Rəhim Hüseyinzadə: İVANOVODA AÇILAN BAYRAM SÜFRƏLƏRİ

Rəhim Hüseyinzadə: İVANOVODA AÇILAN BAYRAM SÜFRƏLƏRİ

 

  instaqram AZpress.AZ

  facebook 

 

 

 MARTIN 26-DA İVANOVODA AÇILAN BAYRAM SÜFRƏLƏRİ
DÖRD QİTƏDƏN OLAN ŞAGİRDLƏR AZƏRBAYCAN NEMƏTLƏRİNİN ADLARINI ƏZBƏRLƏMİŞDİLƏR



Rusiyanın mərkəzində İvanovo adlı çox tanınmış gözəl şəhər var. O Sovet dönəmində dünyanın toxuculuq mərkəzlərindən biri kimi tanınırdı. Amma daha çox 70-dən yuxarı ölkənin inqilabçılarının, mütərəqqi fikirli insanlarının minlərlə övladının burada təhsil almasına görə diqqəti çəkirdi. Keçmiş şagirdlərin hamısının xatirələrində İnternat doğma yurd kimi qalıb. Görkəmli inqilab, partiya və dövlət xadimi Yelena Stasovanın yüksək təşkilatçılığı, qayğıkeşliyi sayəsində dövr üçün misli görünməyən təlim-tərbiyə ocağı yaradılmışdı. Müxtəlif ölkələrin mübariz insanları övladlarının orada oxumasından qürur duyur, arxayıncasına, nigaranlıq çəkmədən işlərini davam etdirirdilər.

