Azər HƏSRƏT: Sanki Co Bayden oturub Az.TV-yə baxır…

Azər HƏSRƏT: Sanki Co Bayden oturub Az.TV-yə baxır…

Azər HƏSRƏT:  

Sanki Co Bayden oturub Az.TV-yə baxır…
5 Mart 2021 - 10:54 

 

Səs TV-də canlı yayımda
 

Boş oturmuruq. Oturmamalıyıq. Savaş bitib. Amma əslində bitməyib. Sadəcə savaşın döyüş meydanındakı hissəsi bitib. Qlobal platformalarda isə savaş davam edir. İnformasiya savaşı. Ona görə də bizim kimi insanların hər birisi bir əsgərdir. Elə bir əsgər ki, bir an belə boş dayanmağa haqqımız yoxdur. Hər yerdə olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. Əlimizə düşən bütün tribunalarda Azərbaycanın səsinə çevrilməliyik. Belə etməsək çox keçməz, yenidən uduzmağa başlarıq.

Biz də boş durmuruq. Zatən dura da bilmərik. Çünki xasiyyətimiz belədir. Kimdənsə tapşırıq, ödül gözləmədən necə ki, uzun illərdir işləmişik, yenə də işləməyə davam edirik. Edəcəyik də. Çünki bizim üçün Vətən, millət, dövlət yolunda çalışmaq kiməsə xoş gəlmək, yaxud da qarşılığında nəsə gözləmək demək deyil. Bizim üçün bu, bir vazkeçilməz həyat amalıdır.

Dediyimiz kimi, boş durmuruq, durmadıq. Savaş günlərində, ondan öncə də, sonra da sosial media, əlimiz çatan milli və xarici media üzərindən Azərbaycan davasına töhfələrimizi verdik. Şəxsən özümün yazı-pozularım, TV çıxışlarım, sosial media paylaşımlarım saya gəlməz qədər oldu, olmağa davam edir.

Savaş və onun ardından yazı-pozumun 80 faizini ingilis dilində gerçəkləşdirdim. Bir tərəfdə sosial mediada paylaşımlar edib davamıza töhfə verməkdəykən, digər tərəfdə də köşə yazılarımı yazdım, geniş paylaşdım. TV kanallarımıza (efir – Real TV, Xəzər TV, ATV (cəmi 1 dəfə); onlayn – Səs TV, Xural TV, El üçün TV, Yeni Müsavat TV) verdiyim müsahibələrdə ümumi davamızın daxili ictimai rəydə dəyərləndirilməsini gerçəkləşdirdik. Eyni zamanda Türkiyənin Ulusal Kanal və Yeni Kocaeli TV-lərində bir neçə dəfə onlayn bağlantılı çıxışlarımız oldu. Bundan başqa savaş günlərində ABŞ-ın hazırkı prezidenti Co Baydenə geniş bir açıq məktub da yazdıq. Fransa parlamentinin ayrı-ayrı üzvlərinə sosial media üzərindən müraciətlərimiz oldu. Yaxud da ABŞ Konqresinin üzvlərinə. Yəni əlimiz çatan, ünümüz yetən hər kəslə işləməyə çalışdıq, sözümüzü dedik. Nəticə də göz qabağındadır. Prezident İlham Əliyevin şəxsən önündə getdiyi informasiya savaşında bizim də azacıq qatqımız oldu sanırıq. (Bəzi deputatlar, siyasi liderlər gözə dəyməzkən bizim təkcə Tvitterdəki paylaşımlarımızın sayı bu gün üçün 24 mini keçib. Özü də ən azı 90 faizi ingilis dilində olmaqla.)

Arada bəzi xarici media qurumlarında Azərbaycanla bağlı yanlış yazılanlara da şərh yazıb düzəliş etməyə çalışdıq. Yəni işlədik. Hər günün 24 saatını işlədik ki, millətimizə azacıq da olsa faydamız toxunsun.

Media fəallığımızla yanaşı savaşın həmən ardından beynəlxalq platformalardakı iştirakımızı da bərpa etdik. Biz illərdir bu işlə məşğuluq, mümkün olan bütün tribunalarda Azərbaycanın haqq səsi olmağa çalışırıq. Düşünürük ki, bundan sonra da belə davam etməliyik. Ona görə də savaşın sahədəki qızğın mərhələsi arxada qalınca beynəlxalq qurumların tədbirlərində iştirakımızı bərpa etdik.

