Küveyt Dövlətinin milli bayramı şərəfinə -

Küveyt Dövlətinin milli bayramı şərəfinə

Fevralın 23-də Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 51-ci ildönümü münasibətilə “Kempinski Badamdar” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə səfir Ğəssan Yusuf əl-Zəvavi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 21-ci ildönümünə həsr olunduğunu bildirmişdir. Səfir ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Küveyt və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Səfir Küveyt ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir. O, bütün bunların Prezident İlham Əliyevin 2009-cu ildə Küveyt Dövlətinə səfəri zamanı qəbul edilmiş qərarların uğurla həyata keçirilməsinin nəticəsi olduğunu söyləmişdir.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir qeyd etmişdir ki, son vaxtlar Azərbaycan və Küveyt arasında müxtəlif sahələri əhatə edən münasibətlər yüksələn xətt üzrə inkişaf edir. M.Mərdanov əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.
Təhsil naziri Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləmişdir.
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak etmişlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !