MƏNZƏRƏ SADIQOVA: ÖZ İÇİNDƏ AZAN QADIN

MƏNZƏRƏ SADIQOVA: ÖZ İÇİNDƏ AZAN QADIN

MƏNZƏRƏ SADIQOVA: 
 ÖZ İÇİNDƏ AZAN QADIN

 

Qadın ədaləti axtarırdı. Əslində başa düşürdü ki, küçələr onun yeri deyil. Amma ədaləti harada tapmaq mümkün olduğunu bilmədiyi üçün baş götürüb küçələrə üz tutmuşdu. Hər tərəfə göz gəzdirir, içində götür-qoy edə-edə sağa-sola boylanır, asfalta diqqətlə baxır, adamları sualedici nəzərlərlə süzürdü. Sanki “yerini bilirsinizsə mənə də deyin, kömək eləyin” - deyirdi. Yağış saçlarından süzülsə də, eyninə almırdı. Bu gün özünə söz vermişdi: ədaləti tapmayınca evə dönməyəcəkdi.
Bu minvalla küçələrdə dolaşa-dolaşa ədalətin görüşünə tələsirdi. Beynində min dərənin suyunu bir yerə yığmışdı. Qəfildən tələbə vaxtı sərtliyi və baməzəliyi ilə ad çıxarmış Cəmil müəllim yadına düşdü. Dövlət imtahanında ixtisasdan Qadına “dörd” yazmışdı. O da hirslənib müəlliminin üzünə ağ olmuşdu. “Bir az ədalətli olun” - demişdi.
Yerindən dik sıçrayan müəllim çəkinibeləmədən hamının gözü qabağında iri pəncəsini qeyzlə parketin üzərində oynadaraq şəhadət barmağını yerə tuşlamışdı:
– Ədalət axtarırsaaan? Bax, budur ədalət dediyin, ayağımın altında! Tarakan kimi əzirəm onu! Gördüüün?
Müəllimin hirsi-hikkəsi hələm-hələm soyumamışdı. Təpiyini yerə döyə-döyə pəncəsiylə döşəməni əzişdirməyi xeyli davam etmişdi.
– Məzun olanıma bax. Hara təyinat alıbsan?- deyə bərəlmiş gözlərini qıza zilləmişdi. Sualına cavab gözləmədən əlini yelləmişdi:
– Getdiyin yerdə də demaqogiya ilə məşğul olsan, vay sənin halına. Savadına çox da güvənmə. Qılığın olmalıdı, qılığın.
Ürəyi soyumayan müəllim yerinə qayıdanda başını yelləyə-yelləyə dodaqaltı söylənmişdi:
– Allahın dünyadan bixəbər bəndəsi. İki termin əzbərləyib, bir-iki dil öyrənib, elə bilir alçacıq dağları bu yaradıb.
O vaxtdan illər keçirdi. Amma Qadın o hadisəni hər xatırlayanda həmin günkü kimi ağır hisslər yaşayırdı. Sanki müəllim tarakana bənzətdiyi ədaləti yox, qızın özünü tapdalayıb əzmişdi. Dövlət imtahanından yazılan “dörd” qırmızı diplomun yoluna sipər çəkmişdi. Bu, ədalətsizliklə ilk qarşılaşması deyildi. Amma bu dəfə ömürlük sarsılmışdı.

