Ağalar İDRİSOĞLU: - İki yüz ilin ən böyük tarixi qələbəsi

Ağalar İDRİSOĞLU: İki yüz ilin ən böyük tarixi qələbəsi

  İki yüz ilin ən böyük tarixi qələbəsi

Əli Şimşək: “Hər şeyin zamana ehtiyacı var”.

 

Xalqımızı dünya xalqları arasında çox yüksək səviyyəyə yüksəldən, dünya xalqlarının bizə qarşı böyük marağını yaradan 44 günlük Vətən Müharibəsi, millətimizin nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu, hər bir azərbaycanlı üçün böyük qürurverici hadisə oldu. Məhz buna görə də ziyalılarımız mətbuatda Vətən Müharibəsi ilə bağlı özlərinin orijinal fikirlərini yazırlar. Bədii ədəbiyyatla, jurnalistika ilə məşğul olanlar da həmin tarixi hadisəni bədii, publisist formada vəsf edirlər. Bizim belə maraqlı şairlərimizdən, nasirlərimizdən biri də artıq Azərbaycan oxucularına uzun illərdir ki, yaxşı tanış olan Əli Şimşəkdir. Əli Şimşək çox maraqlı dedektiv əsərlərin müəllifi olmaqla birlikdə, həm də maraqlı şeirlərin, poemaların müəllifidir. Qarabağ hadisələri başlayan dövrdən, yəni 1988-ci ilin fevral ayından həmin hadisələrlə bağlı, millətimizin başına gətirilən bu dəhşətli oyunlar, Birinci Qarabağ müharibəsində uduzmağımız, 7 illik müharibədə 20 mindən çox şəhid verməyimizlə bağlı kəskin süjetli şeirlər, poemalar və hekayələr də yazıb Əli Şimşək. Onun bu bədii əsərləri də maraqla qarşılanıb və çox oxunur. Bir daha mən çoxminli oxucularımızı Əli Şimşəklə daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Əli Şimşək (Bayramov) 1945-ci ilin sentyabr ayının 26-da Masallı rayonunun Böyük Təklə kəndində anadan olub. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, prokurorluq orqanlarında çalışdığından yazdığı şeirləri, poemaları, dedektiv hekayələri, povestləri, romanları mətbuatda çap etdirməyib. Amma müstəqillik illərimizdə dostu, şair-jurnalist Sahib Əliyevin təkidi ilə o, bədii əsərlərini çap etdirməyə başlayıb. Bu gün Əli Şimşəyin ( Bayramovun) 10-dan çox kitabı işıq üzü görüb. Mən onun “Şamilin səsi”, “Vahimə”, “Göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr”, “Əllinci patronun izi ilə”, “Milyonların mənbəyi” və başqa kitablarını oxumuşam. Bu kitabların hər biri yüksək peşəkarlıqla və çox maraqlı, kofliktli, kəskin qialoqlarla yazıldığına görə maraqlı səhnə əsərləri və kino filmlər üçün də çox maraqlı ssenarilər ola bilər. Ona görə də bu gün teatrlar üçün maraqlı pyeslər və kino filmlər üçün ssenarilər az olduğu vaxtlarda, teatrlar üçün pyes yazan dramaturqlara və kino dramaturqlara, rejissorlara tövsiyyəm budur ki, Əli Şimşəyin yaradıcılığına müraciət etsinlər. Onun dedektiv əsərlərini səhnələşdirsinlər. Çünki bu gün Azərbaycanda dedektiv janrını ən mükəmməl bilən yazıçılardan birincilərindən biri məhz Əli Şimşəkdir.
Mən onunla Vətən Müharibəsi ilə bağlı fikir mübadiləsi apardım.
-Əli müəllim, neçə müddət idi ki, sizinlə görüşüb, Vətən Müharibəsi ilə bağlı fikirlərinizi oxucularla bölüşmək istəyirdim, amma macal olmurdu. Bu müharibə prokurorluq orqanlarında çalışan peşəkar mütəxəssis və yaradıcı ziyalı kimi sizdə hansı hissləri daha qabarıq ortaya çıxartdı?
-Açığı hər bir azərbaycanlı kimi 32 ildir bu nisgil məni də çox möhkəm sarsıtmışdı. Hətta bir vaxtlar Xocalı, Ağdaban, Malbəyli, Qaradağlı və başqa dəhşətli hadisələrlə bağlı özüm sənədlər toplayıb, erməniləri dünya məhkəməsinə vermək istəyirdim. O dəhşətli hadisələrlə bağlı məndə çoxlu sənədli məlumatlar var. Bədii yaradıcılığımda isə bu mövzuda çoxlu şeirlərim, hekayələrim, publisist yazılarım və müsahibələrim də çoxdur. Bunların içərisində “Vəsiyyət” adlı şeirim və Şeyx Şamilə həsr etdiyim “Min illərdən, min illərə kim yaşayıb, kim qalacaq?” poemamın sonunda da Qarabağla bağlı yazdığım misralar da həmin müharibənin acı notlarını ortaya qoyur. “Min illərdən, min illərə kim yaşayıb, kim qalacaq?” poemama 21 oktyabr 2020-ci il tarixində, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun erməni gavurlarını darmadağın etdiklərini görəndə bu sətirləri əlavə elədim.


