Züriyə Qarayeva: Mədəniyyət incisi - Şuşa

Züriyə Qarayeva: Mədəniyyət incisi - Şuşa

 Mədəniyyət incisi - Şuşa

 

Azərbaycan bütöv bir bədəndirsə, Şuşa onun ürəyidir. Azərbaycan xalqının qürur və fəxarət mənbəyi olan qədim Şuşa yağı tapdağından azad olundu. "Qafqazın Parisi", Qarabağın incisi olan Şuşa həm də qədim yaşayış məskənidir. Şanlı tarixi keçmişi ilə öyünür qədim Şuşa. Alınmaz qalanın təməlinin dəqiq tarixi məlumdur - 1750. Pənahəli xanın əmri ilə Təbrizdən, Ərdəbildən və digər şəhərlərdən xan üçün yeni binalar və saray tikən məşhur ustalar dəvət edildi. Qalanın "İrəvan" və "Gəncə" adlanan iki qapısı var idi. 1755-ci ildə Şuşa Qarabağ Xanlığının paytaxtı oldu. 1795-ci ilə qədər burada 10 mindən çox insan yaşayırdı. Şuşa memarlığı üzrə aparıcı mütəxəssis, rəssam və memar Elturan Avalov Birinci mərhələdə qala divarları və sarayları ucaldarkən, şərq hissəsinin-Aşağı Məhəllələrin meydana gəlməsi Şuşanın əsası qoyulduğu zamana aid edilir. İkinci mərhələ, şərq hissəsinin yuxarı hissəsinin inşa edildiyi- Yuxarı Məhəllələrin meydana gəldiyi dövr İbrahim Xəlil xanın (1762-1806) hakimiyyəti dövrüdür. Və nəhayət, 1805-ci ildən bəri şəhərin üçüncü mərhələsi onun qərb hissəsinin inkişafına səbəb oldu. Tarixçi və vəzir Mirzə Vəli Baharlı (1725-1795) əsərlərində Şuşanın məskunlaşmasının şərq aşağı hissəsində yerləşən Çuxur Məhəllədən yazır. Şəhərin kütləvi inkişafı Pənahəli xanın oğlu - İbrahimxəlil xanın (1732-1806) dövründə başladı. Bu zaman Qarabağ xanlığı ən güclü Azərbaycan xanlıqlarından biri oldu. Ölçülərinə görə fərqli və ərazi ilə əlaqəli konfiqurasiyasında bir başqa yeni mərhələ, Qarabağ xanlığının çiçəklənmə və güc zirvəsi 17-18-ci əsrlərə təsadüf edir. O zaman şəhərin ən yaxşı memarlıq binaları tikildi. O anda Şuşanın 17 məhəlləsi 4 yerə bölündü. Bunlardan doqquzu aşağı: Qurdlar, Seyidli, Quyuluq, Çuxur, Dördlər yurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala və Culfalar, səkkizi yuxarı: Mərdinli, Saatlı, Köçərli, Mərcanlı, Dəmirçilər, Mamayı, Hamamqabağı və Təzə məhəllə.

Hər məhəllənin məscidlərinin yerləşdiyi ərazi (Aşağı Gövhər-Ağa, Yuxarı Gövhər-Ağa, Malybəyli-Ağa, Qaybala, Şirlan və s.) ilə yanaşı bir məktəb və ya bir mədrəsə ilə öz icma mərkəzi var idi. Hamam, ticarət mərkəzi və bulaqlar (Meydan, İsa, Saxsi, Şor,Ovdan, Xan qızı Natəvan və s.) da şəhərə bir gözəllik verirdi. Sakinlər qürurla özlərini Qalalı adlandırdılar.

Köhnə Şuşadakı evlər əsasən malikanə tipli idi. Hamısının meyvə bağları vardı və ətrafı daş hasarlarla əhatə olunmuşdu. Küçələrin kəsişməsində, piyadaların və nəqliyyatın rahatlığı üçün hasarların və ya evlərin küncləri kəsilmiş daşla hörülmüşdü. Səkilər böyük düzbucaqlı daş lövhələrlə örtülmüşdü. Küçələr parket daşları ilə döşənmiş, mənzərəli bir şəkildə dolaylı, dik qalxışlar və enişlər var idi. Şuşanın küçələri yağ lampaları ilə işıqlanırdı. XIX əsrin sonlarında şəhərdə təxminən 30 belə lampa var idi.

Təbiəti dillərə dastandır Şuşanın. Səfalı yaylaqları, füsunkar Cıdır düzü, soyuq, xeyirli, dumduru İsa bulağı, Turşsuyu Şuşanı bütün dünyaya tanıtdırıb. Cıdır düzü Şuşanın daha yüksək hissəsindədir. Cıdır düzü Daşaltı çayının 200 metr aşağısından axan Daşaltı dərəsinə baxır. Cıdır düzünün kənarındakı cığır Xan mağarasına doğru gedir. Xan mağarası erməni vandalizminin qurbanı olan arxeoloji abidələrimiz sırasındadır. İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən biridir. Yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Şuşa həm də mədəniyyətimizin incisidir. Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır. Qarabağ torpağı həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi şair və yazıçıların Vətənidir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”. Bu baxımdan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, musiqi mərkəzi adlandırılması mədəniyyətimizdə iz qoymuş dünya şöhrətli dahilərin ruhlarını da şad etdi. Ecazkar səsləri ilə bir çox ölkələrdə ayaqüstü alqışlar qazanan Qarabağ müğənnilərinin yeni nəsil davamçıları, məhz bu mərkəzin yaradılması ilə dilbər guşəmiz olan Qarabağı, ölməz şəhidlərimizin qanı ilə azad olunan Xarı bülbülün yeganə vətəni olan Şuşanı dünyada daha geniş təbliğ edəcəklər. Sonda sözlərimi Prezident İlham Əliyevin tarixi çıxışında söylədiyi fikirlərlə tamamlamaq istəyirəm: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Züriyə Qarayeva

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]