Azərbaycan Türkmənistan üçün əlavə nəfəslikdir - Azər HƏSRƏT yazır

Azərbaycan Türkmənistan üçün əlavə nəfəslikdir Azər HƏSRƏT yazır

 Azərbaycan Türkmənistan üçün əlavə nəfəslikdir

 

Azərbaycan gündəmi hər keçən gün daha da zənginləşir. Xoş xəbərlər bir-birinin ardınca gündəmə oturur, dosta güvən, düşmənə göz dağı olur. Bu gün də istisna deyil. Rəsmi xəbərlərdə deyilir ki, “Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır”.

Belə baxanda, adi oxucu üçün adi bir xəbərdir. Hətta deyərdim ki, çoxlarımızın alışdığımız, tez-tez eşitdiyimiz xəbərlərdən biri. Lakin heç də belə olmadığını deyə bilərik. Niyə? Səbəbləri açıqlayırıq.

Birincisi, Türkmənistanla Azərbaycan böyük Oğuz elinin o tayı və bu tayıdır. Türkmənlər də biz Azərbaycanlılar kimi böyük Oğuz ailəsinin layiqli övladlarıdır. Hər iki dövlət birlikdə Güney Azərbaycan, Türkiyə, Gagauziya və Kırım türklərinin ümumi ailəsinə daxildir. Bu isə dünya türklüyünün ən azı yarısı deməkdir. Türkmənistanın tərəfsizlik siyasətini nəzərə alsaq, eyni zamanda dünyanın başqa dövlətləri ilə bəzən hətta ikitərəfli münasibətlərə belə çox da meyl etməməsini göz önünə gətirsək, Azərbaycanla bu qədər dərin – isti münasibətlərinin əhəmiyyəti daha da artmış olur. Çünki Azərbaycan, hər kəsə bəllidir ki, heç kimi – heç bir tərəfi inkar etmədən, böyük güclərin kiçik dövlətlərə qarşı təşkil etdiyi kampaniyalardan kənar duraraq, eyni zamanda qlobal güclərin qarşıdurmalarında tərəf olmaqdan cəsarətlə yayına bilən qlobal bir dövlət-oyunçudur. O baxımdan qardaş Türkmənistan dövlətinə hər zaman faydamız toxunub, bundan sonra da toxunacaq. Əlbəttə ki, bu faydanın qarşılıqlı olduğunu qeyd etmək şərtilə.

Hazırda sözügedən “Dostluq” yatağının yalnız maddi əhəmiyyəti yoxdur. Bu yatağın birgə işlənməsi həm də dərin tarixi kökləri olan Azərbaycan-Türkmənistan münasibətlərinin daha da möhkəmləndirilməsi deməkdir. Eyni zamanda qardaş Türkmənistan dövləti – xalqı ilə Azərbaycan arasında iqtisadi inteqrasiyanın yeni bir mərhələyə qədəm qoymasıdır. Bu isə o deməkdir ki, xalqlarımız arasında onsuz da yüksək səviyyədə olan münasibətlər bundan sonra yeni nəfəs qazanmış olacaq. Bunu Azərbaycanla bərabər Türkmənistan da həmişə arzu edib, ona uyğun davranıb.

Bu memorandumun imzalanması həm də bir gerçəyi təkrar təsdiqləmiş oldu: Azərbaycan dövləti bizimlə ən mürəkkəb məsələlərdə belə anlaşmaq istəyən dövlətlərlə dil tapmağı, ortaq məxrəcə gəlməyi bacarır. Məhz bu özəllik bizim dövlətimizi bölgəmizin sayılan-seçilən dövlətinə çevirir.

Əlbəttə, Azərbaycanın belə bir dövlətə çevrilə bilməsi də təsadüf deyil. Bizim istər Türkmənistan kimi doğma-qardaş dövlətlərlə, istərsə də dünyanın ən uzaq guşəsindəki yad-yabançı dövlətlərlə dil tapa bilməyimiz həm də dövlətin rəhbəri, Prezident İlham Əliyevin üstün liderlik və diplomatik bacarıqlarından qaynaqlanır. Gərək olduğunda kompromisə getməyi, gərək olduğunda da sərt mövqe sərgiləməyi bacaran dövlət başçısı Azərbaycanın milli maraqlarını hər zaman – bütün platformalarda çox ustalıqla qorumaqla bərabər qardaş dövlətlərin də maraqlarının müdafiəçisi kimi çıxış etməyi bacarır. O baxımdan Türkmənistanla imzalanan bu memorandum da məhz iki dövlət rəhbərinin qarşılıqlı anlaşması, ortaq maraqların bir-birindən üstün tutulmaması, tarixi bağlara hörmətin təzahürüdür. Biz, Azərbaycan tərəfi olaraq deyə bilərik ki, dövlətimizin rəhbəri bizim ölkəmizlə bərabər qardaş Türkmənistanın da maraqlarına diqqətsiz deyil.

Sonda onu da əlavə edək ki, “Dostluq” yatağının birlikdə işlənməsi Türkmənistanın həm də Azərbaycan üzərindən keçməklə böyük Qərbə çıxması, Rusiya və Çin kimi Şərq nəhənglərinin inhisarçılığına çox uğurlu alternativ təşkil etmək üçün əlavə nəfəslik qazanmasıdır. Təbii ki, burada türk dünyasının inteqrasiyası faktoru da öz yerində.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]