ADU-nun Tərcümə fakültəsində Xocalı soyqırımından Qarabağ zəfərinə adlı tədbir keçirilib

ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı onlayn anım tədbiri keçirilib.


Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Fakültənin dekanı, dosent Bənövşə Məmmədova bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər qazandı və Vətən yolunda canından keçən bütün şəhidlərimizin, eləcə də Xocalı şəhidlərinin intiqamı alındı, bu faciəni törədənlər cəzalandırıldı.


Universitetin rektoru, akademik Kamal Abdulla Xocalı soyqırımının tariximizdə əbədi yaşayacağını, unudulmayacağını deyib. O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Vətən müharibəsi zamanı Xocalı şəhidlərinin intiqamı alınıb, onların qanı yerdə qalmayıb: “Xocalı şəhidlərinin xatirəsi həmişə yaddaşlarda yaşayacaq. Bunun üçün ölkəmizdə bütün addımlar atılır. Azərbaycan xalqının başına gətirilən bu faciə bütün dünya xalqlarına bir SOS işarəsidir. Bu işarə erməni faşizminin bir daha ayaq tutub yeriyə bilməyəcəyinə çağırış olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Biz onların xatirəsini qəlbimizdə daima yaşadacağıq”.


Daha sonra tədbirə qonaq qismində qatılan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızına söz verilib. O, hələ XX əsrin əvvələrində Azərbaycan xalqına qarşı törədilən soyqırımların milli məfkurəmizə, milli mənliyimizə qarşı törədilən cinayətlər olduğunu bildirib:


“Bu, 44 günlük Vətən müharibəsində imza atdığımız qələbədən sonra ilk Xocalı anım mərasimidir. Bu gün şəhidlərimizin ruhu qarşısında hesabatı alnıaçıq veririk. 20 Yanvar günü Şəhidlər xiyabanına qürurla addımladıq. Xocalı faciəsi insanlıq üçün ləkədir. Biz Xocalı hadisəsinin qurbanlarının ruhuna deyə bilirik ki, onların qisası alındı. Başımıza gətirilən faciələri unutmamalıyıq ki, bir daha xalqımıza qarşı belə qırğınlar törədilməsin”.


Xocalı sakini, Tərcümə fakültəsinin müəllimi Yusif Savalan şahidi olduğu hadisələrdən danışıb, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.  O, bildirib ki, Almaniya və Amerikada Xocalı soyqırımı haqqında çıxışlar edib, bir vətəndaş kimi bu faciənin dünyaya çatdırılmasından ötrü əlindən gələni əsirgəməyib.


Roman dillərinin tərcüməsi və praktikası kafedrasının müdiri Aynur Quliyeva fakültənin Xocalı faciəsini daim diqqətdə saxladığını bildirib. O, deyib ki, Qarabağ həqiqətlərini ispandilli oxuculara çatdırmaq üçün mətbuatda gedən məlumatlar vaxtaşırı ispan dili ilə yanaşı, tələbələrin və müəllimlərin iştirakı ilə digər dillərə də tərcümə edilərək çap etdirilir.


Tələbələr İ.Səmədzadə və N.Qasımova qan yaddaşımız olan Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib, faciənin  dünyada tanıdılması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini deyiblər.  
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]