Min illərdə,
əsrlərdə,
Azərbaycan tarixində
millətimin ürəyinə
zəhər saçan,
bir namərdin,
nanəcibin,
bişərəfin
gülləsitək
köksündə
min sağalmaz
yara açan
erməni tikanını
çıxarıb yox eyləyən
Azərbaycan xalqının
İLHAMI yaşayacaq!!!
Millətimin parçalanmış
yarasına,
on illərlə sağalmayan
erməni xorasına
məlhəm qoyan
əsgərlərim yaşayacaq!!!
igid ərlər yaşayacaq!!!

 

Çünki mən fikirləşirdim ki, Birinci Qarabağ müharibəsində uduzduğumuza görə həmin poemam tamamlanmayıb. Artıq Vətən Müharibəsindəki qələbəmiz bu misralarla tamamlandı. Amma, açığını deyim ki, dünyanın aparıcı ölkələrinin rəhbərlərinin və Minsk qrupunun məhz ermənilərə kömək etdiyini görüb, hərdən həvəsdən düşürdüm və fikirləşirdim ki, Qarabağın erməni gavurlarından təmizlənməsini yəqin mən görə bilməyəcəm. Ona görə də 1 Sentyabr 1999-cu ildə, “Vəsiyyət” adlı bir şeir də yazmışdım. Övladlarıma bu nisgillə vəsiyyət edirdim. Çünki artıq ömrümün 75 ilini arxada qoymuşdum. Bir az da səhhətimdə problemlər vardı...



Bir gözüm yaylaqda - şehli çəməndə,
o biri dağların bəyaz buzunda.
Bir gözüm Gəncənin qaymağındadı,
biri padarçölün bal qarpızında.
Bir gözüm Muğanın barlı çölündə,
biri qarlı Qaxın gözəl yazında.
Bir gözüm Alimin segahindadı,
biri Ədalətin telli sazında.
Bir gözüm Bəxtiyar “Muğam”ındadı,
biri Zeynəbimin xoş avazında.
Bir gözüm kəklikdə, turacda qaldı,

 

biri pərvaz edən Quba qazında.
Bir gözüm bal dadan meyvələrdədi,
o biri bulaqlar gözündə bitmiş
min dərdin dərmanı
dağ yarpızında.

 

Bir gözüm səmada - qara buludda,
biri ala gözlü “danulduzu”nda.
Bir gözüm limonda, əncirdə, narda,
Biri Lənkəranın gözəl qızında.
Bir gözüm gözəlin simasındadı,
Biri qürrəsində, ədasındadı.
Gözüm gözəllərin şux yerişində,
Şirin ləhcəsində, xoş gülüşündə,
məni dara çəkən işvə nazinda…

 

Gözüm Kəlbəcərin İsti Suyunda,
İsa Bulağında, Cıdır Düzündə,
Laçın dağlarının bulaqlarında,
cənnət Qarabağın oylaqlarında,
“Xarı bulbul”lərin soraqlarında,
gözəl çiçəklərdə, güllərdə qaldı,
bizim dogma, əziz ellərdə qaldı.