...Əvvəldən-axıra “beş”lə oxuduğu orta məktəbi bitirəndə qızıl medalı ona yox, təzə prokurorun qızına vermişdilər.Həmin gün ana-bala sarılıb hönkür-hönkür ağlamışdılar. Atası utandığından günlərlə qızının üzünə baxa bilməmişdi.
Universitetə qəbul xəbəri çıxan günsahilə gedib ədalətlə haqq-hesabını çürütmüşdü. Dənizə hayqırmışdı:
– Ədaləəət, sən nə qəribə şeysən?! Gah görünürsən, gah yox olursan. Qızıl medalımı niyə vermədin? Niyəəə???
Sevinci kədərinə qarışan tələbə qız duyğularına azadlıq vermişdi. Əlindəki jurnalı yelləyə-yelləyə səsi yetdikcə bağırırdı:
–Medalımı yesələr də, biliyimi əlimdən ala bilmədilər. Budur bax, universitetə girdim! Arzuma çatdım!
Günəş qüruba enənəcən sahildə oturub üfüqə baxmışdı. Havanın gözəlliyini, masmavisəmanı, ahəstə-ahəstə yerini dəyişən pənbə buludları seyr etmişdi. Çirkin hadisələri bu gözəl aləmə yaraşdıra bilməmişdi. Ləpələri izlədikcə ovqatı ağrılı düşüncələrdən arınmışdı. Yavaş-yavaş eyni açılmışdı. Sahildən ayrılarkən bir daha üzünü dənizə tutub pıçıldamışdı:
– Sürüşkənsən, sürüşkən. Bir varsan, bir yoxsan. Niyə beləsən, ədalət? Hərdəmxəyalsan?..
Tələbə adı bütün ailəni sevindirmişdi. Hələ ata üçün əsl bəraət olmuşdu.Amma qızıl medalın yerini doldura bilməmişdi...
***
Ədalət axtaran Qadın ağır xatirələr aləmindəçabalayırdı ki, birdən gözü yağış gölməçəsindəki yalın ayaqlara sataşdı. Qadın özü də əməlli-başlı islanmışdı. Səhərdən başlayan yağış kəsmək bilmirdi. Amma yalın ayaqları görüncə səksəndi: “Məndən betər gündə olanlar da varmış...”
Yağış gölməçəsindəki yalın ayaqlar onu başını yuxarı qaldırmağa vadar etdi. Qadın anlaşılmaz bir görüntüylə qarşılaşmışdı. Yalın ayaqları çılpaq baldırlar müşayiət edirdi. Nəzərləri dizə çatanda şalvarın tikiş boyu söküldüyünü, ya da qəsdən cırıldığını və balaqların küləkli havada yelləndiyini gördü. Heyrətlə başını qaldırıb bu licimin yiyəsinə baxdı.
Boynunu kirli plaşının qapqara xətt kəsmiş yaxalığına sıxaraq qadının reaksiyasını izləyən kişinin qəribə görkəmi vardı. Çiyninə tökülmüş uzun saçları ətəklərdə burulurdu, sifətində imtina olunmuş ziyalılığın ifadəsi donub qalmışdı. İmicinə görə ya ağlını itirmiş rəssama, ya da dünyaya meydan oxuyan sərsəriyə bənzəyirdi. İri gözlərində sayrışan kinayəli işıqlar, bir də düymələri açıq plaşının küləkdə yellənən kəməri olmasaydı, qarşıdakı məxluqun canlı insan olduğuna şübhə edərdi.
Kişinin dirsəkləri ilə bədəni arasındakı boşluqda yaranan üçbucaqlar qəribə bir tərzdə şəkildən-şəklə düşürdü. O, əllərini harasa bənd eləmişdi: şalvarın ciblərinəmi, toqqasınamı? Ani baxışda Qadın bunu ayırd edə bilmədi. Sürətlə oradan uzaqlaşmaq istədi.
Kişi ağacın altında durub guya yağışdan qorunurdu. Əslində qorunub- eləmirdi, halından razı vəziyyətdə yağışa meydan oxuya-oxuya yoldan keçənləri seyr edirdi. Bəlkə də ürəyində geyimli-kecimli, çətirli insanlara gülürdü, lağ edirdi. Onun təhər-töhründə baxanı qıcıqlandırannəsə vardı. Qarşıdakına fikrini cəmləşdirmək imkanı vermirdi, duyğuları pərən-pərənə salırdı.
Qadın rastlaşdığı görüntüdəntəsirlənmişdi, təzadlı duyğular yaşayırdı, kişinin nüfuzedici baxışlarını görüb bir az da qorxdu. O baxışlar rentgen şüası kimi adamların içindən keçib gedirdi...
“Yoox, bu hal yoxsulluqdan ola bilməz. Dilənçi də deyil. Görəsən, bu halıyla insanlara nə demək istəyir? Məramı nədir?” Tapmacalı düşüncələrdən Qadının ürəyi necə sıxıldısa, daha küçədə duruş gətirə bilmədi. Evinə üz tutdu.
***
Duman dağı sardığı kimi qarmaqarışıq düşüncələr beynini əsir almışdı. Evə girəndən divana çöküb qalmışdı. Sanki dünyanı çiyinlərinə yükləmişdilər. Ədalət məsələsi yaddan çıxmışdı. Bütün vücudu sızlayırdı. Yağışda əməlli-başlı islandığının indi fərqinə vardı. “Mənə nə oldu? Niyə bu hala düşdüm?” - deyə fikirləşirdi ki, üç gündən bəri heç nə yemədiyini də xatırladı.
Hər dəfə belə olurdu. Haqsızlığa uğrayan kimi yeməkdən-içməkdən kəsilirdi. Ümidi qalmasa da, yenidən ədalətin axtarışına çıxırdı. Tələbəlikdən bəri ədalət axtarışını vərdişə çevirmişdi. Ruhi sarsıntılarını bu yolla sakitləşdirirdi. Sanki Cəmil müəllim o məsələni qızın beyninə qazımışdı.
Nə olursa-olsun Qadın ədaləti tapacaqdı, onu yaşadığı cəmiyyətdə bərqərar edəcəkdi, haqsızları düz yola çəkəcəkdi. Günün birində ədalətdən nəsibini alacaqdı. Amma...hər dəfə evinə əliboş dönürdü. “İkili standartlardan şikayətlənən siyasətçilər bilmirlər ki, mən işlədiyim idarədə yetmiş ikili standartla qarşılaşıram. Bir bilsələr...”

