HƏLƏ də SEVGİ ŞEİRLƏRİ YAZAN - Əşrəf Veysəlli-83

HƏLƏ də SEVGİ ŞEİRLƏRİ YAZAN - Əşrəf Veysəlli-83

 HARDASAN


Hər yanda, hər yerdə görürəm səni,
Məndən ayrılmırsan xəyallar kimi.
Bütün fəsillərdə görürəm səni-
Yazda günəş kimi, qışda qar kimi.


Gah toy yerindəsən, gah yas yerində,
Gözümün ağında, qarasındasan.
Üzdüyüm suların ləpələrində,
Açdığım kitabın arasındasan.


Çırağım sönürmü-nura dönürsən,
Durub yandırıram, sən də yanırsan.
Qələm götürürəm, şeir yazam mən,
Galıb misralarda sən dayanırsan.


Şirin sözlərintək ətir qoxuyan
Hər səsə, sədaya qatıblar səni.
Yediyim çörəyə,içdiyim suya,
Udduğum havaya qatıblar səni.


Dönüb sən olubdur,bu yer, bu aləm,
Dönüb sən olubdur bu cahan, gülüm!
Hər yerdə, hər zaman səni görürəm,
Ancaq bilmirəm ki, hardasan, gülüm!


Şeirlərinizin hamısı gözəldir. Amma bu şeiriniz mənə çox əzizdir. 1-ci kursda ilk dərs günlərində mühazirədən sonra müəllimimiz bu şeiri dedi. Xahiş etdik ki, bir də desin və dəftərimizə yazdıq. Bütün tələbələrin çox bəyəndiyi bu şeir dilimizin əzbəri oldu. Necə olmuşdusa, müəllifini qeyd etməmişdim. Və illər sonra təsadüfən kitabınızda qarşıma çıxdı. Müəllif əziz müəllimim, ustadım, xeyirxahım, AYB üzvlüyümə rəydə imzası olan Əşrəf Veysəlli! Bir sirr açım bu gün sizə: Bu şeirə o vaxt musiqi də bəstələmişdim)) Qismət olsa, dinlədərəm. O musiqini eşitmək üçün Tanrı ikimizə də uzun ömür versin, Əşrəf müəllim. Çünki uzun məsələdir onu üzə çıxarmaq))))) Bir şeyə isə lap çox sevinirəm. Siz bu gün 2021-ci ilin 6 Martında həqiqətən də, Veysəlli Əşrəfsiniz artıq! İgid oğullarımızın sayəsində yurdunuza qədəm qoya biləcəksiniz.

Təbrik! Təbrik! Təbrik!!!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK!


Foto: Sakir Rehman

 

***   ***   ***

 

SEVGİ ŞEİRLƏRİ YAZIRAM HƏLƏ


Bir cüt göz boylanar gözlər içindən,
Qırx ilin həsrəti sızlar içimdə.
Onun bənzərini qızlar içində
Görcək ünvanımı azıram hələ,
Sevgi şeirləri yazıram hələ,


Neylərdim o zərif duyğuya həsrət?-
Gah çörəyə həsrət,gah suya həsrət,
Qan sızan gözlərim yuxuya həsrət
Məni sevənlərə,mən sevənlərə
Sevgi şeirləri yazıram hələ.


Söz ki məhəbbətə,eşqə söykənər
Dönər ev tikənə,işıq çəkənə.
Sevgi tükənəndə ömür tükənər,

Odur ki qəlbimlə verib əl-ələ,
Sevgi şeirləri yazıram hələ.
Neçə ölümlərdən keçdim,ölmədim,
Ölmədi dərdimdən heç kim,ölmədi.
Özüm öləndə də eşqim ölmədi,
Onun hər cövrünə dözürəm hələ,
Sevgi şeirləri yazıram hələ.


Ardımca danışıb söyməsin heç kəs,
Düz olan işimi əyməsin heç kəs,
Bu yaşda xətrimə dəyməsin heç kəs,
Getsin öz işinin dalınca hərə,
Sevgi şeirləri yazıram hələ.


Eşqim düşürməsin atından məni,
Yansam ayırmasın odundan məni.
Əzrayıl çıxarsın yadından məni,
Lap belə fələyin özü də gələ,
Sevgi şeirləri yazıram hələ,
Sevgi şeirləri yazıram hələ...


2o15

 

***   ***   ***

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]