Ermənilərin Azərbaycanda törətdikləri soyqırımıları

Ermənilərin Azərbaycanda törətdikləri soyqırımıları

 Ermənilərin Azərbaycanda törətdikləri soyqırımıları - Tarixi faktlar

 

31 Mart soyqırımı törədilənə qədər ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımıları törətmişdilər. Belə ki, XIX əsrin sonlarından etibarən Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər ilk olaraq, bir çox cinayətlər həyata keçirən terror təşkilatları yaratdılar. Dövlətlərini yaratmaq və sonralar ərazilərini genişləndirmək üçün terror metodundan istifadə etdilər. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı soyqırımıları törətdilər. 1914-1918-ci illərdə I Dünya müharibəsi zamanı, Rusiyanın Şərq cəbhəsində uğur qazanmaq cəhdi Türkiyədə erməni fıt­nə­kar­lı­ğı­nın kütləviləşməsi ilə müşayiət olundu. Müharibə illə­rində Rusiya İstanbula, onun ətrafındakı boğazlara, Şərqi Ana­do­lu­ya yiyələnmək, Türkiyəni zəiflətmək və Cənubi Qafqazda möh­kəm­lən­mək üçün erməni silahlı dəstələrinin fəaliyyətindən istifadə et­miş, Türkiyə daxilində yaşayan ermənilərin hökumətə qarşı qi­yam­lar etməsini təşkil etmişdir. Rusiya ordusunda 300 000 erməni vu­ruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə ermənilərin kö­­nüllü dəstələrinin — dru­jinalarının yaradılması barədə razılaşmışdılar. Rusiya ha­kim dairələri ermənilərdən istifadə etmək üçün “erməni məsələsi”ni or­taya atırdılar. Er­mənilərə “Böyük Ermənistan” yaratmaqda kömək edəcəyini vəd edə­rək, Osmanlı hakimiyyətinə qarşı mübarizə aparmaq üçün erməni dru­jinalarının yaradılmasını təşkil edir, onları yeni silahlarla silah­lan­dırır, ölkə içərisində silahlı üsyanlar təşkil edirdi. Nə­ticədə erməni hərbi dəstələri I Dünya müharibəsi illərində Şərqi Ana­doluda və Qafqazda dinc müsəlman əhaliyə qarşı görünməmiş cinayətlər törətdilər.


Erməni könüllü dəstələrinin formalaşmasında Daşnaksütun və Hnçak terror təşkilatları fəal rol oynadılar. Türkləri qətlə yetirmək məq­sə­di­lə daşnaklar 40 000 ermənini döyüşə cəlb etmişdilər, onlarla xum­ba yaratmışdılar. Həmin hərbi dəstələrə öz qəddarlıqları ilə tanınan terrorçular - Andranik Ozanyan, Dro, Hama­zasp, Keri, Xeço, Vardan başçılıq edirdilər. Dörd isti­qa­mət­də hərəkət etməsi nəzərdə tutulan erməni könüllü dəstələri er­mə­ni əhalisinin daha sıx olduğu yerlərdə fəaliyyət göstərməli idi­lər. Onlar Sarı­qa­mış­dan Ərzuruma qədər türklərə qarşı vuruşdular. Eyni zamanda rus or­d­usu və ermənilər Türkiyədə məskunlaşan ermənilərin Türkiyə dövlətinə qarşı üsyanını təş­k­il etdilər. Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 000 erməni türk­­lərə qarşı vuruşurdu. Er­mənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yar­dımı göstərirdi. Müharibədə iştirak edən ermənilər daxildə üsyan edən ermənilərlə birləşməli və Türkiyə dövlətini devirməli idilər.


Növbəti erməni planlarının iflasından sonra daşnak liderləri or­dularını Şərqi Anadoludan çıxararaq Azərbaycan torpaqlarının qər­binə yönəltdilər. Türk dövlətinə qarşı xəyanət edən ermənilər məğ­lu­biyyətə uğradıqdan sonra onların Qafqaza növbəti kütləvi köçü baş­ladı. Bu dövrdə köçənlərin sayı təxminən 300-500 min oldu.