Əri uzaq ellərdəydi, qürbətdəişləyirdi. Oranın havasını götürə bilmədiyinə görə Qadın vətənə dönmüşdü. Həm də burada yazı-pozu sifarişi almaq imkanı daha genişiydi. Bütün mehrini işinə salmışdı. Uşaqlar daböyümüşdülər, indi Avropada oxuyurdular. Ataları onların xərcliyini zorla çatdırırdı. Ər-arvad “çətin günün ömrü az olar”,-deyə bütün arzularını dondurub gələcəyə saxlamışdılar. Qadın başının çarəsini özü qılırdı. Əynindən-boğazından kəsib uşaqlarına da pul yollayırdı. Övladları korluq çəkməsin deyə hər əziyyətə qatlaşırdı.
***
Həyatı boyunca qarşılaşdığı irili-xırdalı haqsızlıqlar üç gündür yaxasından yapışıb əl çəkmirdi. Qadın diqqətini gerçək bir işə kökləmək istədikcə keçmişindəki uğursuzluqlar gün işığına çıxırdı.
“...Alimlik mənə yaman baha başa gəldi. Elmi ad almaq üçün mövzumu üç dəfə dəyişdilər. Üç dəfə. Birincisinitoydan qabaq bitirdim, iş hazır olanda dedilər ki, guya o mövzu başqasının adına təsdiqlənibmiş... Mən də sadəlöhvcəsinə inandım. “Mənə gərək olmadı, bəlkə sənin işinə yarayar”,- deyə hazırca dissertasiyanı peşkəş etdim. Sonradan öyrəndim ki, elmi katib təzə cananına hazır iş axtarırmış, mənim ağzımı yoxlayanda hədəfə düşüblər. Amma gec idi, qürurum yol vermədi məsələni açıb-ağartmağa.
İkinci tədqiqata lap yanıram. Körpələrimdən çox zaman kəsmişdim onu yazanda. Müdafiə ərəfəsində məlum oldu ki, həmin mövzu Norveçdə işlənib. Bəxtə bax ki, orada yenicə müdafiədən keçmişdi. Mənim işim ləğv olundu.
Axırı, üçüncü cəhdim uğurlataclandı. Amma bir namizədlikdən ötrü üç dəfə dissertasiya yazmaq məni elə yormuşdu ki, doktorluq fikrindən vaz keçdim. Beynimi satmağa qərar verdim. Ta ki...”

