BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır -

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Cənab Prezidentin 12 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması olduqca əhəmiyyətli bir hadisədir. İnanırıq ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına böyük dəstək verəcək. Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə mediamızın nüfuzunu daha da artacaq. Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək. Fərmanda qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir. Bu mənada yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da Agentliyin üzərinə vəzifələr qoyulmuşdur.


Agentlik, eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oyanacaq. Nəzərə almaq lazımdır ki, bu gün ölkə mediasında çalışanların heç də hamısı ixtisasca jurnalistlər deyil və bu sahəyə maraq çox olduğundan həvəskar axını da böyükdür. Bu isə bir çox hallarda xəbər standartlarına əməl edilməməsi, müxtəlif dezinformasiya və feyk xəbərlərin yayımlanması, hətta peşə norma və prinsiplərinin pozulması ilə nəticələnir, təsadüfi insanların mediaya gəlişi ilə Azərbaycan milli mətbuatının dəyərlərinə və jurnalistikanın ali fəlsəfəsinə zidd olan “reket jurnalistika” kimi neqativ halların mövcudluğuna səbəb olur. Bu baxımdan, məhz vətəndaş jurnalistikası kimi müasir dövrümüzün reallığından çıxış edərək jurnalistikaya həvəsi olan, gələcəyini bu peşə ilə bağlamağı arzu edən, lakin müəyyən səbəblərdən bu ixtisas üzrə ali təhsil ala bilməyən gənclərin maarifləndirilməsi, peşəkar jurnalist kimi yetişmələri üçün müxtəlif seminar və təlimlərin təşkil edilməsi xüsusilə vacibdir.


Burada başqa diqqət yetirilməli vacib məsələ, mediada çalışan həmkarlarımızın yeni peşə standartlarına bələd olmaları, baş verən yenilikləri tətbiq etmək bacarıqlarına yiyələnmələri, mütəmadi şəkildə peşə vərdişlərini təkmilləşdirmələri, ixtisaslarını artırmaları ilə bağlıdır. Bildiyimiz kimi, media hər zaman dinamik və dəyişkən bir sahə olub. Texnologiyalar inkişaf edir, jurnalistikanın siması dəyişir, çevik, rəqəmsal, konvergent jurnalistika formalaşır. Artıq ənənvi KİV getdikcə öz yerini yeni mediaya verir. Janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış yenilənir. Bu baxımdan ixtisasla bağlı təkmilləşdirmə kurslarının mütəmadi olaraq təşkil edilməsi də əhəmiyyətli məqamdır.


Çox müsbət haldır ki, agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 1928-ci ildən ölkəmizin ali jurnalistika təhsilinin ocağı olan, hər zaman öz dəyərlərinə sadiqliyi ilə seçilən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi də bu məsələlərdə Medianın İnkişafı Agentliyinə dəstək verməyə hazırdır və bunun üçün mükəmməl texniki bazamız mövcuddur. Qeyd etmək istərdik ki, Jurnalistika fakültəsi olaraq tədrisdən kənar saatlarda ixtisasla bağlı treninq və kursların təşkil edilməsi məsələsinə hər zaman ciddi önəm vermişik və bu sahədə müəyyən təcrübəmiz də mövcuddur. Son bir neçə ildə təşkil etdiyimiz “Gənc Jurnalistlər klubu”, “Beynəlxalq Jurnalistika Məktəbi”, “Tələbədən tələbəyə”, “Akademik yazı qaydaları”, “Poliqrafiya və dizayn kursları”, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də dəstəyi ilə Dinc Dünya Araşdırmalar Mərkəzi ilə birgə 3 il ardıcıl olaraq “Konflikt jurnalistikası”, Vergilər Nazirliyi ilə birgə “İqtisadi jurnalistika”, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Aqrar könüllüləri ilə birgə “Aqrar jurnalistika” təlimlərinin təşkili, AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə “Wikipedia qruplarının” yaradılmasını buna misal göstərmək olar.


Agentliyin nizamnaməsində onlayn media, çap mediası və audiovizual media işinin qurulması və onların inkişafına nail olunması istiqamətində görüləsi işlərin konturları öz əksini tapıb. İnanırıq ki, qurumun icraçı direktoru Əhməd İsmayılov mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan kadr kimi qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Medianın İnkişafı Agentliyinə, onun bütün kollektivinə bu mühüm işlərində uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik.
 

 

Vüqar Əliyev,
BDU-nun Jurnalistika fakültəsinin dekanı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]