 

Bilirəm yetişir ömrümün sonu.
Vəsiyyətim budur:
Dəfn edin məni
elə torpaqdaki, elə yerdəki,
əsir Qarabağı azad eyləyən
igid əsgərlərin ayaqlarında
yayılsın Şuşaya nəşimin tozu!
Dözə bilməyirəm,
dözmürəm daha!!!
Siz Allah, bu payız
Dəfn edin məni.
Dəfn edin ömrümün bu payızında,
bu payızında…

 

Şükür, Böyük Tanrının kəramətinə ki, bizə sağlığımızda Qarabağ qələbəsini görmək, ermənilərin darmadağın olması səhnələrini maraqla seyr etmək, onlardan çoxlu hərbi texnikanın qənimət kimi götürülməsinin Qələbə paradında göstərilməsi qürurunu yaşamaq nəsib oldu. Bundan da böyük sevinc ola bilərmi?
-Bir ziyalı, yazıçı kimi bu zəfər qələbəsi haqqında nə deyə bilərsiniz?
-İlk öncə mən, ölkə başçımız İlham Əliyevə təşəkkürümü bildirirəm. İki yüz il idi ki, millətimiz böyük sərkərdə Nadir şahın zəfər yürüşlərindən sonra belə tarixi qələbə görməmişdi. Bu qələbəni görmək bizə də nəsib oldu. Mən müharibə gedən vaxtı hər gün televizorda Qarabağda gedən döyüşləri, igid əsgərlərimizin qələbələrini, Prezidentimizin azad olunan yerlərin adını deməsini səbirsizliklə gözləyir və mətbuatda yazılan yazıları böyük maraqla oxuyurdum. Sizə bir həqiqəti deyim ki, hər bir rayonumuzun və kəndlərimizin adlarının erməni faşistlərindən təmizlənməsini Ali Baş Komandanımız deyəndə, sevincdən kövrəlirdim. Çünki mən, Qarabağda çox olmuşam. Həmin yerlər mənə çox əziz və doğmadır. Birinci Qarabağ müharibəsindən sonra həmin dədə-baba yurdlarımızdan qaçqın, köçkün gələn həmvətənlərimizi görəndə möhkəm sarsılırdım. Həmin dövrdəki xaosu, hərcmərcliyi, Xalq Cəbhəsinə rəhbərlik edən səriştəsiz, iş bacarmayan, stul davası aparan adamları gördükcə çox əsəbləşirdim. Yaxşı ki, həmin vaxtı xalqın istəyi ilə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Yoxsa vətəndaş müharibəsi olacaqdı və ermənilər Gəncəyə qədər bütün torpaqlarımızı rusların əli ilə işğal edəcəkdilər. Cənubdan farslar və şimaldan isə ruslar Azərbaycanı öz aralarında böləcəkdilər. Daha Azərbaycan adlı ölkə olmayacaqdı. Acı olsa da bu, bir həqiqətdir. Ulu öndər Heydər Əliyevin dəmir yumruğu ilə vətəndaş qırğınının qarşısı alındı. Xaos, hərc-mərclik aradan götürüldü. Həmin Xalq Cəbhəsinin və başqa separatçı rəhbərlərin adamları Qarabağda döyüşən öz könüllülərini geri çəkdilər. Ermənilər də rusların köməkliyi ilə bundan istifadə eləyib, əlavə 5 rayonumuzu da işgal etdilər. Bunu görən və hadisələrin daha pis nəticə alacağını başa düşən müdrik siyasətçi Heydər Əliyev atəşkəs elan elədi. Çoxlu investorları Azərbaycana cəlb eləyib, Bakı-Tibilisi-Ceyhan neft kəməri planını reallaşdırdı. Ölkənin dağılmış iqtisadiyyatını az bir vaxtda dirçəltdi. Deməli, dahi şəxsiyyət atəşkəs etməklə əlverişli zaman qazandı. Ona görə də Ulu Öndər atalarımızın bu məsəlini tez-tez deyirdi: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”. Cənab İlham Əliyev də dahi rəhbərin kursunu uğurla davam etdirdi. Böyük ölkələrin rəhbərlərini inandırdı ki, ermənilər işğalçıdır və biz öz torpaqlarımızı geri qaytarmaq istəyirik. O, məntiqlə bütün