Rezident Aynur Paşayeva: Mən də bu komandanın bir üzvü olduğum üçün özümü şanslı sayıram

Rezident Aynur Paşayeva: Mən də bu komandanın bir üzvü olduğum üçün özümü şanslı sayıram

Uşaqlıqdan özünü həkim kimi görüb. Özü də cərrah...


Qız üçün bu peşə bir qədər ağır və çətin olsa da, Aynur uşaqlıq və yeniyetmə dövrünü by arzu ilə yaşayıb, bu arzu uğrunda mübarizə aparıb və buna nail olub. Amma bu arzunun gerçəkləşməsi o qədər də asan başa gəlməyib. Arxada zəhmət dolu günlər, illər qalıb...


Aynur Paşayeva. 1996-cı ildə Kürdəmir rayonunda anadan olub. 2012-ci ildə Heydər Əliyev adına liseyi bitirdikdən sonra qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olunub. 2018-ci ildə Universiteti bitirdikdən sonra 2019-cu ildə Ümumi cərrahiyyə ixtisası üzrə rezidenturaya daxil olub.


“O gün – rezidenturaya qəbul olunduğum gün sevincimin həddi-hüdudu yox idi. Nəhayət, illər boyu arzuladığım gün gəlmişdi və mən artıq özümü cərrah kimi təsəvvür etməyə başlayırdım. Necə də sevinməyəydim, axı rezidentura təhsilini Azərbaycanın ən müasir, ən nüfuzlu tibb ocaqlarından biri – Mərkəzi Gömrük Hospitalında davam etdirəcəkdim.


Kuratorum artıq respublikada tanınmış həkim, ümumi cərrah, transplantoloq Dr.Kamran Beydullayevdir. Eyni zamanda bu 2 il ərzində Orqan transplantasiyası şöbəsinin rəisi, tanınmış həkim Dr.Mircəlal Kazıminin komandasında həm nəzəri, həm də praktiki biliklərə yiyələnmişəm.  Şöbənin bütün əməkdaşları mənə yaxından kömək göstərib, qayğı ilə yanaşıblar. Mən də bu komandanın bir üzvü olduğum üçün özümü şanslı sayıram”, - deyir Aynur Paşayeva.


2-ci kurs rezident Aynur Paşayeva Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilini Orqan transplantasiyası şöbəsində başlasa da, 2020-ci ilin iyun ayından Hospital pandemiya xəstəxanası kimi fəaliyyətə başlayan gündən, o da COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə qatılıb. Hospitalın bütün kollektivi koronavirus xəstələrinin xidmətindədir.


Aynur da onlarla çiyin-çiyinə işləyərək, Təcili tibbi yardım və Stasionar şöbələrində fəaliyyət göstərib. Burada o, həkim infeksionist Dr.Afət Əkbərovanın yanında koronaviruslu xəstələrə təyin edilən müalicə üsullarını öyrənib. Rezident Aynur Paşayeva üzərinə düşən bütün vəzifələri həvəslə yerinə yetirir. Ona gələcək işlərində uğurlar diləyirik. Əminik ki, Aynur gələcəyin peşəkar cərrahı olacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]