1940-cı ilədək xaricdən gələnlər arasında sayca ispanlar üstünlük təşkil edirdilər. Onlar beynəlxalq təcavüz nəticəsində məğlub olan vətənpərvər qüvvələrin ölümdən, təqiblərdən yayındırılan oğlan və qızları idilər. İkinci dünya müharibəsi başa çatdıqdan sonra Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında 21 Azər hərəkatının qələbəsinə imza atanların- firqəçilərin, fədailərin, fəalların mühacirət etmə məcburiyyətində qalan ailələri də həmin məktəbə evladlarını tərəddüd etmədən göndərdilər. Onlar sayca sovet dönəmində digər qitələrdən və ölkələrdən gələnlərə nisbətdə üstünlük təşkil edirdilər. Üçüncülülük isə“qara polkovniklər”in çevrilişindən, edam və təqiblərindən yaxa qurtarmaq üçün SSRİ-yə pənah gətirən yunanların uşaqlarına məxsus idi. Beynəlxalq İnternat Evi(İnterdom) müdavimlərin hər biri üçün isti yurd-yuva oldu.
Təhsil ocağında bəşəri insanların yetişdirilməsi heç də hamı tərəfindən alqışlanmırdı. İmperialist dairələr yaxşı bilirdilər ki, səmimiyyət olan yerdə onların yeri yoxdur. 1991-ci ildən baş verən proseslər buradan da yan keçmədi. Bəşəri dəyərlərə meydan oxuyanlarınRusiyada da hakimiyyət başına gəlməsi ilə təlim-tərbiyə müəssisəsinin təyinatı dəyişdi. Ona qarşı əvvəlki maraqlardan getdikcə əsər-əlamət qalmadı. Şahmat üzrə eks-dünya çempionu Anatoli Karpov Dumada həyəcan təbili çaldı: “İvanovo İnternat Evinə əvvəlki statusu qaytarılmalıdır”(İnterdom.info saytı, 05.07.2011).
Deyə bilmərəm hörmətli qrossmeyster internat evini nə dərəcədə tanıyır. Məlum həqiqətdir ki, keçmiş ittifaqı dağıtmağın Amerika və Qərb ssenarilərində xalqlar arasında düşmənçiliyin genişləndirilməsi, münaqişə ocaqlarının yayılması əsas istiqamətlərdən olduğundan belə müəssisələr də hədəfdə dayanırdı. M.Qorbaçov və B.Yeltsin dönəmlərində bunun üçün nə lazım gəldi etdilər.Hədəflər sırasında İvanovodakı məktəbin təməlinin sarsıldılması da dayanırdı.
Söhbətdən yayınmayaq. Məktəbin ilkin təyinatından demək olar əsər-əlamət qalmayıb, amma bir neçə nəsil var ki, onların simasında dostluq, mehribanlıq indiyədək yaşamaqdadır. Bir parta arxasında əyləşən gənclər haradan gəldiklərinin fərqinə varmadan ailə qurublar, məktəb yoldaşları ilə əlaqələri itirməyiblər. Azərbaycandan da misallar gətirə bilərik. Məktəb məzunlarını 10 ildən yuxarıdır bir araya gətirən beynəlxalq təşkilat fəaliyyət göstərir. Keçmiş sinif yoldaşları 2010-cu ildən bəri 54 beynəlxalq konfrans düzənləyiblər-Bolqarıstanda, Yunanıstanda, Çində, Almaniyada, Ekvadorda, Keniyada, Portuqaliyada... İnternatın özü konfransların üçünə ev sahibliyi edib. Biri isə Bakıda(2014) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə yüksək səviyyədə keçirilib.
Konfrans üçün paytaxtın Xəzər dənizi sahilindəki beşulduzlu otel ayrılmışdı. Həmin gün gördüklərim, eşitdiklərim sanki məni sehirli aləmə qovuşdurmuşdu. Bunu mütləq deməliyəm ki, konfransda iştiraka və unudulmaz təssürata görə Bəhram Daneşianiyə özümü borclu sayıram. O, Azərbaycan Demokrat Firqəsinə uzun ilər rəhbərlik etmiş, general Qulam Yəhya Danişianinin həmin məktəbdə təhsil almış övladlarının böyüyüdür.
İştirakçıları salamlayanlardan biri 90 yaşlı braziliyalı qadının kövrək təbrikləri hamıya təsirsiz qalmadı. Ən maraqlı lövhələrdən biri isə Bəhramın tanış etdiyi keniyalı qadının sorğusu oldu: “Hər il martın 26-da Bakıdan məktəbimizə bolluca şəkərbura, paxlava göndərərdilər. Elə dadlı idi ki, istəyirdik hər gün martın 26-sı olsun”. Cavab verdim ki, həmin nemətləri fərdlər yox, mənim də mənsub olduğum Azərbaycan Demokrat Firqəsi yollayıb. Bu təşkilatın uzun illər rəhbərlərindən biri Bəhramın atası olub.
Bəli, ADF hər il İvanovolu uşaqlara şəkərbura, paxlavanı nəinki dadızdırmış, həmdə adını belə əzbərlətmişdi. Martın 26-nın üzərində ona görə xüsusi dayandım ki, əsaslı səbəbi var. Həmin günü təşkilatımızın, Çinin, İspaniyanın və Yunanıstanın təmsilçiləri bir araya gələrək təsis etmişdilər. Məqsəd bütün internat evi şagirdlərinin ildə bir dəfə ümumi qeyd edə biləcəkləri günü müəyyənləşdirmək olmuşdu. Sovet dönəmində bütün bayram yığıncaqlarının, məcislərinin sponsorluğu ADF-nin üzərinə düşürdü.
Səhər İvanovoda təhsil almış məsləkdaşlarımızdan birinin qardaşı A.Nadir elektron poçtuma şəkil atmışdı. Fotoda xəbərdarlıq edilirdi ki, martın 26-dır. Bilirdim ki, həmin məktəbdə keçirilən tədbirləri yada salır. Sovet dönəmində martın 20-dən sonra Bakının qənnadı fabrikləri demək olar ADF-nin sifarişini yerinə yetirmək üçün işləyirdilər. İndi həmin günlərin adı da, dadı da yaddaşlardadır.
Sonda qeyd edim ki, bizim təşəbbüsümüzlə paytaxtımızda da İvanovo internat evi məzunlarının təşkilatı yaradılıb. İxtisasca memar olan QaçayƏzimi tədbirlərin sonraya saldıqlarını dedi. Onlar dəfələrlə həmin günü bayram ediblər, yenə də bunun yolunu müəyyənləşdirəcəklər.


Rəhim Hüseyinzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist

 

  instaqram AZpress.AZ

  facebook 

 

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]