İndi biz savaş günlərində və ondan sonra iştirak etdiyimiz, yadımızda qalan beynəlxalq tədbirlərin siyahısını təqdim edirik:

4 mart 2021: “Çinin uyğurları təqib etməsi: Belçika və Avropa Birliyi nə edə bilər?” adlı vebinar. Təşkilatçı: Avropa Demokratiya Fondu. Dəstək: ABŞ-ın Belçikadakı səfirliyi və Avropa Birliyindəki təmsilçiliyi.

2 mart 2021: “Çinin həyat səviyyəsini sübut edən videolar: uyğur ailə bütünləşməsini təhdid edən və pozan vasitə” adlı vebinar. Təşkilatçı: Vaşinqton mərkəzli Uyğur İnsan Haqları Layihəsi (Uyğur Kişilik Hüquq Quruluşi).

1 mart 2021: İctimai TV və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının onlayn toplantısı

25 fevral 2021: “O gecə Xocalıda soyqırım vardı” adlı vebinar. Təşkilatçı: Batı Azərbaycan Topluluğu Ankara Təmsilçiliyi

24 fevral 2021: Özbəkistanın Azərbaycandakı səfirliyinin dəvətilə diplomatik nümayəndəliyin təşkil etdiyi onlayn müzakirə.

23 fevral 2021: “Vətəndaş cəmiyyətinin inkişafı və ictimai nəzarətin təmin olunması” mövzusunda onlayn ictimai müzakirə. Təşkilatçı: Azərbaycan Milli QHT Forumu.

22 fevral 2021: “Yeni qonşular: Mədəniyyətlərarası media hekayətlərinin yaradılması” adlı vebinar. Təşkilatçı: Avropa Yayım Birliyi (EBU) və Media Müxtəlifliyi İnstitutu (MDI).

12 fevral 2021: Zəki Vəlidi Toğana həsr edilmiş beynəlxalq konfrans. Təşkilatçı: Astana mərkəzli Beynəlxalq Türk Akademiyası.

8 fevral 2021: “Myanmarda baş vermiş dövlət çevrilişi şəraitində medianın durumu” adlı onlayn müzakirə. Təşkilatçı: üzvü olduğum Vyana mərkəzli Beynəlxalq Mətbuat İnstitutu – BMİ (International Press Institute – IPI).

2 fevral 2021: “COVID-19 pandemiyasının mətbuat azadlığına təsiri” adlı vebinar. Təşkilatçı: ABŞ-da yerləşən Dünya Mətbuat İnstitutu (World Press Institute – WPI).

28 yanvar 2021: “Çinin uyğurlara qarşı təqiblərinin işıqlandırılmasında medianın rolu” adlı vebinar. Təşkilatçı: Brüssel mərkəzli Avropa Demokratiya Fondu.

9-10 dekabr 2020: Dünya Mətbuat Azadlığı Gününə həsr edilmiş illik tədbir. Təşkilatçı: UNESCO və Niderland hökuməti.

28 sentyabr 2020: Beynəlxalq İnformasiyaya Giriş Gününə həsr edilmiş onlayn konfrans. Təşkilatçı: ATƏT-in Özbəkistandakı layihə koordinatorluğu və Özbəkistan Milli KİV-ə Dəstək və İnkişaf İctimai Fondu.

Bu tədbirlərin bəzilərində çıxışlarımız da oldu. Özəlliklə də fürsət olunca Ermənistanın dezinformasiya kampaniyasını dilə gətirdik. Bəzilərində isə sadəcə maarifləndik, fikirlərimizi yazılı şəkildə auditoriyaya təqdim etdik. Düşünürük ki, belə tədbirlərdə iştirak mütləq lazımdır.

Yeri gəlmişkən qeyd edək ki, əgər pandemiyadan öncə belə tədbirlərə qatılmaq üçün minlərlə km yol getmək, filan qədər pul xərcləmək lazım idisə, indi bunu Dədəli kəndində oturub bir qəpik xərcləmədən edirik. Əslində, pandemiya belə bir imkan da açıb bizim üçün. Ona görə də yararlanmaq, hər bir çətinliyi fürsətə çevirmək lazımdır. Biz belə düşünür, belə davranırıq.

Sonda: Bir çoxları Azərbaycana qarşı qərəzli olan beynəlxalq qurumlara, xarici ölkələrə Az.TV efirindən cavab verməkdəykən (sanki Co Bayden oturub Az.TV-yə baxır) biz onların özlərinə birbaşa müraciətlər etdik, etirazımızı bildirdik, bəd əməllərini mümkün qədər səngitməyə çalışdıq. Amma sonda yenə də Az.TV efirindən boy verənlər daha hörmətli olur deyəsən. Olsun. Əsas odur ki, biz dövlətimizə və millətimizə necə və harda xeyir verməyi düzgün müəyyən edə bilirik…

Dədəli, Xaçmaz

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]