Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib - - FOTO

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib - FOTO

Yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib. Videokonfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Francesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyillər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinə siyasətin təsiri kimi mövzulara toxunulub.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30%-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonalarına” çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.

Qeyd edək ki, 19-20 yanvar tarixlərində yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Nazirlərin enerji keçidinin təşviqi üçün milli enerji planlaşdırması və tətbiqi, bərpa olunan enerji mənbələri üçün maliyyə həcminin artırılması, karbon neytrallığına aparan yol - innovasiya, yaşıl hidrogen və sosial-iqtisadi siyasət və səhiyyə sisteminin enerji ilə təminatında enerji keçidinin rolu mövzularında plenar iclasları keçiriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]