İşlədiyi idarədə şöbə müdiri vəzifəsi onun halal haqqıydı, illərdən bəri can qoymuşdu. İnanırdı ki, bu dəfə olacaq, “ədalətlə yanaşsalar bu dəfə haqqımı alacam, maaşım da artacaq”. Amma yer boşalan kimi göydən zənbillə düşən birini oturtmuşdular kürsüdə, üstəlik işin məsuliyyətini də Qadına yükləmişdilər ki, sən təcrübəlisən. Bu da onu lap sarsıtmışdı.
Həmin axşam evlərində çox qızğın ədalət çək-çeviri getmişdi. Böyük oğlu demişdi ki, ana, bəsdir ədalət axtardığın. Ədalət olsaydı, ermənilər Qarabağı ələ keçirə bilməzdilər! Ədalət olsaydı, Xocalı soyqırımı baş verməzdi!
Kiçik oğlu doluxsuna-doluxsuna əlavə etmişdi ki, ədalət olsaydı, İlqarla Larisa 20 Yanvarda ölməzdilər. Məktəbli uşaqlarıydılar. Onların nə günahı vardı?
Oğullarının məsələyə daha dərin baxışı ananı kövrəltmişdi, bir az da utandırmışdı: “Mən öz dərdimin hayındayam, balalarım dünyanın dərdini çəkir. Budur bax yeni nəsil. Fərasətli övladlarım! Ədalətigör haralarda axtarırlar?!Onların baxdığı səmtdə analarının uğursuzluğu çox cılız görünür.”
Söhbətin ardı isə Qadına sillə kimi dəymişdi:
– Ana, ədalət axtarırsan, eləmi? Onda özün niyə ədaləti qorumursan? Bisavadlara dissertasiya yazıb alim edirsən. Onlar da gəlib layiqlilərin yerini tutur.
– Mən çörək pulu üçün...
– Həə? Onda niyə narazısan? Pulunu alıb alim eləmisən, o dagəlib sənin müdirin olub.
Bu məqamda bayaqdan söhbəti izləyən ataları Səməd “mübahisəni kəsin”,- deyə oğullarına çəmkirmişdi. Çünki Qadın suç üstündə yaxalanmış kimi qıpqırmızı pörtmüşdü, sinəsi körük kimi qalxıb-enirdi.
Ürəklərində ər-arvad ikisi də ciyərparələrinə haqq vermişdilər: “Düz deyirlər.”

