Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Kamran Əliyevin müsahibəsi -

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyevin müsahibəsi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı  “AİM-Qarabağ” layihəsinin icrasına başlamağı planlaşdırır


- Son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb. Aqrar sektorun inkişafına ictimai dəstək vermək məqsədilə yaradılan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əsas vəzifələri hansılardır?


- Könüllülük Azərbaycan xalqı üçün yad olmayan bir dəyərdir. Xalqımız əsrlər boyu gündəlik həyatında məhz könüllülük fəlsəfəsi və dəyərlərini özündə rəhbər tutaraq yaşayıb və tariximizin müxtəlif dövrlərində bunun şahidi olmuşuq. Bu hadisələrdən biri də 2020-ci ildə xalqımızın şərəflə tarixə yazdığı Vətən Müharibəsidir. 27 ildən çox düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilməsinin məhz dövlət başçısı tərəfindən elan edilmiş “Könüllülər ili” ərzində baş tutması, düşmənlə ön və arxa cəbhədə döyüşən könüllülərimizə ayrı bir qürur hissi yaşadırdı. Bu gün cəmiyyətimizdə bilikli, vətənpərvər, kamil və kreativ düşüncəli bir gənclik formalaşmaqdadır. Son illərdə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin geniş vüsət alması onların tələbəlik dövrünün özlərini inkişaf etdirməsi və daha məhsuldar keçməsinə maraqlarının artmasından irəli gəlir. Hazırda Azərbaycan gəncliyi müxtəlif istiqamətlər üzrə könüllü fəaliyyətinə qoşula, özlərini maraq göstərdikləri sahə üzrə inkişaf etdirə bilərlər.  
 

2018-ci ildən etibarən fəaliyyətə başlayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı regionda və paytaxtda yaşayan gənclərimizin aqrar sahəyə marağının artırılması, habelə onların şəxsi inkişafının təmin edilməsi məqsədilə yaradılıb. Hazırda ölkənin 51 regionunda nümayəndəliyi fəaliyyət göstərən “Aqrar İnkişaf Könüllüləri” Təşklatına bu günədək 4000-ə yaxın könüllü üzv olub. Təşkilatımız tərəfindən müxtəlif layihə, aksiya və tədbirlərin həyata keçirilməsində 7 000-ə yaxın gəncin iştirakı təmin edilib.  
 

- Azərbaycan gənci Aqrar İnkişaf Könüllüsü olmaq üçün nə etməlidir? Könüllülük fəaliyyətini uğurlu karyeranın başlanğıcı saymaq olarmı?


- Aqrar İnkişaf Könüllüləri sırasına qoşulmaq üçün 16-26 yaş aralığında olan hər bir gənc veb saytımız ( http://agrovolunteers.az )vasitəsilə qeydiyyatdan keçib digər mərhələlərə dəvət olunurlar. Regionlar üzrə DAİM-lərdə fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri 3 ay ərzində fermerlərdən sorğuların götürülməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiq edilməsində fermerlərə dəstək göstərilməsi prosesində, aqrar sahə üzrə spesifik təlimlərdə iştirak edərək bu sahə üzrə biliklərini artırır, vətənpərvərlik istiqamətində müxtəlif aksiya və tədbirlərdə iştirak edirlər. Gənclərin cəmiyyətdə layiqli iş yeri tapması, sevdikləri işdə uğur qazanmasında onların könüllü kimi fəaliyyətinin rolu danılmazdır. Bu baxımdan könüllülük fəaliyyəti uğurlu karyeranın təməlidir.

Təşkilatımızın üzvləri olan gənclərin cəmiyyətə inteqrasiyası, işlə təminatı baxımından onlara faydalı olub. Hazırki statistikaya əsasən 700-dək könüllümüz aqrar sahədə müxtəlif müəssisələrdə işlə təmin olunub və bu sahə üzrə çalışırlar. Aqrar İnkişaf Könüllülərinin 200-ə yaxın məzunu tərəfindən fermer təsərrüfatı formalaşdırılıb, hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.


- Adətən könüllülük fəaliyyəti üçün daha çox gənclər müraciət edir. Yaşı çox olan şəxslərdən sizin təşkilata üzv olmaq istəyənlər olurmu?


- Fəaliyyətimiz ərzində qeyd etdiyiniz xarakterli müraciətlər qeydə alınıb. Regionlarda yaşayan könüllülərimizin fəaliyyətinə daim dəstək olan, təsərrüfatlarında ekskursiyalar təşkil edən və öz təcrübələrini bölüşən fermerlərimiz mövcuddur. Həmin fermərlərə göstərdikləri dəstəyi ictimailəşdirərək onlara minnətdarlığımızı bildirmək məqsədilə “Ayın könüllü fermeri” layihəmizə start vermişik. Bu layihə çərçivəsində qeyd etdiyimiz istiqamətdə fəaliyyət göstərən fermerləri müəyyənləşdirərək aidiyyatı üzrə “Ayın könüllü fermeri”ni seçəcəyik.


- 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi təşkilatın fəaliyyətinə necə təsir göstərdi?


- 2020-ci il ərzində Aqrar İnkişaf Könüllüləri ölkədə karantin rejimi müəyyən olunmamışdan öncə “Gənc Əkinçilər”,  “Laza Qış Düşərgəsi” və region nümayəndəlikləri tərəfindən müxtəlif təlimlər, ekskursiyalar həyata keçirib. Mart ayından etibarən ölkədə koronavirus pandemiyasının yayılması və kütləvi tədbirlərin təxirə salınması ilə Aqrar İnkişaf Könüllüləri də fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalsa da  Ölkə Prezidentinin “Könüllülər ili”ndə könüllülərə çağırış edərək pandemiya ilə mübarizə tədbirlərində aktiv olmağa dəvət etməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bir sıra məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq Aqrar İnkişaf Könüllülərinin hərəkətinə icazənin verilməsi bu istiqamətdə bizim var gücümüzlə çalışmağımızı stimullaşdırdı. Nəticədə təşkilatımız tərəfindən müxtəlif layihələrin icrasına başlanıldı. Belə ki, könüllülərimiz tərəfindən karantin dövründə “Kənd Sovqatı” layihəsi çərçivəsində müxtəlif özəl şirkətlərin dəstəyi ilə 700-dən çox aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı. Bundan başqa, yaşı 65-dən yuxarı olan fermerlərimizin xüsusi risk qrupuna aid edilməsini nəzərə alaraq  həmin yaş qrupuna məxsus fermerlərimizin ehtiyaclarını öyrənilməsi və bu ehtiyacların təminatına dəstək göstərmək məqsədilə tərəfimizdən “Fermerin Dostu” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə 500-dən çox fermerə könüllülərimiz tərəfindən sosial xidmət göstərilib.


Həmçinin, xüsusi karantin rejimi müddətində gənclərin vaxtlarının səmərəli təşkil olunması, “evdə qal” çağırışına dəstək məqsədilə “Oxu Paylaş” aksiyası  həyata keçirilib. Aksiyada bugünədək 300 nəfərdən çox gənc iştirak edib və öz sevdikləri kitablar haqqında qısa videolar çəkərək digər gənclərlə fikirlərini bölüşüblər. Aksiyaya fermerlər, tanınmış şəxslər də qoşulub. Eyni zamanda, karantin dövründə fermer təsərrüfatlarının effektivliyini artırmaq üçün təşkilatımız tərəfindən “Öyrənən Fermer” layihəsi çərçivəsində onlayn məsləhət xidməti fəaliyyətə başlayıb. Təlimlər Kənd Təsərrüfat Nazirliyinin müxtəlif Elmi-Tədqiqat İnstitutlarının tərəfdaşlığı ilə keçirilib.


Ənənələri əsas tutaraq aqrar sahədə yaradıcı fəaliyyətin stimullaşdırılması məqsədilə “Aqroart” Proqramının icrasına başlanılıb. Proqram çərçivəsində uşaqların aqrar sahəyə marağının artırılması məqsədilə “Kids Agro Art” layihəsi keçirilib. Proqram çərçivəsində aqrar sahə üzrə incəsənət nümunələri, filmlər, şəkillər, festivallarda hazırlanmış ekspozisiyalar haqqında mütəmadi olaraq məlumatlar paylaşılıb. Həmçinin, plastik tullantılardan istifadə etməklə yaradılan incəsənət nümunələri ilə bağlı müxtəlif məlumatlandırıcı videolar hazırlanıb.


Ötən il gənclərin aqrar sahə üzrə biliklərin artırılması, aqrar sahədə kadr potensialının inkişafına dəstəyin göstərilməsi məqsədilə peşəkar mütəxəssislər ilə birgə ölkə üzrə gənclər üçün fikir mübadilə platforması olan Aqrar İnkişaf Könüllülərin I Ümumrespublika Veb Forumu  təşkil olunub.Forumda 100 gənc iştirak etdi. Forum müddətində gənclər mütəxəssislərin vasitəsilə lazımi biliklərə yiyələndilər  və peşəkar kadrların təcrübələri ilə tanış olmaq imkanı əldə edə bildilər.


Əsas məqsədi gənclərin aqrar sahə barədə məlumatlandırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi olan və “Azərbaycan Gənclər Fondunun” dəstəyilə həyata keçirilən “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən iştirakçılara təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, aqrar təhsilin önəmi və imkanlar haqqında geniş məlumat verilib. Layihə Zaqatala, Şəki, Qax, Balakən, Oğuz və Şamaxı rayonlarında həyata keçirilib. Layihədə 300 gənc iştirak edib.


