İsra Adil: İkinci vətənim Azərbaycan üçün hər işi təmannasız edirəm

İsra Adil: İkinci vətənim Azərbaycan üçün hər işi təmannasız edirəm

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) bu gün ”Dünya Azərbaycanlılarının Həmərəyliyi Günü” münasibətilə bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib. Fərqli ölkələrdə Azərbaycanın mənafelərini qoruyan çox sayda şəxslər arasında Misirdən olan gənc Azərbaycanşünas xanım, xalqımızın yaxın dostu xanım İsra Adilin də adı var.
 

“Şərəf” ordeninə layiq görüldüyü üçün xanım İsra Adili təbrik edib, göstərilən bu mənəvi dəyərlə bağlı fikirlərini aldıq. İsra Adil Hafta.az-a açıqlamasında deyir ki, belə bir təltiflə bağlı əvvəlcədən heç bir məlumatı olmayıb. “Xəyal belə etmirdim ki, gün gələr, belə bir ordenlə təltif olunaram. Çünki etdiyim hər işi ikinci vətənim və millətim üçün edirəm, özü də heç bir təmənna güdmədən. Bu xəbəri biləndə çox sevindim. Hiss etdim ki, artıq ikinci ölkəm mənə öz vətəndaşı, yəni azərbaycanlı kimi baxır”, - deyir müsahibimiz..
 

Razılaşaq ki, insana əməyindən dolayısı göstərilən istənilən diqqət və qayğı onu öz işində daha fəal olmağa həvəsləndirər. Bu mənada, İsra Adilin də Misir - Azərbaycan əlaqələrinin inkişafına verdiyi misilsiz töhfələrin ardı gələcək, yeni layihələri olacaq və sair. Müsahibimiz bildirir ki, UQTMŞ sədrinin ona olan etimadını doğrultmaq əzmindədir. “Əslində, keçən aydan Azərbaycan dilini pulsuz tədris edirəm. Allaha şükür ki, tələbələrimə Azərbaycan dövlətini, Azərbaycan xalqını sevdirə bildim! Artıq Azərbaycan haqqında məlumatları düzgün şəkildə tərcümə edə bilən tələbələrim də var. İnşaallah, yaxında uşaqlara da Azərbaycan dilini tədris edərəm. Bir də çalışıram ki, “Nilesat”da Azərbaycan üçün bir kanal açım. Həmin kanalda yayımlanacaq proqramlar üçün əla fikirlərim var. Həm də tərcümə qısmı açılacaq EPS mərkəzimizdə. Orda da yalnız xəbərləri deyil, həm də Azərbaycanın tarixi kinolarını, məşhur seriallarını və mahnılarını tərcümə edib, paylaşarıq. Bir də Qahirə beynəlxalq kitab yarmarkasında Azərbaycanın yeri olmağa çalışıram. Çoxsaylı başqa layihələrim var, amma onlardan bəziləri var ki, tək edə bilməyəcəm”, - deyir İsra Adil.
 

İsra xanım deyir ki, “Şərəf” ordeninə layiq görülməsi haqda xəbəri eşidən yaxınları çox seviniblər. “Çox hörmətli müəllimlərimdən biri mənə dedi ki, artıq sənə əziz tələbəm deyə bilmirəm. Artıq kimsə Azərbaycan və ya Azərbacan dili haqqında soruşduqda ona deyəcəyəm ki, azərbaycanlı İsra müəllimədən soruşun. Bu sözlər də məni çox duyğulandırdı və çox sevindirdi”, - müsahibimiz bildirir.

hafta.az

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]