Fazil Güney: - Cəzasızlıq yeni cinayətlər törədir

Fazil Güney: Cəzasızlıq yeni cinayətlər törədir

 Cəzasızlıq yeni cinayətlər törədir

 

Bu yaxınlarda tanınmış yazıçı, əməkdar jurnalist Fazil Güneyin “Hər daşın altında bir tarix batır” adlı felyetonlar və pamfletlər kitabı əlimə keçdi. Doğrusu son onilliklərdə unudulmuş janr – felyeton sözünü oxuduqda məni nostalji duyğular sardı. Lakin kitabı vərəqlədiqdə gördüm ki, burada toplanmış yazılar, belə demək mümkünsə, mediamızın “post-jurnalistika” hesab olunan dönəmlərinə aiddir. Əslində bədii-publisistik dillə qələmə alınmış bu yazıların çoxu günümüzdə də öz aktuallığını itirməmişdir.


Yaxşı tanıdığım müəlliflə görüşdüm, mənim suallarımla aramızda belə bir yorum alındı...


- Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli kimi korifeylərin bizə miras qoyduğu, hətta Sovet senzurası dövründə davam etdirilən ənənələr niyə müstəqillik dönəmi mediamızda unuduldu? Şəxsən siz niyə daha felyeton janrında yazmırsınız?

- Ötən əsrin 90-cı illərindən məni düşündürən əsas məsələ hay-ermənilərin Qarabağda törətdikləri etnik təmizləmə və digər vəhşiliklərin, Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması idi. İç problemərimiz arxa plana keçmişdi. Bu məqsədlə yaratdığımız AssA İradə Beynəlxalq Xəbər Agentliyi, Azerne s qəzeti vasitəsilə dünya ictimaiyyətinə ingiliscə, rusca, azəri türkcəsincə informasiyalar yayımlamağa başladıq. Şəxsən mən o illərdə düşünürdüm ki, daima bizi izləyən təşkilatlanmış erməni mediasına faktlar vermək gərək deyil. Amma Ulu Öndərimizin dövlət quruculuğunu möhkəmləndirməsi, Prezident İlham Əliyevin “hücum diplomatiyası” ilə başlayan siyasəti nəticəsində Azərbaycan dövləti tək Güney Qafqazda deyil, dünyada söz sahibi oldu. Daha erməni təbliğatının bizim üçün qorxusu yoxdur. Lakin son iyirmi ildə ölkə mətbuatında elə ab-hava yarandı ki, tənqidi yazılar yazılan qəzetlər sıxışdırıldı. Çoxu KİVDF-dən aldığı yardımın kəsilməməsi üçün adının “qara siyahıya” düşməsindən qorxurdu.

- Adını çəkdiyiniz KİVDF-in icraçı direktoru Vüqar Səfərli bizlərə - medianın inkşafına ayrılmış pulları mənimsədiyinə görə artıq həbsdədir. Ev-eşiyinə, villalarına xərclədiklərindən başqa bankda hesabına 5 milyon yatırıbdır. Siz bu xəbəri necə qarşıladınız? Bu boyda jurnalist ordusu onun əməllərini görmürdümü?

- Öncə onu deyim ki, mən onun bu gününü ehtimal edirdim, hətta ona belə bir günün gələcəyini söyləmişdim.

 

 

 


- Axı mənim məlumatıma görə sizin onunla münasibətiniz normal deyildi. Ənənəvi Mətbuat Günü bayramlarına, fondun keçirdiyi başqa tədbirlərə dəvət olunmurdunuz. Səbəb nə idi?

- Elədir. KİVDF yaranandan bir müddət sonra Vüqar Səfərli məni otağına çağırdı. O, əvvəllər ara-bərədə gördüyüm arıq, cılız bədənli, pis geyimli adam deyildi. Əl-qərəz bildirdi ki, sizin xəbər agentliyi və qəzet də yardım ayrılacaq mətbuat orqanları siyahısındadır. Çox sevinib, minnətdarlıq etdim. (Çünki, tərcümə, ingiliscə yazanların qonorarı çox xərc aparırdı...) Amma ardınca əlavə etdi ki, bəs bizim yeni yaranmış idarənin müəyyən xərcləri var, gərək onu nəzərə alasınız... Bu söhbəti yaxın bir həmkarıma danışdıqda bildirdi ki, o, edilən maliyyə yardımının yarısını geri istəyir... Buna getmədim, ömrüm boyu əlimi çirkab işlərə bulaşdırmamışdım. Növbəti görüşümüzdə “niyə yanıma gəlmirsən?” soruşduqda dedim ki, mənim alıb-verən əlim yoxdur. Ayrılan pul ancaq xarici dillə işləyənlərin əmək haqqını ödəyir... Bununla da mənə təzyiqlər başladı, yerli-yersiz arayışlar tələb edirdi. Azərbaycan mediasının 1-ci şəxsi kimi toplantılarda qəzetimizin yayımını tənqid edirdi, rəsmi toplantılarda məni aşağılamağa çalışırdı. Bir gün dözməyib, telefonla ona xəbərdarlıq etdim ki, düz yolda deyilsən, axırı yaxşı qurtarmaz. Xarici auditoriyaya işləyən mətbuat orqanına yarım ilə 5-6 min manat ayırırsan, özünün “mövqe” və “futbol” qəzetlərinə 60 min! Hələ mən başqa şeyləri demirəm. Dövlət onun pullarını talan edənlərlə bir gün haqq-hesab çəkəcək.
Bir saat keçməmiş PA ictimai-siyasi şöbəsinin vəzifəli əməkdaşı Vüqar Səfərlinin şikayətinə əsasən telefon açdı, onu təhqir etdiyimə görə mənə irad tutdu. Məsələdən onu hali etdim. Mənə onunla sakit dolanmaq məsləhət görüldü.
Əl-qərəz özünün öyündüyü kimi, şöbədən də yuxarıda arxasında duranlara güvənən icraçı direktor bizə ayrılan yardımı bir bəhanə ilə dayandırdı, üstəlik məni jurnalistlərin rəsmi mərasimlərinə dəvət etmədi. Acınacaqlı burasıdır ki, V. Səfərli kimi milyonlar deyil, milyardları mənimsəyib, aradan çıxmış, o pulların hesabına professor, doktor adını almış sabiq nazirlər, məmurlar, generallar, hətta bir sıra akademiklər villalarına çəkilib, oğurladıqlarını xımır-xımır yeyirlər.

- Baş verən belə olayların vətəndaşlarımız arasında doğurduğu rezonans, cəmiyyətimizin korrupsiya, rüşvət, qohumbazlıq viruslarından təmizlənməsinə etkisi barəsində nə deyə bilərsiniz?

- Koronavirusdan fərqli olaraq adını çəkdiyiniz viruslarla vaksinlə deyil, dəmir yumruqla mübarizə aparmaq gərəkdir. O yumruq ki, əsas düşmənimizin – hay-erməni faşistlərinin başını əzdi. İllərdi Prezident İlham Əliyev erməni liderlərinə bu məzmunda mesaj göndərirdi: ”Adam olun, gəlin masa arxasında problemi çözək, insan qırğınına yol verməyək”. Eşitmədilər. Prezidentimiz dəfələrlə daxildəki korrupsionerlərə, rüşvətxorlara, yolunu azmış məmurlara ismarıc göndərirdi, xalqa can-başla qulluq etməyə, düz işləməyə çağırırdı. Bəziləri eşitmirdilər. Çünki, bir sıra vəzifə sahibləri, məmurlar artıq, varlanmaq, daha çox pul toplamaq, həm daxildə, həm xaricdə villalar, obyektlər almaq xəstəliyinə yoluxmuşdular. Aqibətləri nə oldu? Dəmir yumruğun başlarında çatlayanların arasında icra başçıları, çiyni ulduzlular, hüquq işçiləri, dövlət məmurları və s. vardı. Bir-iki il öncə bu mövzuda yazdığım satirik hekayəmi qəzetlər qorxub, götürmədi.

 

- Buyurun, bizə göndərin. Saytımızda “Bizim generallar, akademiklər” adlı sarkazmla yazılmış essenizi biz buraxmışdıq.

- İltifatınıza görə sağ olun.


Müəllif: Rasim Sadıqov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]