bunları həmin ölkə rəhbərlərinə sübut etdiyinə görə, onlar cənab İlham Əliyevin bu məntiqi qarşısında aciz qaldılar. Mən bütün bunları uzun illər prokuror işləyən mütəxəsis kimi deyirəm. Azərbaycan ordusunun güclənməsi, çoxlu müasir hərbi texnikanın alınması, ölkəmizdə Hərbi zavodların tikilməsi, silah-sursat istehsal olunması üçün böyük işlər gördü cənab İlham Əliyev. O, qəti inandı ki, artıq ermənilərlə vuruşmağın zamanıdır. Çünki qardaş Türkiyə, Pakistan, Əfqanıstan və İsrail də tam bizim yanımızda idi. Beləliklə, 2020-ci ilin sentyabr ayının 27-də ermənilərin bizə hücum etməsindən sonra Ali Baş Komandan qətiyyətlə əks hücuma başlamaq əmrini verdi və Vətən Müharibəsi başladı. Elə ilk günlərdən ermənilərin öz ordusu ilə bağlı uzun illər danışdıqları, yaratdıqları mifi, bizim rəşadətli ordumuz ən müasir silahlarla və özlərinin igidlikləri ilə məhv elədi. Artıq Suqovuşan alınandan sonra ermənilərin arasında çox böyük çaxnaşma düşdü. Füzulidə ermənilərin çox böyük istehkamlarının rəşadətli ordumuz və Dronlar tərəfindən dağıdılması, darmadağın edilməsi, böyük canlı qüvvələrini itirməsi tam sübut etdi ki, qısa vaxtda biz, bu faşist xislətli gavurları torpaqlarımızdan çıxaracağıq. Şuşanın alınması isə artıq bizim tam qələbəmiz idi. Əgər imkan verilsəydi, bir günə igid əsgərlərimiz Xankəndinə girib, erməniləri diz çökdürəcəkdilər. Bunu bilən ermənilər artıq silahlarını atıb, maşınlara minib, başılovlu Kəlbəcərə tərəf gedib, oradan Ermənistana keçmək istəyirdilər. Atəşkəsin elan olunması və erməni gavurların ağ bayraq qaldıraraq, təslim aktına imza atması yenə də rusların əli ilə onlara Qarabağda yaşamaq ümidi, şansı verdi.
-Elə ruslara güvənən ermənilər, yenə də Qarabağda separatçı əməllərindən əl çəkmirlər. Siz, uzun illər hüquq sahəsində çalışan mütəxəsis və bir ziyalı kimi bu hadisələrin sonunu necə görürsünüz?
-Mən bu hadislərin sonunu yaxşı görürəm. Çünki biz heç bir güllə atmadan Ağdamı, Kəlbəcəri və Laçını ermənilərdən təmizlədiksə və işğalda olan başqa torpaqlarımızı onlardan zor gücü ilə də olsa geri alırıqsa, Prezidentimiz gedib Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyasının açılışını edirsə, deməli, tezliklə, Xankəndində də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Çünki bizim sevimli Prezidentimizin uzaqgörən siyasəti, qətiyyəti, səbri bütün bunları müsbət həll edəcək. Bunu ermənilərin özləri də çox yaxşı bilir. Türk sülməramlılarının Qarabağa gətirilməsini kim reallaşdırdı? Əlbəttə, cənab İlham Əliyev. Amma ermənilər bunu heç cürə istəmirdi. Deməli, hər şeyin zamana ehtiyacı var. Zaman özü müdrik bir müəllimdir. O da bizim xeyrimizə davam edir. Mən, bir ziyalı kimi istərdim ki, xalqımız müharibə dövründə olduğu kimi, yenə də cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşsin. Atalarımızın belə maraqlı bir məsəli var: “El bir olsa dağ oynadar yerindən”. Belə olsa, tezliklə erməni separatçıları Qarabağdan tam təmizlənəcək. Mən buna, tam inanıram.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]