Oğul tənəsi onu silkələmişdi. O gündən sonra kütbeyinlər üçün dissertasiya yazmağı tərgitmişdi. Doktorluğunu yazıb müdafiə eləmişdi. Universitetdə dərs götürmüşdü. Çətinliklə də olsa, zamanı gəlincə professor adını almışdı. Gec olsa da, güc olmuşdu. Kitabları, dərslikləri əldən-ələ gəzirdi. Bir sözlə, elmi karyerasının qızıl dövrünü yaşayırdı.
O illərdə aldığı cüzi maaşını Səmədin qazancının üstünə qoyub qənaətlə evi idarə etmişdi. Səməd də ildə iki dəfə öz hesabına məzuniyyətə çıxıb Rusiyaya, Ukraynaya meyvə-tərəvəz aparırdı. Babat dolanırdılar.Elə dost-tanışların da çoxu onların günündəydi. Hərə bir yolla evini dolandırırdı: İran sabunu satan kim; soyuq ölkələrə yayda ərik, alça, şaftalı, qışda xurma, naringi, feyxoa daşıyan kim; kənddə şərikinə əkin əkdirən, mal-qara saxlatdıran kim; Almaniyadan köhnə maşın gətirib satan kim...Bir sözlə, çətin günlər idi, amma keçdi.
Oğulları dalbadal Avropa universitetlərinə qəbul olunanda Qadın məcburən yenidən köhnə peşəsinə qayıtmışdı. Yenə sifarişlə elmi iş yazırdı...
***
Zaman elə sürətlə şütüyürdü ki, Qadın fürsəti nə vaxt fövtə verdiyini anlaya bilmirdi. Akademiyadakı son akademik seçkilərindənsonra özünü tamam tükənmiş hiss edirdi. “Hələ cavansan, çatdırarsan”,- deyə ondan da cavan olan namizədi, hansısahəsənağanınqohumlarından olanı müxbir üzv seçmişdilər. Ədalət yenəonunla gizlənpaç oynayırdı. Gizli səsverməni ikicə səslə uduzmuşdu. “Əslində belə şeylər öncədən təşkil olunur.Mən harada yanlışlığa yol verdim?Hamıya bir-bir zəng etməliydim? Axı, hamı hamını tanıyır...Nə ehtiyac vardı ki?.. Düşünməkdən beynim yanır. O vaxt, məzun olanda... o kobud müəllim təpiyini yerə vura-vura bəlkə elə həyatın bu üzünü başa salmağa çalışırmış?”
Əgər akademiyaya müxbir üzv seçilsəydi, ümdə arzusuna çatmağa bircə addım qalırdı. Gələn seçkilərdən birində həqiqi üzvlüyə namizədliyini verəcəkdi və tale yar olsa, akademik olacaqdı. Qadın üçün “akademik” adını daşımaq hər cür vəzifədən üstünüydü, şərəfliydi. Çünki ömrünü elmə həsr etmişdi, necə deyərlər, saçlarını bu yolda ağartmışdı.

Küçədə rastlaşdığı ayaqyalın kişi müəmması da bir yandan beyninə həkk olunmuşdu, ədalət axtardığı yerdə belə bir adamla qarşılaşması onu sual yağışına tutmuşdu. “Bu nəyə işarət idi? Görəsən o kişi kimdir? Və niyə o licimdəydi? Özü də ziyalıya oxşayırdı. Bəlkə o da ədalət axtarırdı? Deyəsən, mənə rişxəndlə baxırdı.”
İri pəncə altında ədalətintarakan kimi əzildiyi səhnə yadına düşən kimi əti ürpərdi, canı sıxıldı. “Mənim indiki yaşımdan da böyük idi Cəmil müəllim, dünyanın hər üzünü görmüşdü. Bəlkə təcrübədən çıxış edirdi?”
Qadın mübariz ruhluydu. Əvvəl-axır ədaləti tapacağına özünü inandırmışdı. Əksini düşünmək istəmirdi. Amma o da vardı ki, haqsızlığa uğrayan kimi möhkəm sarsılırdı, özünə hakim ola bilmirdi. Səməd həmişə deyirdi ki, haqsızlıq qarşısında özünüidarəetməni itirməyin sənin ən zəif cəhətindir, özünü ələ al.