Vətən müharibəsi başlandığı gündən etibarən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının və “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü, “Azərbaycan Könüllü Təşkilatları” İttifaqının dəstəyilə “Mətbuat Səngəri” platforması fəaliyyətə başlayıb.  Layihə Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmaq, Ermənistan mediasının yaydığı dezinformasiyaların qarşısını almaq, vətənpərvərlik ruhunun təbliğini özündə ehtiva edib. Layihə çərçivəsində ümumilikdə 100-dən çox gənc bir araya toplaşaraq Qarabağ haqqında həqiqətləri və Ermənistan tərəfindən törədilən təxribatlar haqqında məlumatları “Twitter”, “Facebook” platformaları vasitəsilə dünyaya çatdırırdılar.


Məlum olduğu kimi şanlı qələbə ilə yekunlaşan Vətən Müharibəsində 2855 soydaşımız qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. Aqrar İnkişaf Könüllüləri olaraq ölkə ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına start verdik. Aksiya çərçivəsində hər bir bölgəmizdə qəhrəmanlarımızın ruhunu şad etmək və gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq məqsədilə şəhidlərimizin sayı qədər ağac əkilib.


Ötən il ən vacib hadisələrdən biri də təşəbbüs qrupunda Aqrar İnkişaf Könüllülərinin yer aldığı Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradıldı. Mərkəz çərçivəsində “Böyüklərimizi qoruyaq”, “Könüllü Qonşu”, “Bir-birimizi qoruyaq”, “Könüllü donor” aksiyaları həyata keçirilib və Aqrar İnkişaf Könüllüləri bu proseslerdə xüsusi aktivlik göstəriblər.


- Torpaqlarımızın işğaldan azad edilməsi fəaliyyətinizə necə təsir edəcək? Bu il üçün planlarınız nələrdən ibarətdir?


 - Öncə nəzərinizə çatdırmaq istərdim ki, Vətən Müharibəsində cəbhəyə yollananlar arasında 11 nəfər Aqrar İnkişaf Könüllüsü var. Könüllülərimizdən 2 nəfər ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına şəhid olub.  Şəhid olan könüllülərimizin xatirəsini əbədiləşdirmək məqsədilə “ZəfərimİZin memuarları” layihəsinə başlamağı planlaşdırırıq.  Layihə çərçivəsində şəhidlərimizin ailə üzvlərindən, eləcə də qazilərimizin keçdikləri döyüş yolu ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq, onların göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs olunacaq.


Bundan başqa, ən mühüm layihələrimizdən biri olan, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “AİM-Qarabağ” layihəsinin icrası nəzərdə tutulur. Layihə çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə qeydiyyatda olan 50 gəncin müəyyən edilərək mütəxəssislər tərəfindən onlara təlimlərin keçirilməsi, həmin gənclərə öz doğma torpaqlarında fermer təsərrüfatlarının formalaşdırmaları istiqamətində dəstəyin göstərilməsi planlaşdırılır.  


Bundan başqa, bu ərazilərin tarixən Azərbaycan xalqına məxsus olması, Azərbaycan tarixini dünya ictimaiyyətinə tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə 3 dildə (rus, inglis və fransız) “Keçmişin gələcəyi” adlı animasiya filmi üzərində işləyirik. Bu filmi yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyik. Filmdə Səfəvilər dövründən bu günədək baş verən proseslər, tarixi-mədəni irsimiz haqqında məlumatlar öz əksini tapacaq. Ümid edirəm ki, bu film Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işinə az da olsa töhfə vermiş olacaq.
 

- Bu ilin “Nizami Gəncəvi ili” elan edilməsi fəaliyyətinizdə hansı dəyişikliklərə səbəb olacaq?
 

- Fəaliyyət göstərdiyimiz dövrdə könüllülərimizə milli mənəvi dəyərlərin aşılanması istiqamətində daim iş aparmışıq. Hazırda cari il ərzində bu istiqamətdə görəcəyimiz işlər arasında Nizami Gəncəvinin həyat və yaradıcılığının könüllülərimiz və fermerlərimiz arasında təbliğ etmək də var. Belə ki, Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edib. Dahi şairin “Xəmsə”si ədəbiyyatımızın inkişafında, dünya miqyasında tanınmasında çox mühüm rol oynayıb. Nizami Gəncəvi ili çərçivəsində fermerlərlə sorğu və maarifləndirmə işləri aparılacaq, şairimizin həyatı və yaradıcılığı haqqında onlara məlumatlar veriləcək. Könüllülərin bacarıqlarının üzə çıxması və onların inkişafında mühüm rol oynayacağını nəzərə alınaraq Nizami Gəncəvinin şeirləri əsasında “Könüllülər arasında şeir yarışması”nı həyata keçirməyi planlaşdırırıq. Həmçinin, dahi şairimizin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar 880 ağacın əkilməsini nəzərdə tuturuq.
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]