BDU Çinin Anhui Universiteti ilə əməkdaşlıq edəcək - - FOTO

BDU Çinin Anhui Universiteti ilə əməkdaşlıq edəcək - FOTO

Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Çinin Anhui Universiteti arasında Konfutsi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki universitet ilə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu arasında ikitərəfli elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur. Eyni zamanda, səmimi məşvərət, tam hüquqilik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında tərəflərin hüquq, öhdəlik, əməkdaşlıq qaydalarını müəyyən etmək və bununla da Konfutsi İnstitutunun uğurlu fəaliyyətini  təmin etmək məqsədi daşıyır.


İmzalanma mərasiminin moderatoru BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova qonaqları salamlayaraq görüşün əhəmiyyətindən qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilənin Konfutsi İnstitunun inkişafına, eləcə də hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırıb.


Anhiu Universitetinin rektoru Kuanq Quanqli beynəlxalq əlaqələrin universitelərin inkişafındakı rolundan, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs edib, Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.


Onlayn görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. O, Çin Universitetləri ilə BDU arasında xüsusilə təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə, ölkəmizdə son illər elm-təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.


Anhiu Universitetinin xarici əlaqələr üzrə prorektoru Çen Yanley, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və BDU-nun Konfutsi İnstitutunun rəhbəri Oqtay Cəlilbəyli də öz növbələrində qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıblar.


Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Anhiu Universitetinin rektoru Kuanq Quanqli imzalayıblar.


Müqaviləyə Konfutsi İnstitutunun tələbələri üçün Çin dilinə aid yeni proqram, kurs və tədris planlarının hazırlanması, birgə tədris fəaliyyətinin təşkili daxildir. Müqavilə çərçivəsində geniş əməkdaşlıq planlarının nəzərdə tutulduğu qeyd edilib, Konfutsi İnstitunun fəaliyyətinin təşkili və idarə edilməsi də müzakirə olunub.


Konfutsi İnstitutunun inkişafının təmin edilməsi məqsədilə Anhiu Universiteti və BDU birlikdə hazırlanmış inkişaf planına uyğun olaraq İnstitutda tədris və təlimlərin aparılması işini təkmilləşdirmək üçün öhdəliklər götürüb.


Müqavilə çərçivəsində geniş əməkdaşlıq planlarının olduğu qeyd edilib. Görüşdə Daşkənt Dövlət Şərqşünaslıq Universiteti, Anhui Universiteti və Bakı Dövlət Universiteti arasında üçlü diplom proqramının hazırlanması istiqamətində gələcək perspektivlər müzakirə olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]