Son illər çevrəsi tamam daralmışdı. Günləri o qədər yeknəsəq keçirdi ki, yaşadığından şübhələnirdi. İş-ev, ev-iş. Eyni qayğılar və eyni adamlar. Problemlər də dəyişmirdi. Sanki həyatının bircə gününü lentə almışdılar və təkrar-təkrar ona göstərirdilər. Daha kitabxanalara da az-az yolu düşürdü. Axırıncı dəfə nə vaxt teatra getdiyini xatırlamırdı. Zəmanənin gətirdiyi qayğılar insanları bir-birindən soyutmuşdu, yaşam tərzlərini dəyişmişdi. Hər gün içindəki çatışmazlığı görən Qadının gözündə dünya bomboş diyara çevrilmişdi, adamlar da çeşid-çeşid zalımlar və məzlumlar kimi görünürdülər.
***
Ömründən keçən bu günün də arxasınca qəmli-qəmli baxan Qadın qalxıb albomları götürdü. Xoşbəxt şəkillərinə baxmağı sevirdi. Acılı-şirinli həyatda xoş günləri də çox olmuşdu. İstəklərinə gedən yolda çəkdiyi əziyyətlər onu yorsa da, yıprada bilməmişdi. Addım-addım irəliləmişdi. Ürəyində bircə nisgili qalmışdı: hələ də ədaləti tapammamışdı.
Cavanlıqda xeyli gözəgəlimli olmuşdu. Albomda ən bəyəndiyi şəklini görüncə ürəyi qubar etdi. Durub güzgünün önündə dayandı. Ona elə gəldi ki, şəkildəki gənc qız güzgüdəki xanıma istehzayla baxır.
Qadının boyalı saçları gicgahlarındakı ağarmış telləri örtə bilmirdi. Qırx beşin astanasınayenicə qədəm bassa da, başı sürətlə ağarırdı. Yuxusuz gecələrin ərməğanı olan həlqələr gözünün altına həmişəlik kölgə salmışdı. Çörək pulu dərdindən ona-buna məqalə, elmi iş yazmaqdan vaxtsız qocalmışdı. Burnundan çənəsinə qədər uzanan qırışlar kəlbətinə bənzəyirdi, sanki çürük dişləri çəkməkçün hazır dayanmışdı. Bədənnüma güzgüdə vücudunu başdan-ayağa süzən Qadına elə gəldi ki, əvvəlki qamətindən əsər-əlamət qalmayıb, çiyinləri önə doğru meyllənib. Yaşadığı bu hiss onu lap həyəcanlandırdı: “Səməd məni belə görsə...”
Fikrini tamamlamağa qorxdu. Azacıq tərəddüddən sonra yenidən güzgüdə özünü süzməyə davam etdi. Qadın gah şəklə nəzər salır, gah güzgüdəki xanıma baxırdı. İkisini də yad adam kimi görməyə çalışırdı. Dürüst qiymət vermək istəyirdi. Tərəfsiz.
Birdən həvəsi söndü. Keçmişə səyahət gözündə mənasızlaşdı. Saata baxdı. Gecə yarılanırdı. Albomları örtüb yerinə qoydu. Canının ağrısı azalmışdı. Beyni hələ də “yanırdı”. Qadın öz içində azmışdı: yenə ədalətin dalınca düşsün, yoxsa???
Mütləq bir qərara gəlməliydi. Belə davam edə bilməzdi. Fikrində qismətinə düşən ədalət payını götür-qoy etdi. Həyatının bütün vacib dönəmlərindəədalətsizliklə toqquşmuşdu. Çox uğraşmışdı. Nəyi dəyişə bilmişdi ki?

Hələ şəkillərin təsiri altındaydı. Ayaqyalın kişi də gözünün önündən getmirdi. “Karyerada can atdığım, layiq olduğum mərtəbəni qazana bilmədim, yolumu kəsən çox oldu... Barı ailəmdən bərk yapışım. Səmədin yanına getmək vaxtıdır. Hamımız üçün rahat olar. Oraların havasına da birtəhər dözərəm.”
Qeyri-ixtiyari Qadını gülmək tutdu: “Deyəsən yaşlanmaq gözünü qorxutdu ha, ədalət axtaran xanım?! Gənclik mübarizəni sevər, cavanlıqəldən getdikcə insan rahatlığa meyllənər. Axır ki, sən də rahatlığı seçdin?”
Ağlına gələn fikirdən dodaqlarındakı təbəssüm dondu: “Eybi yox. Hələlik qoy belə olsun. Hələlik...”

oktyabr 2014 -yanvar 2015

MƏNZƏRƏ SADIQOVA: 
 ÖZ İÇİNDƏ AZAN QADIN

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]