Novruz bayramı münasibətilə milli şirniyyat növlərindən və quru meyvələrdən hazırlanmış Xonça sərgisi -

Novruz bayramı münasibətilə milli şirniyyat növlərindən və quru meyvələrdən hazırlanmış “Xonça” sərgisi

Azərbaycan milli adət və ənənələrinə dərindən bələd olan, ömrünün iyirmi ilindən çoxunu Bakı Dövlət Universitetində müəllim kimi şərəfli bir peşəyə həsr etmiş rəssam İradə Əmiraslanovanın müəllifi olduğu “Xonça” satış-sərgisi ilaxır çərşənbə ilə bağlı paytaxtımızda təşkil edilmiş bayram tədbirlərinə xüsusi rəng qatmışdır.
AzərTAc xəbər verir ki, martın 13-də “Kempinski Hotel Badamdar” mehmanxanasında təşkil edilmiş bu sərgi vasitəsilə İradə Əmiraslanova şirniyyat və quru meyvələrdən hazırladığı xonçalarla mədəni irsimizin təbliği və tanınmasına öz töhfəsini verməyə çalışmışdır.
Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov və başqaları bildirmişlər ki, bu gün Azərbaycan Novruz bayramı ərəfəsində sonuncu - torpaq çərşənbəsini qeyd edir. Belə bir gündə bu sərginin açılması olduqca əlamətdar hadisədir.
Natiqlər vurğulamışlar ki, İradə Əmiraslanovanın hazırladığı bu xonçalarda bütün milli elementlər zərif şəkildə, müxtəlif heyrətamiz incə naxışlarla öz əksini tapmışdır. Elə bu səbəbdən də iştirakçıların zövqünü oxşayır. Xonçaların hazırlanması İradə xanımın öz texnikasına əsaslanır və Azərbaycanın dekorativ- tətbiqi incəsənət sahəsində yeni tendensiyasını təqdim edir. Belə sərgilər Azərbaycan milli mətbəxinin, xüsusilə də şirniyyat növlərinin xarici ölkələrdə təbliği baxımından əlverişli imkanlar yaradacaqdır.
Tədbirin iştirakçılarını ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən İradə Əmiraslanova bu sahədə işlərinə 2006-cı ildən başladığını vurğulamışdır. O bildirmişdir ki, xarici ölkədə yaşayarkən xalqımıza məxsus zəngin və təkrarsız şirniyyat növlərinin tanıdılması üçün nə isə etmək qərarına gəldim. Elə bu məqsədlə də işə başladım. Artıq bu istiqamətdə gördüyüm işlər göz qabağındadır. Ötən müddətdə bu incə peşənin qadınlar tərəfindən sevilməsi və öyrənilməsinə də çalışmışam. Nəticədə 16 nəfəri bu işə cəlb etməyə nail olmuşam.
İ.Əmiraslanova demişdir ki, sərgidə 41 sinidə, Özbəkistandan gətirilmiş yemiş qurusu üzərində milli ornamentlərə əsaslanan əl işlər təqdim edilir. Bu işlərin görülməsi üçün 300 kiloqramdan çox yemiş qurusu, 60 kiloqram ləpə, 10 kiloqram ərik qurusu, 40 kiloqram kişmiş və digər meyvə qurularından istifadə edilmişdir. Təqdim edilən xonçalarda Azərbaycanın milli rəmzi hesab olunan butanın müxtəlif formaları öz əksini tapmışdır.
İştirakçılar müəllifin böyük zəhmət və zövqlə hazırladığı “Tək buta”, “Ailə”, “Ləçək buta”, “İçərişəhər”, “Novruz” və digər işlərə böyük heyranlıqla tamaşa etmişlər.
Sərgidə Xalq Artisti Mələkxanım Əyyubovanın ifasında xalq mahnılar səslənmişdir. Müğənnini xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət etmişlər.
Sərgiyə martın 14-də yekun vurulacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !