müvafiq qərarlar qəbul edilib. Universitet tələbələrinin çoxsaylı suallarını, müraciətləri, irad və təkliflərini dinləyir, problemlərin cəld həllinə çalışırıq. Eyni zamanda, imtahanlarda yaranmış problemləri, anlaşılmazlıqları tələbə yoldaşlarımıza izah edirik. Apelyasiya şikayətinin edilməsi qaydaları, onun nəticələri, əlavə balın verilməsi, qaynar xətt və imtahan qərargahının fəaliyyəti ilə bağlı onları məlumatlandırırıq.”

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]