1905-1906-cı illər qətliamlarında azərbaycanlıların sayı azalsa da, 1918-1920-ci illərdə, azərbaycanlıların soyqırımından əvvəl böl­gə­də etnik üstünlük azərbaycanlılara məxsus ol­muş­dur. Bakı quberniyasında da azərbaycanlı əhalinin üstünlük təşkil etməsinə bax­­mayaraq, 1917-ci ilin noyabrından sonra rəhbərlik ermənilərin əlinə keçdi. 1917-ci il martın 7-də 52 üzvdən ibarət Bakı Soveti yaradıldı. Orada bir nəfər də olsun azərbaycanlı təmsil olunmurdu. Cə­nubi Qafqazın bolşevikləşdirilməsi üçün V.İ.Lenin S.Şaum­yanı Qaf­qazın müvəqqəti fövqəladə komissarı təyin etdi. Rusiyada 1917-ci il Oktyabr çev­rilişi və Qafqaz cəbhəsindəki rus əsgərlərinin si­lahları ataraq öz öl­kələrinə getmələri erməni daşnaklarının fəa­liy­yə­tinə təkan ver­di. Qafqaz cəb­hə­sin­dən geri qayıdan əs­gərlər vətənlərinə qayıtmaq əvəzinə Azərbaycanın İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərinə gəlirdilər. Di­gər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azər­bay­ca­nın qərb torpaqlarında məskunlaşırdılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif si­lahlanmış olduğunu yaxşı bilən Şaumyan milli qırğına hazırlaşırdı. Ermənilər və azərbaycanlılar arasında düşmənçilik bolşeviklərin xeyirinə idi. 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Ta­ğı­ye­vin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən mü­səl­man diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təş­vişə saldı. Dəfndə iştirak edən müsəlman dəstəsi “Evelina” gə­mi­si ilə Lənkərana geri qayıtmalı idi. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıb­lar. Bunu bəhanə gətirərək Şaumyanın göstərişi ilə silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasnı tə­ləb etdilər. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pu­lem­yotlardan atəşlə cavab verildi. Martın 30-da axş­am­dan etibarən dinc əhaliyə qarşı soyqırımı başladı. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Sal­yanda, Göyçayda və b. yеrlərdə azərbaycanlılara qarşı soyqırımını qəddarlıqla həyata keçirdilər, uşaq, qa­dın, qoca fərq qoyulmadan, qulaqlarını, burunlarını kəsmiş, qa­rın­la­rını yırtmışdılar. Hücum ərəfəsində bütün ermənilər məq­sədyönlü olaraq şəhərin müsəlmanlar yaşayan hissəsindən er­məni yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xris­tian əhalisindən ruslar və gürcülər qalmışdılar. Bakı qırğınında Y.Kоrqanоv və Pеtrоvla bir­likdə A.Mikоyanın, Hamazaspın, Avе­tisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Azər­baycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komis­siyasının sənədlərinə əsasən, 1918-ci ilin martında Bakıda təx­mi­nən on bir min azərbaycanlı qətlə yetirilmışdi. Şahidlərin ifa­də­lə­ri­nə görə, ermənilər cinayətlərini ört-basdır etmək üçün meyitləri ya­nan evlərə, dənizə və quyulara atırdılar. İçərişəhərdə yaralıların yerləşdirildiyi xəstəxana Mikoyanın baş­çılığı altında yan­dırıldı, təxminən 2000 xəstə yanaraq həlak oldu, qaçmaq istə­yən­ləri güllələdilər. Mart ayının əvvəlində təxminən üç min erməni si­lahlısı Bakıdan Şamaxıya gəldi. Şamaxıda azərbaycanlıların qət­lia­mı bir neçə gün davam etdi. İstintaq materiallarına əsasən, Şa­ma­xı­nın əlli üç kəndində ermənilər 8027 nəfər, o cümlədən 4190 kişi, 2560 qadın və 1277 uşaq öldürmüşdülər. Kəndlərə dəyən ümumi zə­rər 339,5 milyon manat dəyərində idi. 1918-ci ilin ilk beş ayında Qu­bada Hamazaspın dəstəsi tərəfindən ümumilikdə 16 000 nəfər öl­dürülmüşdü. Lənkəranda iki min nəfər qətlə ye­ti­ril­miş­di. Zəngəzurun 115 kəndində 10 068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. 1918-ci ilin avqustunda İqdırda və Eç­miəd­zin qəzasında Dronun (Drastamat Kanayan) əmri ilə 60-dan artıq müsəlman kəndi məhv edilmiş və yandırılmışdı. İrəvanda 88 kənd məhv edilmişdi, 1920 ev yandırılmışdı, bir neçə ay ərzində 132 000 azərbaycanlı öldürülmüşdü. Urmiya, Xoy, Təbriz, Səl­mas və Cənubi Azərbaycanın digər əyalətlərində erməni və aysor dəs­tə­lə­ri tərəfindən qətliamlar törədildi, bir gecədə 1500 azərbaycanlı öl­dü­rüldü.


Erməni terror dəstələri 1918-ci ildə Qarabağda 157, Zən­gə­zur­da 115 kənd və qəsəbəni yox etdilər. Zəngəzurda 10 068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın, 2198 uşaq öldürüldü. Lakin qətl edilənlərin sayı göstərilən bu rəqəmlərdən çox olmuşdur. Belə ki, müsəlmanlar terror yolu ilə qaç­ma­ğa məcbur edilərkən öldürülənlərin çoxunun kimliyi, sayları mə­lum olmamışdı. Ümumilikdə 1918-1920-ci illərdə indiki Er­mə­nis­tan ərazisində yaşayan 575 min azərbaycanlıdan 351 mini öl­dü­rül­dü, qalanları doğma yurdlarından terror yolu ilə didərgin salındılar. 1917-1918-ci illərdə erməni daş­nakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədərkən, ən çoх ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan olmuşdu. Bir sutka ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çat­mış­dı. 1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Səlmas və azər­bay­can­lıların yaşadığı digər yerlərdə dəhşətli soyqırımlar törə­dil­miş­di. 1918-ci ildə erməni terroru nəinki Azərbaycanda, Cənubi Qafqazda, həmçinin Fərqanə vadisində, bütün Mərkəzi Asiyada da tüğyan etmişdir.


Uzun illər 1918-ci il mart hadisələri obyektiv araşdırılmamış, baş vermiş soyqırımına hüquqi qiymət verilməmişdir. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu tarixdən etibarən aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxarıldı, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğu sübut edildi.


2018-ci il yanvarın 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Fərmanda Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının soyqırımı hadisələrinə siyasi qiymət vermək borcu” vurğulandı.


Ramilə Dadaşova,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini,
siyasi elmlər doktoru, politoloq

  instaqram AZpress.AZ

 

  facebook 

 
 
 
 
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]