Azərbaycan-Bosniya və Herseqovina parlament dostluq qrupunun bu ölkənin parlament nümayəndələri ilə görüşü olub - - FOTO

Azərbaycan-Bosniya və Herseqovina parlament dostluq qrupunun bu ölkənin parlament nümayəndələri ilə görüşü olub - FOTO

Fevralın 24-də Milli Məclisin Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Bosniya və Herseqovinanın bir qrup parlament nümayəndəsi, ictimai-siyasi xadimləri ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn görüşü keçirilib.


Milli Məclisin Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev görüş iştirakçılarını salamlayaraq Xocalı soyqırımı barədə geniş məlumat verib. Deputat müstəqilliyinin ilk illərindən Azərbaycanı işğala məruz qoyan Ermənistanın 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayət kimi xarakterizə edib.


Məzahir Əfəndiyev bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.


Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi əhatəli siyasi-diplomatik fəaliyyət nəticəsində artıq dünyanın beynəlxalq təşkilatları, bir sıra ölkələrin parlamentləri bu faciənin soyqırımı olduğunu təsdiqləyən rəsmi sənədlər qəbul ediblər.


Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniya çərçivəsində mühüm nəticələr əldə olunub.


Qeyd olunub ki, Bosniya və Herseqovinanın Serebrenitsa və  Azərbaycanın Xocalı şəhərlərində törədilmiş soyqırım qurbanlarının xatirəsinə Sarayevo şəhərində abidə kompleksi ucaldılıb. Həmçinin Bosniya və Herseqovina parlamenti tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilmiş qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə töhfə olmaqla yanaşı, Azərbaycan xalqına, dövlətinə dərin hörmətin təzahürüdür.


Məzahir Əfəndiyev görüşdə iştirak edən və Bosniya və Herseqovina parlamentinin 2010-2014-cü illərdə üzvü olmuş siyasi xadim Mehmed Bradariçə 2013-cü ildə bu ölkənin parlamenti tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən qətnamənin qəbuluna verdiyi dəstəyə görə təşəkkür edib.


Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Bosniya və Herseqovina ilə parlament dostluq qrupunun üzvü Cavid Osmanov Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlər işərisində ən qəddar soyqırımı olduğunu bildirib. Deputat ermənilərin işğal etdikləri ərazilərdə nəinki insanlara, hətta kənd və şəhərlərə, tarixi-mədəni abidələrə qarşı da eyni vəhşiliklər törətdiyinə diqqət çəkib. Bildirib ki, artıq Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində işğalçıların layiqli cəzasını verib.


Görüşdə söhbət zamanı Mehmed Bradariç Bosniya və Herseqovina parlamentinin qəbul etdiyi məlum qətnamədən danışaraq bu kimi hadisələrin təkrar olunmaması üçün parlamentlərin öz səylərini birləşdirmələrinin vacibliyinə toxunub, parlament diplomatiyasının əhəmiyyətini qeyd edib.


Tədbirdə çıxış edən Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Nermin Mandra və digər ictimai-siyasi xadimlər Xocalı və Serebrenitsa faciələrini bəşəriyyətə qarşı qəsd kimi dəyərləndiriblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]