Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılarla görüş keçirilib - FOTO

Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılarla görüş keçirilib - FOTO

Fevralın 24-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və bir qrup idmançı ilə xüsusi karantin rejimin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.


Görüş zamanı Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizin Vətən müharibəsi zamanı qazandığı tarixi zəfərdən, bu qələbənin nəticəsində uzun illər düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsindən və nəticədə ölkəmizin gücünün bütün dünyaya nümayiş etdirilməsindən danışıb.


Qeyd olunub ki, xalqımızın vətənpərvərliyi, Ali Baş Komandanımız Prezident İlham Əliyevin ətrafında sıx birliyi, müharibə və diplomatik müstəvidə qazanılan uğurlar Vətən müharibəsindən qələbə ilə çıxmağımızın əsasını təşkil edib.


Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, habelə qazilərimizin qayğıları daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarıyla şəhid ailələri və qazilərin problemlərinin həlli ilə bağlı “Yaşat” Fondunun təsis edilməsi, habelə icra hakimiyyətlərində onlarla işləmək üçün struktur bölmələrin yaradılması bu qayğının bariz nümunəsidir.


Görüşdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsinin vacibliyinə də toxunulub, idman və gənclər siyasətinin hər zaman ölkə başçısının diqqətində olmasından, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən məmnunluq ifadə olunub.


Qeyd edilib ki, idmana diqqətin artırılması gənc nəslin zərərli vərdişlərdən uzaq olmasını və onların layiqli vətəndaşlar kimi yetişdirilməsini təmin edən mühüm amildir. Söhbət zamanı cəbhədə qazanılmış qələbələrin beynəlxalq idman yarışlarında uğurla davam etdirilməsi və idmançılarımızın ölkəmizi daha yaxşı təmsil etmələri üçün əzmlə çalışmalarının vacibliyi diqqətə çatdırılıb.


Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, arxa cəbhədə fəal xidmət göstərən şəxslərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]