Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğu başlayıb -

Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğu başlayıb

2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad etdi. Bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir.


Bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir.


Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.


Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir.


Sorğu bu gündən (fevral ayının 22-dən) etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.


Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır. Nəzərə almalıyıq ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. Biz öz gələcəyimizə özümüz məsuliyyət daşıyırıq!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]