Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev lektoriyasının ilk məşğələsi keçirilib -

Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev lektoriyasının ilk məşğələsi keçirilib

 Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev lektoriyasının ilk məşğələsi keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyası keçirilib.

“Heydər Əliyev və dil siyasəti” mövzusunda keçirilən ilk lektoriyanı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev dahi lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin inkişaf etdirilməsi, dilin yad təsirlərdən qorunması üçün misilsiz xidmətləri haqqında elmi diskussiyaların aparılmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir. Heydər Əliyev lektoriyasının keçirilməsinin əsas məqsədlərindən biri də məhz fenomen şəxsiyyət Heydər Əliyevin dəyərli ideyalarını gənc nəslə layiqincə çatdırmaqdır.

Vurğulanıb ki, ümummilli lider Ana dilini sadəcə öyrənmək yox, onu ürəkdən sevməyi də tələb edərək deyirdi: "Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun".

“44 gün ərzində İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfəri, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə bütün sahələrə göstərdiyi xüsusi qayğının, uzaqgörən siyasətinin nəticəsi olaraq qiymətləndirmək lazımdır”- deyə direktor vurğulayıb. Bu gün çox böyük inamla demək olar ki, ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına göstərdiyi qayğı, dahi liderin siyasi və layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, bir sıra xalqlar bugün Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.

Sonra Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sənubər Abdullayevanın “Heydər Əliyev və dil siyasəti” mövzusunda geniş məruzəsi dinlənilib.

Professor, dilimizin dövlət müstəvisində tanınmasının, onun milli və beynəlxalq arenalarda təmsil olunmasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladaraq vurğulayıb ki, dahi rəhbərin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, Azərbaycan dili də dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.

Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Məhz həmin dövrdə keçən əsrin 60-80-ci illərində Azərbaycanda dilçilik elmi xüsusilə zəngin inkişaf yolu keçmiş, böyük uğurlar və elmi nailiyyətlər qazanmışdır. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Yenə həmin dövrdə Azərbaycan keçmiş Sovetlər İttifaqında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmışdır. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.

Qeyd olunub ki, şifahi ədəbi dilimizin ilk abidələrindən sayılan, milli varlığımızın mötəbər qaynağı olan "Kitabi-Dadə Qorqud" dastanının 1300 illik yubileyi haqqında 1997-ci ildə Heydər Əliyevin imzaladığı Fərman məhz tariximizə, mədəniyyətimizə, dilimizə göstərdiyi böyük qayğının nəticəsidir. Vurğulanıb ki, Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd olunur.

Tədbir müddəti MEK tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında müdrik kəlamları və dahi liderin dil siyasətini müxtəlif aspektlərdən tədqiq edən alimlərin əsərlərinin yer aldığı videoslayd nümayiş olunub.

Sonda professor Sənubər Abdullayeva MEK-in xatirə kitabına ürək sözlərini yazıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]